Şeirlər - Kəmaləddin QƏDİM

 

KƏMALƏDDİN QƏDİM : – ÜÇ YARPAQ… – YAZARLAR.AZ

Əsgərdən qabaqda

general gedir

 

Şəhid general Polad Həşimova

 

Gedir ər oğlu ər, məğrur, qürurlu,

Vətən sevdalısı, əhli-hal gedir.

Gedir alnıaçıq, üz-gözü nurlu,

Gedir, söhbəti bal, dili bal gedir.

 

Xəbəri varmıdır barı, düşmənin,

Hazırdı kətili, darı düşmənin.

Sındırıb belini qarı düşmənin,

Çəkib sinəsinə qara xal gedir.

 

Silin gözünüzü, yası unudun,

Yapışın, hərəniz bir yandan tutun.

Çiyinlər üstündə uçan tabutun

gedir, arxasınca bir mahal gedir.

 

Ölürük, Vətənin torpağı çəkir,

Ölürük, tək Vətən yaşasın təki.

Ancaq qələbə var, o döyüşdə ki

əsgərdən qabaqda general gedir...

 

 

Külünə, kül altda

közünə şükür...

 

Düşmənin gözündə qoydu murazın,

Vətən, çörəyinə, duzuna şükür.

Qızıl hərflərlə tarixlər yazır,

Minlərlə oğluna, qızına şükür.

 

Kimi özümüzə arxa bilirik,

Kimdi yapışmalı yaxa, bilirik.

Artıq kişi kimi baxa bilirik

biri-birimizin üzünə şükür.

 

Düşməyə az bərkin-boşun qalmayıb,

Quruyub, gözündə yaşın qalmayıb.

Çox da ki, daş üstdə daşın qalmayıb,

Bu bomboz çölünə, düzünə şükür.

 

Lənətlər yağdırdıq kor yerimizə,

Artıq dolmayacaq qor yerimizə.

Torpağın üstündə gor yerimizə,

Külünə, kül altda közünə şükür.

 

Deyirlər bir ana xəbərin alıb

yüyürüb Ağdama ayağı yalın.

Şuşada şuşalı bir ağsaqqalın

yenidən nur gəlib gözünə şükür.

 

Birləşdik ən ağır dərdi-sərdə biz,

Birlikdə güclüyük xeyir-şərdə biz.

Ali rəhbərimiz, Baş sərkərdəmiz

sadiqdi andına, sözünə şükür.

 

Yüzünü tanıdıq, yüzünü gördük,

Gördük, astarını, üzünü gördük.

Sonunda doğrunu, düzünü gördük,

Min şükür, doğruna, düzünə şükür...

 

 

Havanı əsgər dəyişdi

 

Bu qan yerdə qalmaqdaydı,

Bu qanı əsgər dəyişdi.

Yetmədi əsgərə dua,

Duanı əsgər dəyişdi.

Dağlar dumana qalmışdı,

Bədə, yamana qalmışdı.

Nə var gümana qalmışdı,

Gümanı əsgər dəyişdi.

 

Sevincin ayağı yeyin,

Gedin, böyük Bəyə deyin:

"Zamanı vardı hər şeyin..."

Zamanı əsgər dəyişdi.

 

Hərənin öz davasıydı,

Öz səsi, öz avazıydı.

Davamız söz davasıydı,

Davanı əsgər dəyişdi.

 

Dərd vardı, dava çatmırdı,

Yurd çatmır, yuva çatmırdı.

Şuşada hava çatmırdı,

Havanı əsgər dəyişdi...

 

 

Gücümüz üzə çıxdı

 

Tanrı gecindən verdi,

Gecimiz üzə çıxdı.

Almırıqmış, aldıqca

vecimiz üzə çıxdı.

 

Qan doluymuş bağrımız,

Qan hönkürdü çağrımız.

Sıxıldıqca, ağrımız -

acımız üzə çıxdı.

 

Ən xas günümüz gəldi,

Ən as günümüz gəldi.

Qisas günümüz gəldi,

Öcümüz üzə çıxdı.

 

Göyərdikcə sözümüz,

Daşdan keçdi düzümüz.

Ağardıqca üzümüz

içimiz üzə çıxdı.

 

Açıldıqca başımız,

Dindikcə göz yaşımız.

Neçə mərd qardaşımız,

bacımız üzə çıxdı.

 

Dirrikdə güclüymüşük,

Kürlükdə güclüymüşük.

Birlikdə güclüymüşük,

Gücümüz üzə çıxdı.

Çatıydıq şüşə kimi,

Sıxlaşdıq meşə kimi.

Sonunda Şuşa kimi

tacımız üzə çıxdı...

 

 

Ağdam məscidinin

işığı yanır...

 

Vətən müharibəsində şəhid olmuş

Əli balamızın anası,

şagirdim Gülbəniz xanıma

 

Qoruyub dumduru, təmiz adını,

Könlündə bir nakam sevginin yası.

Evin kişisidi, evin qadını

Şəhid atasıdı, şəhid anası.

 

Di gəl ürək bəslə, ürək - bu çatla,

Olurkən bu boyda dərdin sarbanı.

Bir qız köçürübdü toyla-büsatla,

Bu da oğul köçü, oğul karvanı...

 

Deyir əriyəcək Murovun qarı,

Çay olur, göl olur su qovuşanda.

Gözləyir bir sabah şəhid ruhları

gəlib qovuşacaq Suqovuşanda.

 

Al bayraq gəzdirir, qara bağlamır,

Bu rəng ürəyinə dəyir, toxunur.

Səsini içinə çəkir, ağlamır,

Susur ki, Şuşada azan oxunur.

 

Demir ki, bəxt yatıb, dönərgə dönüb,

Demir ki, bu dərdə necə dayanır.

Deyir ki, baxmayın çırağım sönüb,

Ağdam məscidinin işığı yanır...

Gücümüzü gördülər, zorumuzu sevdilər

 

Çox gördük uzanası, açılası qolları,

Lalımızı xoşlayıb, korumuzu sevdilər.

Çıxardıq başımıza bizə gələn yolları,

Başımızda bənd alan yolumuzu sevdilər.

 

Bünövrəni biz tikdik, üstdə damı başqalar,

İçi-çölü başqalar, arzu-kamı başqalar.

Adı özümüzünkü, dadı-tamı başqalar

bizə xor oxutdular, xorumuzu sevdilər.

 

Hərə öz dərd-sərində, hərə öz azarında,

Çəkməyə öz dərd-səri alimin, yazarın da.

Lap yuxarı başdayıq dünya neft bazarında,

Ondandır ki, neft dolu borumuzu sevdilər.

 

Zəif yerlərimizi aradılar, tapdılar,

Gözəl yerlərimizi taladılar, çapdılar.

Haqqımızın üstündə şərə heykəl yapdılar,

Öldürdülər, sonra da gorumuzu sevdilər.

 

Çox gec bildik "haqqa kar",

                        "haqqa kor" dünyasıymış,

Gərəkəndə "qana-qan",

                        "çora-çor" dünyasıymış.

Dünya güc dünyasıymış,

                        dünya zor dünyasıymış,

Gücümüzü gördülər, zorumuzu sevdilər...

 

 

Oğul qurbanıyla

quzu qurbanı

 

Şəhid leytenant Ərtoğrul Nadirlinin atası Hümbət oğlunun

tabutu önündə qurban kəsib...

 

Bu necə arzuydu, niyyətdi, Allah,

Bu necə sehrdi, bu necə sirdi? -

Bir ata qəhrəman, şəhid oğlunun

tabutu önündə qurban kəsirdi...

 

Qonağı çox idi - bütün Qarabağ,

Öndə baş tacımız Şuşa gəlmişdi.

Əsgər yoldaşları, zabit dostları,

Dalıyca Ərtoğrul paşa gəlmişdi.

 

Odu yandırırdı, alışdırırdı,

Yaman üşüdürdü buzu qurbanın.

Üz-üzə, baş-başa dayanmışdılar

oğul qurbanıyla, quzu qurbanı...

 

İllərdi torpaqlar əsirdi, Allah,

Əsir torpaqlara dərman şəhiddi.

Kəsilən quzu da bilirdi vallah,

Bilirdi ən böyük qurban şəhiddi.

 

Mesaj göndərmişdi özündən qabaq,

Xəbər gətirmişdi cənab leytenant.

Evinə əliboş qayıtmamışdı,

Zəfər gətirmişdi cənab leytenant.

 

Yerdə car olmuşdu quzunun qanı,

Axan göz yaşları selə dönmüşdü.

Vətən qəhrəmanı, Vətən qurbanı

belə qayıtmışdı, belə dönmüşdü...

 

Bu necə arzuydu, niyyətdi, Allah,

Bu necə sehrdi, bu necə sirdi? -

Bir ata qəhrəman, şəhid oğlunun

tabutu önündə qurban kəsirdi...

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!