Oğulların gəlir, ana!
Vətən müharibəsinin
ilk günündə anama
gözaydınlığı verdim
Dur, qəmi, nisgili daşla,
Ömrü təzədən başla.
Çıx yollar üstə qarşıla,
Oğulların gəlir, ana!
Açılıbdır o kor düyün,
Haqqın çatır indi öyün.
"Düşmən çəpəri" - dediyin,
Oğulların gəlir, ana!
Çəkildilər oymaq-oymaq,
Töküldülər yarpaq-yarpaq.
Alnıaçıq, üzləri ağ,
Oğulların gəlir, ana!
Libasın nifrətdən biçən,
Vətən, torpaq andı içən.
Oddan-alovdan keçən
Oğulların gəlir, ana!
Əldən-ələ gəzir bayraq,
Göy üzündə süzür bayraq.
Haqqı qanilə alacaq,
Oğulların gəlir, ana!
Qarı düşməni mat qoyub,
Yurdlarına od qoyub.
Bir müsəlləh əsgər olub,
Oğulların gəlir, ana!
28 sentyabr 2020
Vətən yallısı
Salam, Xudafərin, salam, Diridağ.
İlxısız, sürüsüz darıxan yaylaq.
Salam, Xan çinarım, söyüdlü arxım,
Zümrüd bulaqlarım, ay varım-yoxum.
Gözün aydın, torpaq, gözün aydın, yurd,
Qayıdıb gəlmişik, özünü tox tut.
Unutmadım səni, ata ocağı.
Görüşdük ömrümün bu ahıl çağı.
Yuxular çin oldu, yenə gəlmişəm,
Ümidim yaşatdı, mən ölməmişəm.
Gəlmişəm, günahı üstümdən atam,
Gəlmişəm, dizinə baş qoyub yatam.
Yaxın dur, qol-boyun görüşək, Araz,
Bu sevinci birgə bölüşək, Araz.
Dilim ağılarda səni ağlamaz
Göz yaşım daşında mamır bağlamaz.
Bayrağım yellənir Xudafərində,
Tariximə zəfər yazırıq gündə.
Sərhədləri yarıb, aşıb ordumuz
"Cəngi"də hoylanıb-coşub ordumuz.
Paslı zəncirləri qırıb türk oğlu,
Açılıb Gülüstan - Qarabağ yolu.
Şəhid Xudafərin deyilmir ona,
Elləri qovuşub öz muradına.
Toy libası geyib Araz qırağı,
Məhşər ayağına çəkilir yağı.
Bu gün bayram edir torpağım, daşım,
Sevinir sinəmə axan göz yaşım.
Yığışaq şənliyə, tutaq əl-ələ,
Oğuz türküləri qoy düşsün dilə.
Kəmərtək sarılaq yurdun belinə,
"Vətən yallısı"nı oynayaq yenə.
4 oktyabr 2020
Bu payızı gözlədim
Bizə zəfər gətirən
2020-ci ilin payızına
Ürəyimcə oldu gələn bu payız,
Doğmalaşdı üzündəki sarılıq.
Bu payızın elə bil ki, yox idi
Gözündə qəm, qucağında ayrılıq.
Buludlar da göz yaşların sovmuşdu
Göyərən bu ümidlərin xətrinə.
Göy üzü də qəm karvanın qovmuşdu
Zəfər dolu bu günlərin xətrinə.
Bu payızın nəşəsi var gözümdə,
Sarı xəzəl, sanki yanan məşəldi.
Çən-çisəyi nəğmələnib üzündə
Bu payızın ağlamağı gözəldi.
Otuz ildir rəsmin çəkib ağrımın,
Həsrətini ürəyimdə közlədim.
Dözə-dözə daş bağlayıb bağrıma -
Otuz ildir bu payızı gözlədim.
Od yurduna xoş gəlmisən, payızım,
Çal-çağırlı toy-düyünlər çox olsun.
Ellərimiz geyinsin yaz libasın,
Ömrümüzdən ayrılıqlar yox olsun.
Oktyabr 2020
Oğullar
Qədim mədəniyyət beşiyi olan
Şuşanı əsirlikdən azad edən
igidlərimizin şərəfinə
İstəyirəm dünya yığışıb gəlsin,
Zəfər sevincinə şərik olsunlar.
İstəyirəm dünya eşitsin, bilsin,
Tariximə tarix yazır oğullar.
Görsünlər gözümdən qəmi qovmuşam,
Vətən göylərində azad bir quşam.
Azaddı Laçınım, azaddı Şuşam,
Xəyanətə qəbir qazır oğullar.
Canlı sipərdilər, yaş səngərdilər,
Mərdanə can verən igid ərdilər.
Sərhəd dirəyidir, yenilməzdilər,
Süngüylə sərhədi cızır oğullar.
Qeyrəti qılınctək sancıb belinə,
Ölüm, qorxu nədir gəlmir eyninə.
Dastan hünərləri sığmır şeirimə,
Durub şəhidliyə hazır oğullar.
Sığınıb sıldırım qayaya, daşa.
Qartaldı zirvədə dayanıb Şuşa.
Fərhadtək dağ çapır girib savaşa
Bu dönməz oğullar, bu zor oğullar.
Vətəndən vətənə körpü salırlar,
Şəhid düşən yerdə bayraq olurlar.
Ümidlər göyərdib, zəfər çalırlar,
Düşmənin niyyətin pozur oğullar.
Qarabağ Azərbaycandı
Köhnə yaddaşım dirilib,
Qisas qollarım gərilib.
Düşmən ayağa sərilib,
Bu qüdrət bizə haqdandı,
Qarabağ Azərbaycandı.
Yenə oynar qılınc, qalxan,
Yağının başında çaxan.
Alay pozan, sədlər yıxan
Koroğludu, Səttarxandı,
Qarabağ Azərbaycandı.
Bu Xan Araz, o Bərgüşad,
Gözlərində gülür həyat.
Bu Murovdağ, o Ziyarət,
Xankəndi, Əsgərandı,
Qarabağ Azərbaycandı.
Qalxıb gələr Pənahəlixan,
Sultan ağa da Laçından.
Bir səs ucalar Şuşadan,
O Xan qızı Natəvandı,
Qarabağ Azərbaycandı.
Bakı bir qaladır bil ki,
Dayanıb sərkərdə təki.
Muğan, Şirvan, Gəncə, Şəki,
Bölünməz ürəkdi, candı,
Qarabağ Azərbaycandı.
Zabit oğlum qorxu bilməz,
Əsgər balam geri dönməz.
Qalxan bayraq bir də enməz
Haqq işimiz qana-qandı -
Qarabağ Azərbaycandı.
Bakı, sentyabr 2020
Qalxın, mehmetciklərim
Türk ordusunun
Azərbaycana gəlişi münasibətilə
Xoş gəlmisən, türk ordum,
Son qoyaq xəyanətə.
Tanrı dayaq olacaq
Göytürk soylu millətə.
İndi qisas vaxtıdır
Özünü türk sayanlar.
Metenin, Attilanın
İzinə iz qoyanlar.
Dünya türkün olacaq
Bu savaşda mərd duraq.
Verək kürək-kürəyə
Duraq ürək-ürəyə
Cərgələnək bir olaq.
Bu günün qisasını
Gələcəyə qoymayaq.
Qalxın, mehmetciklərim
Şanlı Çanaqqaladan,
Yenə də qalib çıxaq
Bu sonuncu davadan.
Bu ağ yalanlar üçün,
Tökülən qanlar üçün.
Hesab soraq haylardan,
Sualımıza cavab
Qoy gəlsin Xocalıdan.
Eheyy... Mənim türk ordum
Dizini qoy torpağa,
"Allahu-Əkbər" - deyə
Sülh gəlir Qarabağa.
Sən də Odlar yurdumun
Əyilməyən mərd oğlu.
Sinəsi Vətəninə
Sevgi, məhəbbət dolu
Şir kimi, aslan kimi
Nərə çək, qalx yerindən.
Gözə getməsin yuxu,
Haqqımızı yeyənə,
Yurduma qan tökənə,
Ey Qanuni Süleyman,
Bir ölüm hökmü oxu!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!