Tikan ağrısı
Bu açılan sabah soyuq açıldı,
Bu açılan sabah şaxtadı, dondu.
Ürəyə mən necə anladım axı,
Bir də gəlməyəcək, bu daha sondu.
Ruhumda min dənə tikan ağrısı,
Gözümdə itirmək əzabları var.
İçim özü boyda həbsxanadır,
Hələ çəkilməmiş hesablarım var.
Canından hər ağrı unutsan çıxar,
Canından itirmək ağrısı çıxmaz.
Hər gün söz verərsən, yalana çıxar,
Yüz sözdən bir dənə doğrusu çıxmaz.
Özünə min kərə yalan sözün var,
Bilirəm, sənin də sözündə mənəm.
Bir səkil buz kimi qalıb gözündə,
O şəkil mənimdir, gözündə mənəm.
Üşüyürəm...
Üşüyürəm...
Saçların dəyən çarpayıda...
Üşüyürəm ürəyim ovcumda...
Divarlar boyunca gözlərim yol çəkir
saatlar əvvələ, günlər əvvələ...
Adın...
Adın da bir nidadır ağrıdan-ağrıya.
Üşüyürəm...
Əllərin kimi...
Bir az öncə nəfəsimdə isinən
əllərini deyirəm...
İsitmək istədim ovcumdakı ürəyi...
Nəfəsim soyuyub... nəfəsimi buz kəsir...
Sən demə, içimə qış fəsli gəlib...
Günəş oluram...
Tikanlı məftillərdən sənə uzanan
əllərimdəki qandan qorxma,
Ürəyimdəki döyüntüyə
qulaq vermə, təlaşlanarsan.
Gözlərinin dərinliklərində
batdıqca günəş oluram...
Sabah yenidən gələcəm.
Kimə oxşadı yoxluğunun aynasındakı rəsmin?
Sənmi gözəlsən, yoxsa o?
Təbəssüm adam, gülüşü sənsən gözəl edən!
Nəfəsi sənsən əziz edən.
Ömrü sənsən yaşanan edən...
Həyatı sənsən həyat edən...
Həyat gözəldir...
Sən başqa adamsan...
Bütün varlığımla sevirəm səni,
Bütün varlığımın həzin bəstəsi.
Sən necə möhtəşəm yaradılışsan,
Mən necə bir eşqin ağır xəstəsi.
Ömrümdə ən uzun yol imişsən sən,
Gözündə min illik həsrətinəm mən.
Sən başqa adamsan, başqa birisən,
Ömründə bəlkə də ən çətinəm mən.
Nəfəsim darıxar saçlarındaca,
Nəfəsim ağ bayraq qaldırar sənə.
Sən mənim ömrümə gələn günündən,
Yaşamaq çox gözəl göründü mənə.
İndi mən əvvəlki adam deyiləm,
İndi mən ruhumda sən daşıyıram.
İndi təkcə nəfəs almıram ki, mən,
İndi bilirəm ki mən yaşayıram.
***
Ruhumda elə ağrılar var,
Qanayan yaralarıma sənin təmasın ümiddir.
Soruşma əzablarımın adını,
Soruşma aldığım zərbələrin sayını...
Sən kimdin?
Necə gəldin?
Gəldinmi?
Bəlkə də gəlmədin...
Vardın...
Sadəcə adını nəfəsimə oxumamışdın...
Günahkaramsa...
səni bağışlayıram...
Ruhumu çarmıxa çəkir nöqtələr,
Nəfəsində gizlənmək varkən,
Uzaqlarda atəşə verirəm xəyallarımı.
Günahın varmı, günahım varmı?
Bəlkə də bağışladın.
Bəlkə də yox.
Qorxma, bir gün gec olacaq...
Bəlkə bir gün bağışlandıq...
Mən günahkaramsa... səni bağışlayıram...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!