sizi Qarabağın qarğışı tutdu...
ey tarixin qarğadığı erməni!
indi ağlaya-ağlaya şivən qurub,
ondan-bundan aman gəzirsən,
dilənirsən, dirənirsən, yalvarırsan:
- "yazıq oldum, xilas eyləyin məni!.."
elə səbəb axtarırsan,
- niyə düşdün bu günə?
sualını sən ünvanla,
ədalətin hökmünə!
dünyada ən ağır qarğış
xaraba qoyulmuş
abadlıqların qarğışıdı...
sizi xaraba qoyduğunuz
Qarabağın qarğışı tutdu.
... güllə qabağında məhv eyləyib,
yurd-yuvasından qovduğunuz insanlar,
qəlbi qan ağlayanlar, ömrü qan ağlayanlar,
yağmalayıb uçurduğunuz gözəl-gözəl evlər,
küçələr, meydanlar, qəbristanlıqlar,
hələ Allah evlərindəki allahsızlığınız...
dözməzdi ki, göylər...
dözməzdi ki, babaların, nənələrin,
igid, qorxmaz sərkərdələrin
min-min illərdən bəri
bu yurd üstə dolaşan ruhları...
dözməzdi Xocalının
yer üzünü, göy üzünü, tarixi silkələyən
nalələri, fəryadları...
dözməzdi Türk dünyası, Türk qeyrəti, Türk övkəsi,
dözməzdi Azərbaycan ordusu, Azərbaycan ölkəsi,
dözməzdi bu elin adı-sanı...
müqəddəs bir ad daşıyan
Ali Baş Komandanı!
"...bu dünyanın nizamını pozmayın!"- deyib
əmr edib Allah!
bax Qurani-Kərimin ayələrinə,
müdrik insanların dediklərinə...
Allahın əlaməti, Allahın yoludu ahəng,
sən ahəngi pozdunmu,
Allah hesab çəkəcək, deyib
hay-haray salmışam illər uzunu...
dünyada ən ağır qarğış
xaraba qoyulmuş abadlıqların qarğışıdı...
sizi xaraba qoyduğunuz
Qarabağın qarğışı tutdu.
General Polad bəy!
Ordumuzun genralıydın Polad bəy,
Milyonlara genral oldun, Polad bəy!
Qüdrətinlə xalqın qalxıb ayağa
Qisasını belə aldın, Polad bəy!
Müqəddəs bir nurdu sənin fitrətin,
Qeyrətindən doğulubdu qüdrətin,
Xoşbəxt vətən ürəyində həsrətin,
Ürəklərə nur tək doldun, Polad bəy!
Namərd düşmən hiylə geydi qaradan,
Səni vurdu, yox olasan dünyadan,
Amma səni lap yüksəltdi yaradan
Yer üzünə birdə gəldin, Polad bəy!
Bir də gəldin, ruhlarda ruh oyandı,
Haqq övladı hər vaxt xalqa hayandı,
Coşan gənclik təziminə dayandı,
Bilirəm ki, bunu bildin, Polad bəy!
Gün vurmuşdu, soluxmuşdu çiçəklər,
Yağmur oldun, gül açdı biçənəklər,
Qalın duman arxasında gerçəklər,
Qaranlığa işıq saldın Polad bəy!
Ordumuzun genralıydın Polad bəy,
Milyonlara genral oldun, Polad bəy!
Qüdrətinlə xalqın qalxıb ayağa
Qisasını belə aldın, Polad bəy!
Məni inlətmə, kaman
Qorxdum zəmanənin adamlarından,
Sən məni inlətmə, kaman...
Sular dalğalanır, ləpələrindən
Boy verib, dillənən nələrdi? aman!
Qadağan olunmuş ağacın indi
Barı bazarlarda mataha dönüb,
Bağlar salınıbdı o ağaclardan,
Bəlkə də, günəşin bir yanı sönüb...
Yer üzü yadından çıxıb dünyanın?
Niyə belə nizam yaranıb burda?
Kainatın hökmü yox olub sanki,
Həyat ögeyləşir bu vurhavurda.
Qorxdum zəmanənin adamlarından
Sən məni inlətmə, kaman...
yenə yadıma düşdün, ana!
yenə yadıma düşdün, ana!
mən ağsaqqal kişi
darıxdım səndən yana,
ağladım...
... ilk övladın mənəm,
ilk ana məhəbbətin kimi
ilahi sərvətim var...
adını kim Mələk qoymuşdu?
adını qoyanda
mələk kimi bir insan olacağını,
bəlkə, duymuşdu?
...bağçada çiçəkləyib ağaclar,
məni bürüyübdü çiçək yağışı,
sənin duaların da
bu çiçəklər kimi
balalarının üstünə yağır, bilirəm...
yaşım artdıqca, sənin
bu yer üzündə bir vədə
kim olduğunu görürəm...
yenə səni xatırladım,
darıxdım,
ağladım, ana...
Adına yazılan qadın
Qadın anan kimi oxşasa səni,
Bir az öskürəndə can desə sənə,
Ayağın büdrəsə, ürəyi əssə,
Uğurun üzünə fərəh gətirsə,
Səni öz arxası, dayağı bilsə,
İstəsə qüdrətli olasan hər vaxt,
Düşmənin önündə olasan sərvaxt,
Nə vaxt dara düşsən yanında olsa,
Qəlbi, ürəyilə ağrını alsa,
Ülvilikdən axsa sənə sevgisi,
Peşiman eyləsə hər vaxt iblisi,
Fəxr eləsə sənin təmiz adınla...
Sən onu heç vədə
Müqayisə eyləmə
Yer üzündəki ayrı-ayrı qadınla...
O qadın göy üzündən
Adına yazılan qadın...
Səni ürək dolu, qəlb dolu, ruh dolu
Sevən qadın...
O qadın tək qadın, tək... tək...
O qadından hər zaman
Üstünə nur töküləcək...
Nazını çək o qadının,
Qayğısına qal, qadasını al o qadının...
Arxayın ol o qadına,
Yer üzünün yaraşığıdı o qadın!
dünyanın doğma üzü
güllərin üstünə yağan yağışın
damla-damla
gül dilində danışması...
üz-gözünün işığı
güllərə qarışan ananın
gül körpəsinə laylası...
o layla səsiylə axan
bir arxın yanında o körpənin
üzündəki işıqlar...
o uşağın
sularnan danışa-danışa
düşdüyü xəyallar...
onun qəlbinin dərinliyində
tellər titrəyəndə
dünyanın yaraşığı...
quşların qarğışları
...bu çəməndə
çiçək çoxdu...
amma hələ ki, şəfəqlər
qanqalın üstünə düşür...
qanqal dibində ilanlar
bu təntənəyə sevinir,
nəşə içində sürünür,
gizlənirlər, xəlvət-xəlvət
ovlayırlar körpə, naşı
nəğmə oxuyan quşları...
duman kimi
çəmənliyin üstünə qalxır
quşların qarğışları...
qürur içində kədər
...amansız dolu yağır,
sındı pəncərəmin şüşələri...
gəlir qışqırıq səsləri,
soyuyur otağım...
eşikdə parça-parça oldu
çiçəklərin ləçəyi, yarpağı...
heyvanlar yuvalarından
baxırlar fağır-fağır...
amansız dolu yağır,
göy gurlayır, şimşək çaxır...
kövrək şəfəqlər içində qəlblər
təbəssüm dolu aləmə həsrət...
yaxşı ki, günəşli günləri
itirməyib hələ təbiət...
günəşli günlərə inamın
qüruruyla baxır insanlar...
amma hər kəsin qəlbi,
qırılan, sınan çiçəkləri ağlar.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!