Dilsuzun tədimatında
DİLSUZ
Əli Yücənin şeirləri
EHTİMAL
Mən,
çocuq olsaydım əgər,
qov çaxmaq satardım
bulud əmilərə -
əvəzində
peşmək,
bir də közdə bişirilmiş
qarğıdalı alardım.
Mən,
çiçək olsaydım əgər,
heç saxsı ayaqqabı
geyinməzdim ayağıma,
borc qanad alardım
göyərçin xalalarımdan -
"Sülh" deyə-deyə
uçardım başınızın üstündən.
Mən,
çay olsaydım əgər,
düşmən kimi
sürünə-sürünə
yaxınlaşmazdım dənizə.
Mən,
tüfəng olsaydım əgər,
ölüm saçmazdım,
od püskürməzdim -
utanardım tətiyimdən,
bir də
insanların əyri barmağından.
SEVDALI SÖZCÜKLƏR
Məni tanımadınmı dedi
bir sözcük bir sözcüyə.
Çevir zamanın vərəqlərini,
Yaddaşını bir qurdala...
Yaxşı bax gözlərimin içinə,
xatirələr
bərq vuracaq üzümdə.
Bir
yağışlı gündən
sonra idi,
yan-yana düşmüşdük
bir şeirin ilk misrasında.
Göz-gözə gəldik
qəflətən,
bir şey qımıldadı
içimizdə;
sonra qovulduq şeirdən -
gizli öpüşmüşdük deyə...
Xatırladım dedi o biri,
əlin əlimə dəyəndə
sıçradım
sevdanın bənövşəyi atına;
eyy... haralara getmədim?
Mən getdikcə -
ayrılıq böyüdü,
mən getdikcə -
həsrət böyüdü,
mən getdikcə -
hüzn böyüdü...
Bilmədim, nə idi,
qırıldı, töküldü içimə.
Nə acılar çəkdim,
bir bilsən,
üzümmü gülər qürbətdə?
Amma
bir an belə
unutmadım səni,
üz-üzə,
göz-gözə durmadım heç
bir başqa sözcüklə...
Səsin səsimə qovuşunca
içimdəki süd dənizləri
qabarmağa başladı yenə-
öpüşə batırınca
dodaqlarımızı,
öz ətrini duydu yosun,
öz rəngini gördü
bənövşə...
Haydı, gəl, dedi,
qız sözcük
oğlan sözcüyə:
"Başqa bir şeirə girək
ozan babanın
gözünə görünmədən..."
SEVGİ
Nəyinə lazımdı
bağça-bağ,
nəyinə lazımdı bahar
səsi bərbad bir quşun?
Nəyinə lazımdı naz-qəmzə,
nəyinə lazımdı al yanaq
qaraqabaq bir qızın,
deyilmi,
Qaracaoğlan?
İrmaq idik - axdıq,
şimşək idik - çaxdıq,
hər şeyin axırına çıxdıq,
dinimiz, imanımız -
tək türkümüz
qaldı əlimizdə,
tək sevgimiz
qaldı əlimizdə,
deyilmi,
Yunus Əmrə?
Dinləyin məni, çocuqlar,
minməyin bu kor gəmiyə.
cançəkişən dənizi
aparın bir sərinə...
Kiklop əmilərə
fikir verməyin;
minlərcə qəlb,
minlərcə göz - sizdə,
deyilmi, Homer?
Dəniz pərilərinin
çaldıqları sirenlər də
bir şeyə yaramaz,
deyilmi,
Ruhi Usta?
Yalnızlıq nədi ki,
haydı, çocuqlar,
enirik
bu başsız dağdan.
Ayrılıq nədi ki,
boyayır qürbət
öz-özünü
gözlərimizin rənginə,
deyilmi,
Nazim Hikmət?
Yer yorğun,
göy yorğun,
susuz-qısır buludlar...
Çıxırıq bu meyvəsiz bağdan,
haydı, haydı, çocuqlar.
Əzrail kimdi ki,
kimdi ki, Xızır paşa,
minlərlə can
hər birimizdə,
deyilmi,
Pir Sultan?
Yer darğın,
göy darğın,
irmaq idik - axdıq,
şimşək idik - çaxdıq,
hər şeyin
axırına çıxdıq,
dinimiz, imanımız -
tək türkümüz
qaldı əlimizdə,
tək sevgimiz
qaldı əlimizdə.
Haydı, haydı, çocuqlar,
gedirik bu qəvi dağdan,
"Mərhaba!" deyirik insanlara.
Hirs, acıq nədi ki?
Baxmayın siz
Pinoçetlərə,
deyilmi,
Pablo Neruda...
Asəf Halət ÇƏLƏBİ
ŞƏFQƏT
Nə olar,
başqasının olanda,
bir insan yavrusunu
sevmək istəyirəm,
ağzı,
burnu,
qulağı
və isti qanı olan,
və uyuya bilən
bir insan yavrusunu.
Uyu, çocuq, uyu
dizimin üstə,
Böyü, çocuq, böyü
dizimin üstə...
Məcid BENİCE
QARDƏLƏN
Mənim adım - Qardələn.
Bir çiçəyəm -
gün işığına aşiq.
İstəsən,
vur incəcik boynumu,
vur səhər ayazı,
vur,
axsın qızıl qanım
bəyaz qarın üztünə...
Ölümdən
zərrə qədər də
qorxmuram.
Ən gözəl ölüm
baharla,
gün işığıyla
gələn ölümdü...
Mənim adım - Qardələn.
Bir çiçəyəm -
gün işığına aşiq.
Səbr
edə bilmədim
üç-beş gün daha,
gözləmədim
qarın əriməsini,
bir sancı sardı
bətnimdəki toxumu,
vaxtsız-vədəsiz...
Gün işığını öpmək
keçdi ürəyimdən -
dəldim
bəyaz qarı,
uzatdım boynumu...
Ən gözəl ölüm
baharla,
gün işığıyla
gələn ölümdü,
vur incəcik boynumu,
vur səhər ayazı,
vur,
axsın qızıl qanım
bəyaz qarın üstünə.
Ölümdən
zərrə qədər də
qorxmuram.
Mənim adım - Qardələn.
Bir çiçəyəm -
gün işığına aşiq.
C.ÇAPAN QUŞ BAXIŞI
Ən çox
köçəri quşlarla
maraqlanardın sən -
ilin hansı ayında gələcəklər,
yollarında
bir əngəl çıxacaqmı,
yuvalarını harda quracaqlar?
Turuncu,
qızılı,
qaratüklü
o quşlardan
bəhs edirdim sənə
qış gecələrində...
Beləcə,
köçəri quşlar
dəstə-dəstə keçərdilər
lacivərd dənizlərin,
uydurduğum adaların
üstündən.
Aşağıda - ormanlarda
aslanları kükrədərdim,
filləri acıqlandırardım,
lilli irmaqlarda
ac timsahları dalaşdırardım
və birdən
bir sahil kəndinin
qırmızı kirəmitləri
görünərdi...
Sonra
bahar buludlarının
arasından sıyrılıb
bir gölün
kənarına qonardı quşlar,
nə zaman
qayıdacaqlarından
bəhs etməyimi
heç istəməzdin,
heç istəməzdin getsinlər,
qalsınlar deyərdin,
qalsınlar deyərdin
çatal budaqlarda
qurduqları yuvada -
balalasınlar,
şərqi söyləsinlər...
Niyə gəlmişdilər,
niyə getdilər?..
Quş deyib durma,
bir dənəm,
bilmək olmaz qəlblərindəkini -
bəlkə niyyətləri
bizə bu səssizliyi
gətirmək imiş elə?
Kərim Aydın ƏRDƏM
BU, EŞQDİR
Dedilər
bu, bahardır -
köksü çiçək-çiçək...
Dağlara günmü düşdü,
qarlarmı əridi,
qımıldandı yer,
isindi
ağacların damarı,
birdən-birə
canlandı qaranquşlar...
Dedilər
bu, güldür, gül - iylədim,
dedilər
bu, pətəkdir, pətək,
doldum, üsküklərinə bal kimi...
Dedilər
bu, dənizdir -
önümdə
boy atdı
qovaq-qovaq dalğalar,
ard-arda,
çiynimə
qondu qağayılar,
dəstə-dəstə...
Yaş qumsalda anladım
dağ yeli başqaymış,
dəniz küləyi başqa...
Çox oxunmuş
türkülər kimiyəm,
yorğun-arğın,
gəlməyin üstümə...
Dedilər
bu, tonqaldır,
çoban tonqalı,
ulduzlarla
bir yanar
axşamüstləri,
sözləşiblər sanki,
dedilər
bu, eşqdir, eşq -
baxdım,
gördüm gözlərindi,
yanır alov-alov,
dedilər,
qorxma,
gir içinə,
çıxsın
canındakı soyuq,
qızın bir az,
girdim,
yandım,
kül oldum,
kül oldum -
bir azını
dağ yeli sovurdu,
bir azını
dəniz küləyi...
Kiçik İSGƏNDƏR
DE, GÜLÜM
De, gülüm, de -
gözəl bir gündə gələcəyəm,
Saçlarım darmadağın olacaq,
hər şey darmadağın olacaq...
Üzülmə, gülüm, üzülmə
özümüzə gələcəyik,
ayağa qalxacağıq,
həm də
dəmir üzünü
dələ-dələ həyatın!
Duyacaqsan, gülüm, duyacaqsan,
Sevgi bitməmişdir,
inam bitməmişdir,
güvən bitməmişdir,
sənə bitməmişliyi
anladacaq
həsrətdən
və ədalətdən
cildini dəyişən üzüm!
Görəcəksən, gülüm, görəcəksən,
acılarımız arxada qalacaq,
sevincdən,
sevincdən ağlayacaqsan,
bax,
o vaxt
mənə şair olmaq,
səni sevmək
daha çox yaraşacaq!
İnan mənə, gülüm, inan,
hələ
yazmadığımız
məktublar var,
bir-birindən gözəl,
hələ
oxşamadığımız
çocuqlar var,
bir-birindən gözəl,
hələ
gəzmədiyimiz
yerlər var,
bir-birindən gözəl,
hələ
tumarlamadığımız
pişiklər var,
bir-birindən gözəl...
İnan mənə, gülüm, inan,
qara üzlüklü kitabın
bütün səhifələrindən
çıxartdım həsrəti,
çıxartdım tənhalığı,
çıxartdım ölümü...
NECƏ İSTƏMİŞDİNSƏ...
Necə istəmişdinsə,
elə də oldu-
artıq qəlbim yox...
Səni düşünürəm -
amma qəlbsiz,
səndən ötrü ağlayıram -
amma qəlbsiz,
döyünmür qəlbim
səni gördüyüm zaman
röyalarımda,
döyünmür qəlbim
səndən söz açanda
bir adama,
necə istəmişdinsə,
elə də oldu-
artıq qəlbim yox,
mən onu
bir uşağa verdim,
oyuncaq kimi oynatsın deyə,
mən onu
bir küçə itinə verdim,
qarnını doyursun deyə,
mən onu
bir kirəmit parçası kimi
suyun üzündə səkdirdim
və
yanan gəmi kimi
batmasını gözlədim...
Necə istəmişdinsə,
elə də oldu -
artıq qəlbim yox...
Döyünmür
köksümdə heç nə -
həsrətini çəkəndə,
köhnə rəsmlərinə baxanda…
Necə istəmişdinsə,
elə də oldu -
artıq qəlbim yox...
ASAN DEYİL, ƏLBƏTTƏ
Asan deyil, əlbəttə,
asan deyil, qarşı çıxmaq,
üzün köhnələrkən aynalarda.
Asan deyil,
asan deyil, əlbəttə,
bir ovucu
güclə dolduran ürəyinlə
həyata qarşı çıxmaq.
Asan deyil, əlbəttə, asan deyil,
işığı qaranlığın
ağzından almaq,
acı da çəkəcəksən,
qorxu da duyacaqsan,
nitqin də batacaq...
Amma
hər şeyə
köks gərib,
insanları sevməyi
öyrənəcəksən, bir dənəm...
Mətin ƏROĞLU
HAYDI, OYAN
Haydı, oyan,
günəş
nur çiləyir
başının üstə,
dəniz,
yosun ətirli dəniz
masmavi ayna kimidi,
səhər yeli
uçurtdu quşları
yuvalarından,-
nədi,
indi sən
bu türkünü
dinləməyəcəksən?
Haydı, oyan,
aydınlığa çıx -
gözlərin işıqlansın,
bahar havası
dolsun ürəyinə,
yoxsul olsan da, oyan,
qərib olsan da, oyan,
madam ki, gözəlsən,
gözəlliyi yaşatmaq üçün,
madam ki, ümidlisən,
ümidi yaşatmaq üçün
oyan, haydı, oyan...
Dənizi dinlə -
yaşamaqdan bəhs etsin,
torpağı dinlə -
dostluqdan bəhs etsin,
göyü dinlə -
sevgidən bəhs etsin...
Haydı, oyan,
nə olar, oyan...
Nevzat TEKİN
GECƏN XEYİRƏ QALSIN, GÜLÜM
Yatağın
iyun buludutək
yumşaq və bəyaz olsun,
yuxuda yolunu
eşqin yanından sal,
bir çay kənarında,
söyüd kölgəsində
ayaqları suya qoy,
əlində,
Bursa malı,
bir tişə,
səhərə qədər
ümidlərini yon.
Bir də məni düşün
yuxunda,
yəni,
yumşaq, bəyaz
iyun buludunu,
yəni, çay kənarını,
yəni, söyüd kölgəsini,
yəni, yonduğun ümidlərini.
Və gecən
xeyirə qalsın, gülüm.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!