Ey göydəki elçim,
Yanır içim.
Nə qədər düşünüm, ölçüm, biçim?!
Kürün ağzını döndər,
Mənə göndər.
Kürü içim!
Ulu Öndər!
Ya da oğlunu göndər.
Zaman üçün,
Odur seçim.
O yerlər yağışa, qışa, qara bağlı...
Qoy aranlı-dağlı
Hamımız olaq Qarabağlı!
Aranlarım, şoranlarım,
Cənnət bağlı olsun,
Həm də haqlı olsun.
Hər dərdimizin əlacı olacaq.
Yoxsa şoran torpağa
Nə əksək barı acı olacaq.
Oğlun üçün ağrılı, çətin, acı olacaq.
Amma özü başımızın tacı olacaq.
Yaradana çatdır,
Arzumuzu, orda yaxından.
Yoxsa əl çəkən deyilik yaxandan...
İmza: Bütöv Azərbaycan torpaqları
- Biz dedik,
Fikrət Qoca yazdı.
Yer kürəsinin
oxu laxlayıb
Dünyanın oxu laxlayıb,
Allah bizi "haq" deyilən,
Nazik bir sapın ucunda saxlayıb.
Aşağıda sonu görünməyən sonsuzluq,
Sapda toxluq, aclıq, susuzluq
Xülasə, əxlaqımıza görə
qoyduğumuz həyat
Ətrafda qoynuna ulduzlar səpələnmiş
Nurlu, yaraşıqlı kainat.
Səyyarələr saya gəlməz qədər çoxdu
Amma qaçıb sığınmağa
Bir adam boyu yer yoxdu.
İntihara da yoxdu ixtiyarım,
Məni dünyaya qadın gətirmişdi,
Ona görə sənə sığınıram yarım.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!