Vətən, gözün aydın - Vasif SÜLEYMAN

 

Şeirlər - Vasif SÜLEYMAN | <a href=Edebiyyatqazeti.az" src="https://img.edebiyyatqazeti.az/news/2018/01/photo_1263.jpg?v=MjAxOC0wMS0yNCAyMTozNzo0MA==" />

Vətən, gözün aydın, balan yanında,

O da ki alınmaz  qalası ola...

Hamı arzulayır, Azərbaycanı,

İllah, Şuşa adda balası ola...

 

Dünyanın ən gözəl səfər yolları

Şuşaya qayıdış köçündən keçir.

Bircə yol, Şuşanı görəmməmişdim,

İndi qarış-qarış içimdən keçir.

 

İndi ürəyimdə çağlayan qandır,

Ömrü vurammazdım başa, bilirəm.

İstəsən bir anlıq ömrü dayandır,

Daha dörd tərəfi Şuşa bilirəm.

 

Silmə yanağından göz yaşlarını,

Ürəklər qəhərlə dolsun, nə olar...

Silək təqvimlərdən 8-i mayı,

8-i noyabr olsun, nə olar...

 

Daha at oynada bilməyir naşı,

Nə də ki Şuşanın başı dumandır.

Şuşa Qarabağdır, torpağı, daşı,

Necə ki, Qarabağ Azərbaycandır,

 

Əsgər biləyində gələn xəbərin,

Sevinci ürəkdə, nuru gözdədir.

Ürək pıçıldayır dərindən-dərin,

Bircə kəlmə deyir: Şuşa bizdədir!

 

Vətən gözün aydın, balan yanında,

O da ki alınmaz  qalası ola...

Hamı arzulayır, Azərbaycanı,

Bir də Şuşa adda balası ola...

 

 

Üzüm ayağının altına,

Vətən

 

Daha, ürəkli at addımlarını,

Uymadıq gümüşə, altuna,Vətən!

Bir az gecmi yığdıq parçalarını,

Üzüm ayağının altına,Vətən!

 

Bəlkə də içində küsmüşdün daha,

Üzü bizə sarı çevirdik səni.

Hər parçan-bir misra dönmüşdü aha,

Utana-utana sevirdik səni.

 

İndi yaxındadı vüsal dediyin,

Səni də bu həsrət yaxdımı, görən...

İllərdi ürəyim paramparçadı,

Bu ağrı, bu əzab haqdımı, görən...

 

Bu dəli sevginin kökü dərində,

Gözətçi meşənin, nişançı dağın.

Səni sevənlərin ürəklərində,

Yerinə oturur daşın, torpağın.

 

Daha, ürəkli at addımlarını,

Uymadıq gümüşə, altuna,Vətən!

Bir az gecmi yığdıq parçalarını,

Üzüm ayağının altına,Vətən!

Zəhra

 

2017-ci il iyulun 4-də Azərbaycanın

işğal olunmuş ərazilərindən Füzuli rayonunun Alxanlı kəndində  ermənilərin törətdiyi  təxribat nəticəsində həlak olan

2 yaşlı Zəhranın xatirəsinə

 

Üzündəki donan saflıq,

Bu torpaqla təndi, qızım!

Ermənidən düşmən olmaz,

Küçədən ötəndi, qızım!

 

O sevgi körpə canında,

Qorxma, nənən də yanında.

Bir gün haqqın divanında,

Səsimiz yetəndi, qızım!

 

Təsəlli bizə qalxandı,

Yer titrədi, göy çalxandı.

Getdiyin yer də Alxanlı,

Ora da Vətəndi, qızım!

 

 

Qızlarım

Gültac və Səyalıya

 

Siz gələn yolların yorğunu oldum,

Dünya yaman çəkdi sınağa məni.

Güllərim, axır ki, açılıbsınız,

Dost-tanış tutmuşdu qınağa məni.

 

Ağ gün elə buymuş, bəsimdir, bəsim,

Başınız üstündə eşqim, nəfəsim.

Görən, Yaradana çatarmı səsim,

Götürsün sizlərə sadağa məni.

 

Bəxtimə gec gələn kərəmə şükür,

Mənə qanadsınız, görənə şükür.

Qızlarım, sizləri verənə şükür,

Yaman öyrətdiniz uçmağa məni.

 

 

Çiçək

 

Səngidi havası, sındı şüşəsi,

Həsrətin bülbülü yaxdı bax, çiçək!

Hərənin payına bir gül düşəsi,

Çəmənə çıxmışdıq baxtabaxt, çiçək!

Ətrin bir aləmdi, ömrün bir udum,

Bir udum havaya qaldı umudum.

Söylə kimi sevim, kimi unudum,

Çıxdığın tikanlı taxta bax, çiçək!

 

Onsuz da bu zalım dünyada təksən,

Nə olar, bir çiçək ömrünü çəksən...

Qalsan, öz-özünə üzüləcəksən,

Üzülən ömrünə toxta bax, çiçək!

 

 

Varmı...

 

Ay  bu məzarın yiyəsi,

Orda torpaq, dəniz varmı?..

Aranızda havalınız,

Dəli-divanəniz varmı?..

 

Axşamınız, sabahınız,

Savabınız, günahınız.

Orda sizin Allahınız,

Allahsız bəndəniz varmı?..

 

Nə yaman qucmusuz yeri,

Kimdi ölü, kimdi diri?

Qayıdanda mənnən geri,

Kəndə dönəniniz varmı?..

 

 

Lalə

 

...Lalələr içində,

Lalə olmaq qayğısını çək, lalə!

 

Musa Ələkbərli

 

Səni vurdu, hansı qışın sazağı,

Niyə gəldin bu zəmiyə gec, lalə?

Tələs, adi gül olarsan, yaz ağzı,

Yığ köçünü, bu yerlərdən köç, lalə!

 

Kim öyrətdi dərilməmiş solmağı,

Gözəlliyə hörülməmiş solmağı...

Niyə gördüm, görünməmiş solmağı,

Demərəm ki, günahımdan keç, lalə!

 

Od tutubdur bu zəmini, pis yanır,

Elə bil ki, duyğu yvanır, his yanır.

Yaman olur lalələrin üsyanı,

 Demərəm ki, günahımdan keç, lalə!

 

Oda salmaq, hər bəlanın işimi...

Lalə olmaq, hər lalənin işimi...

Saxlayıram bir aləmin işini,

Götür məni, bu yerlərdən uç, lalə!

 

Harda qaldı, bu nəğmənin yazarı...

O mənəmsə uçurmuşam hasarı.

Yanağında nə rəngidi, bu sarı -

Elə bil ki, olmayıbsan heç lalə...

 

 

Qurbanı

 

Ömrümün yarısı balalarımın,

Qalan yarısı da sözün qurbanı.

Mənim olanlara qurban mən olum,

Halal eyləyirəm sizin qurbanı.

 

Gələ qənşərinə müdam, nə yaxşı,

Gözəl dərdi ola qadam, nə yaxşı.

Ağına düşəndə adam nə yaxşı,

Olaydı cığırın, izin qurbanı.

 

Gözlərim həmişə gülər üzünün,

Ağrılı günlərim təpər, dözümün.

İlhamım şeirin, əlim ruzinin,

Ürəyim atəşin, közün qurbanı.

 

 

Balaca adaşıma

 

Tələsmə, hər şeyi düz anlamağa,

Tələsmə, dünyanı tez anlamağa.

Başlasa, başını dərdə salacaq,

Ürək anlamağa, göz anlamağa -

Get, adaş, get oyna, qurbanın olum!

 

Bilməyib kədərə gülmək,  bir aləm,

Dünyadan-dünyaya gəlmək, bir aləm.

Sonra heç birindən keçmək olmayır,

Yaşamaq bir aləm, ölmək bir aləm -

Get, adaş, get oyna, qurbanın olum!

 

Özünü bir dünya daddan qoyarsan,

Qohumdan, yoldaşdan, yaddan qoyarsan.

Kənddə toy çalınır, get quzu kəsim,

Əlinə xınadan-zaddan qoyarsan -

Get, adaş, get oyna, qurbanın olum!

 

Üzümdən dünyanın təlaşı getməz,

Dərdnən çilik-ağac yanaşı getməz.

Vasifin başında başqa havadı,

Heç onnan bir yerdə qardaşı getməz -

Get, adaş, get oyna, qurbanın olum!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!