Gözlərin aydın, Şuşa! - Rafiq Yusifoğlu

Zamanın nəbzini tutmağı bacaran şair - Rafiq Yusifoğlu yazır.. » Manera.Az

Bükülmüşdü qəddimiz

Ayrlığın əlindən,

Bir şad xəbər eşitdik

Komandanın dilindən,

Çaylar coşdu, kükrədi

Gözümüzün selindən,

Qarabağ göylərində

Qəlbimiz döndü quşa,

Gözlərin aydın, Şuşa!

 

Şad xəbəri eşidib,

Köks ötürdüm dərindən,

Qəlbim riqqətə gəldi

Ordumun zəfərindən,

Komandan əmr eləsə,

Dağ oynadar yerindən,

Azərbaycan əsgəri

Baxmaz qara, yağışa,

Gözlərin aydın, Şuşa!

 

Naxələf qonşuların

Qorxu düşüb canına,

Bədxah havadarları

Çəkilibdir qınına,

Dost kimdir,

düşmən kimdir

Dar ayaqda tanınar, -

Görüşünə gələcəm

Türk qardaşımla qoşa,

Gözlərin aydın, Şuşa!

 

Neçə il ayrılığın

Əlindən dad elədik!

Kövrəlib Üzeyiri,

Bülbülü yad elədik!

Xan qızı Natəvanın

Ruhunu şad elədik!

Düşmənin arzusunu

Ordumuz çaxdı daşa!

Gözlərin aydın, Şuşa!

 

Mənim doğma yurdumun

Alınmaz qalasısan,

Azərbaycan oğlunu

Sən hünər qalası san!

Daha ömrümüz boyu

Bizimlə qalasısan,

Dağların qucağında

Yaşa, vüqarla yaşa,

Gözlərin aydın, Şuşa!

 

 

Zəfər müjdəsi

 

Çat-çat ürəyimdə dərd qəlpə-qəlpə,

Gəldi doğma yurda səfər müjdəsi.

Həsrətdən göynəyən viranə qəlbə,

Gözəl məlhəm imiş zəfər müjdəsi...

 

Axır ki, açıldı paslı kilidlər,

Bayraqlar yurdumu bəzəyir necə!

Xaraba şəhərlər, xaraba kəndlər

Viranə könlümə bənzəyir necə?!

 

Ağır sınaqların, möhnətin izi

Elə bilməyin ki, bizi sarsıtdı...

Qəlbimizdə olan vətən sevgisi

Bitib tükənməyən silah-sursatdı...

 

Yaşadıq ayrılıq məşəqqətiylə,

Bir köz kömür olub, bir közüm gülür.

Doğmalar öldülər yurd həsrətiylə,

Bir gözüm ağlayır, bir gözüm gülür...

 

Uşaqlar böyüyüb, qocalmışıq biz,

Anıb kövrəlirık o çağımızı...

Şükür, boş qalmayıb bizim yerimiz,

Yandıran olacaq ocağımızı...

 

Ötdü uzun illər, namərd sənələr,

Gəldi başımıza sonsuz bəlalar.

Köçdü bu dünyadan baba-nənələr,

Yurda sahib çıxın, əziz balalar...

 

Çox yola salmışıq tufanları biz,

Quruyan ümidlər tumurcuqlayır.

Görəndə qeyrətli cavanları biz,

Dolan gözümüzdə yaş muncuqlayır...

 

Ürək çan atırsa çata yurduna,

Yenə bu torpağa bahar gələcək!

Övlad sahib çıxsa ata yurduna,

Qərib məzarlarda ruhlar güləcək.

 

Yadlara qıymayın, özünüz dərin,

Cavanlar, köksümdə bitən həsrəti.

...O yurdu bir dəfə görməyənlərin,

Gözündən boylanır vətən həsrəti...

 

- Qəlbimiz titrəyən nanə yarpağı,

Həsrət quyusuna daş atmışıq biz.

Bir yol görməsək də doğma torpağı,

Onu qəlbimizdə yaşatmışıq biz...

 

Geriyə dönərmi yaydan çıxan ox?

Dönürük vətənə, qərar qətidi...

O torpaq tək bizə babaların yox,

Həm də şəhidlərin əmanətidi...

 

...Çat-çat ürəyimdə dərd qəlpə-qəlpə,

Gəldi doğma yurda səfər müjdəsi.

Həsrətdən göynəyən viranə qəlbə,

Gözəl məlhəm imiş zəfər müjdəsi...

 

 

Zəfər yallısı

 

Yurdumuzun başından qara duman dağılıb,

Cıdır düzü ucalıb, bir möhtəşəm dağ olub...

Silkələnir Qarabağ qara zurna səsindən,

Ocaqlar igidlərin od alır nəfəsindən.

Bayrağımız yellənir zirvələrin başında,

Sıldırımlar yuyunur gözlərimin yaşında...

Qurumuş bulaqların gözlərinə su gəlir,

Dağların daş qəlbinə zəfər arzusu gəlir...

Sevinc sədası qopur torpağımdan, daşımdan.

Sısqa çaylar güc alır fərəh, sevinc yaşından...

Sevinir  Xarı bülbül - mənim könül sirdaşım!

Qar-qar coşub çağlayır, Araz coşur, Kür daşır!

Zirvələr silkələnir bu zəfər ahəngindən,

Güllər təzə rəng alır bayrağımın rəngindən...

Ayağımız altında yağılar xıncım-xıncım,

Əsgər çəkmələrindən, sanki qopur qığılcım...

Bu dağlar görməmişdi hələ belə təmtaraq,

Çıdır düzündə "Yallı" gedən igidlərə bax...

Biz birlikdə güclüyük, igidlər halay qurur,

Qara göl cilvələnr, Göyçə gölü hayqırır...

Sevincdən ürəyimiz bir alıcı quş olur,

Kəpəz, Murov, Savalan "Yallı"ımızı qoşulur...

Ağrı dağı çevrilir düşmənin göz dağına,

Biz onu bəlmişik qoşa türk bayrağına...

Bu zəfər Zəngəzurdan Naxçıvana yol açır,

Təzə-təzə arzular önümüzdə qol açır...

"Heyratı" heyran qoyur,

                        cəngə çağırır "Cəngi"

Üçrəngli bayrağımız olub zəfər çələngi...

Eşq olsun Komandana, göz dəyməsin orduma,

Hünər, zəfər yallısı çox yaraşır yurduma...

 

 

Gəlirik, yurdum, gəlirik

 

Bir gözüm qan ağlayanda

Bir gözüm güldü, Qubadlım!

Neçə-neçə oğlun, qızın

Qürbətdə öldü, Qubadlım.

 

Sənsizlik məşəqqətini

Səndən ayrılanda duyduq.

Gəlirik, yurdum, gəlirik,

Gözünü çox yolda qoyduq...

 

Ağrıların, əzabların

Əlindən qurtarmaq olmur...

Yanına qayıtsaq belə,

Keçmişi qaytarmaq olmur...

 

Bağışla, yurdum, bağışla

Olanları, keçənləri.

Yer üstündə gün görməyib,

Yer altına köçənləri.

 

Qəbristan təzə yurd yeri, -

Düşündükcə içim yanır...

Yer altından sənə sarı

Nə qədər həsrət boylanır...

 

Öz yurduna o dünyadan

Elləri kim qaytaracaq?

Torpaq olan ayaqları,

Əlləri kim qaytaracaq?

 

Barışarmı bizdən küsən?

Xarı bülbül, nərgiz, süsən?

Taleyimə sənsiz əsən

Yelləri kim qaytaracaq?

 

Dərd əlində qalıb yaxam,

Heç bilmirəm varam, yoxam?

Otuz il gözümdən axan

Selləri kim qaytaracaq?

 

Sığınıb bir hicra küncə,

İnləmişik, gündüz, gecə,

Ömrümüzə

sənsiz keçən

İlləri kim qaytaracaq?

Yeriniz görünür

bu zəfər günündə

 

 Şəhidlərimizə

 

Siz əzib düşməni rahatlıq tapdınız,

Yeriniz görünür bu zəfər günündə.

Siz ölüb vətənin canına hopdunuz,

Biz hər gün ölürük ruhunuz önündə!

 

Neçə il gəzmişik gözümüz kölgəli,

Çox şükür çin oldu arzumuz, kamımız...

Şəhidlə vidaya el gəlir,  sel gəlir,

Borcluyuq biz sizə hamımız, hamımız...

 

Bayrağa döndərdik biz qanlı köynəyi,

Hamınız pak-təmiz, hamınız təzə-tər,

Əllərim titrəyir, ürəyim göynəyir,

Sanmayın qəlbimdən bu ağrı tez ötər...

 

Qeyrətli oğullar hər zaman anılar,

Torpağı vətənə döndərər şəhidlər...

Qəbriniz önündə diz çökür analar,

Siz yatan torpağa baş qoyur igidlər...

 

Ruhunuz başımız üstündə al bayraq,

Qanınız səpilən daşda gül bitəndir.

Şəhidlər qanıyla yoğrulan bu torpaq

Vətəndir, Vətəndir, Vətəndir, Vətəndir...

 

Siz əzib düşməni rahatlıq tapdınız,

Yeriniz görünür bu zəfər günündə.

Siz ölüb vətənin canına hopdunuz,

Biz hər gün ölürük ruhunuz önündə!

 

 

Qarabağdan gələn səs

 

Cəbhə bölgəsində hərbi xidmətdə olan keçmiş tələbəm Elşad Qarabağlı mənə zəng eləyib danışdı. Bir az söhbətləşəndən sonra dedi ki, müəllim, döyüşdən qabaq səsinizi eşitmək istədim. Bu sözlər qəlbimi riqqətə gətirdi, istər-istəməz səsim titrədi...

 

Cəbhədən zəng eləyib,

                        sən mənimlə danışdın,

Dedin ki, səsinizi mən eşitmək istədim.

Bu səs necə doğmadı, bu səs necə tanışdı!

Qarabağdan gələn səs bir sehrli bəstədi...

 

Bu səsi eşidəndə sızlayan qəlbim güldü,

Elə bil dağ  havası hopmuşdu o nəfəsə...

Bu səsdən Qubadlının, Laçının ətri gəldi,

Həkərinin laylası qarışmışdı o səsə.

 

Ayrılığın sazağı qəlbimi üşüdəndə

Öp mənim əvəzimdən neçə çayı, çeşməni...

Mənim səsim titrədi səsini eşidəndə,

Sənin əlin əsməsin məhv edəndə düşməni.

 

Yağıdan azad olan torpaq alsın dincini,

Bizi tərk eləməsin yaşamaq həvəsimiz.

Zəng edib böl mənimlə qələbə sevincini,

Doğma Şuşadan gəlsin yenə qadir səsimiz...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!