Doğulmayan adamın tərcümeyi-halı
Mən doğulmasaydım nə olardı, görəsən:
ata-anamın oğlu və beş bacının
bir qardaşı olmazdı ən azından,
nənəm sevincindən oynamazdı doğulmadığım o gün
və Məşhəddən gətirdiyi, qardaşının şərəfinə olan
bu adı verməzdi mənə.
Yaşadığım o ev, o həyət olardı yəqin ki,
- mənsizlik böyüyərdi orda.
Oxuduğum o məktəbə,
o universitetə mənsizlik yollanardı və
o yoxluğu kimsə başqa biri doldurardı, bəlkə də.
Dostlarım kiminsə
dostu olar, sevdiyim qızları başqası sevər,
məni sevənlər sevərdi
başqa birini. Mən olmadığım hər yerdə
kimsə olardı sözsüz,
məkan tarazlığını itirməsin deyə.
Kimsə olardı; eynən mən taledə,
eynən mən yaşda, mən boy-buxunda.
Bəlkə də zahirən fərqlənərdik
bir-birimizdən, bəlkə də elə bənzəyərdik bir-birimizə.
Mən doğulmasaydım
bu fikirlər kimin ağlına gələrdi indi.
Mən yaşadığım bu şəhərdə,
bu şəhərdəki bu evdə kim yaşayardı mənim yerimə.
Hər ömür bir məkan-zaman kəsiyi;
bir az sevgi, bir az nifrət,
bir az sevinc, bir az kədər,
bir az ümid, bir az da ümidsizlik.
Yəni bu müstəvidə adda-budda xoşbəxtliyə rəğmən
kim azalardı üzü öz yoxluğuna mənim yerimə?
Ya da mən
indi, elə bu an, bu zaman
elə bu şəhərdə, bu küçədə, bu evdə
kimin yoxluğunu doldururam, görəsən?
Kimin yerinə azalıram
nənəmin Məşhəddən gətirdiyi,
sevinc içində mənə verdiyi adı?
Mövcudolma(ma)
İldə bir neçə dəfə
yaşadığım şəhərdən kənar məkanlara
üz alıram, adətən. Və getdiyim o yerlərdə
yaşıllıqlar arasında gəzirəm, dənizdə çimirəm,
çay kənarında oturub fikrə dalıram -
məkan dəyişmələrini seyr edirəm,
zaman axarı barədə düşünürəm.
Məsələn, inanıram ki,
"axara nəinki iki dəfə, heç bir dəfə də girmək olmaz"...
Bir də və həm də
adamlar maraqlı gəlir mənə fərqli məkanlarda.
O yerlərdə:
gəzdiyim yaşıllıqlar arasında, çimdiyim dənizdə,
oturub fikrə daldığım çay kənarında ...
bir də və həm də müxtəlif adamlarda
mən də mövcud oluram, şübhəsiz,
mövcud oluram öz məkan ölçülərimə rəğmən.
Tərk etdiyim gündən
"mövcudolmama" başlayır o yerlərdə:
gəzdiyim yaşıllıqlar arasında, çimdiyim dənizdə,
oturub fikrə daldığım çay kənarında...
bir də və həm də müxtəlif adamlarda
mövcud deyiləm artıq
o yerləri tərk etdiyim andan.
Məkan ölçülərimsə həm tərk edir o yerləri,
həm də o yerlərdədi - bu ölçülərin cızdığı
bir boşluq qalır axı o məkanlarda məndən sonra.
Müxtəlif həndəsi formalarda
gəzən adamın boşluğu, üzən adamın boşluğu,
oturub fikrə dalan adamın boşluğu ... bir də
və həm də adamlarda itən adamın boşluğu.
Cürbəcür təsvirlərə malik boşluq:
"Hər şey olan heç nə".
"Mövcudolmama" -
bu qədər adi, bu qədər bəsit, bu qədər sadə,
yəni?!
V şəklində uçuş - azadlığın fəlsəfəsi
Qadın həbsxanası...
Tikanlı məftilə qonan quş
birdən pırr edib uçdu
məhbus qadınların gözləri qarşısında
və qəfil uçuşun arxasınca yüyürdü baxışlar.
Doğrusu, mən nə məhbus qadınları,
nə də onların baxışlarını gördüm.
Mən həbsxana divarının yanından ötərkən
bir quşun ürküb tikanlı məftildən
aralandığının şahidi oldum və qəfil uçuşun arxasınca
yüyürən baxışlar barədə düşündüm qeyri-ixtiyari:
elə şeylər var o qədər aşkar ki, şübhə doğurmaz.
Sonra ayaq saxlayıb,
V şəkilli uçuşları seyr etdim bir qədər: V V V...
hər biri ayrılıqda
bir uçağı xatırladar səmada həm də.
Və
azadlığın əsl fəlsəfəsini anladım:
azadlıq vərdiş imiş, demə,
hər yaranmışda olmayan bacarıq -
başqa heç nə.
Məsələn, quşların uçmaq vərdişi kimi.
Bir həyat tarixçəsinə düzəliş cəhdi
Fərz edək adam
zaman boyu qayıdıb geri
düzəliş eləyə bilir hadisələrə -
nə baş verər, görəsən?
Cavab üçün gərək
sadə bir əhvalat seçək əvvəlcə,
təxminən bitmiş bir həyat tarixçəsi,
dəyişək, yaxud silək
hansısa hadisəni və ya hadisələri
bu həyat tarixçəsində.
Bir həyat tarixçəsi:
İki nəfər. Kişi və Qadın -
belə baxanda, həyat var a həyat
bu ikilik üzərində qurular, əslində.
Beləliklə, iki nəfər.
Hadisələr ardıcıllığını keçirək nəzərdən -
nə bilmək olar, əsl gerçəklər
ədədlər arxasında gizlənib bəlkə də:
1 - Təsadüfən rastlaşdılar. Rastlaşmaya da bilərdilər.
2 - Tanış oldular. Tanış olmaya da bilərdilər.
3 - Sevdilər bir-birini. Sevməyə də bilərdilər.
4 - Ömürlük bir yerdə olacaqlarına söz verdilər.
Söz verməyə də bilərdilər.
5 - Övladları oldu. Olmaya da bilər, fərqi yox.
6 - Onları, yəni övladları, varsa əgər, sevdilər özlərindən çox,
yoxdusa, başqa bir şey, bəlkə də heç nə doldurar o boşluğu.
7 - Anladılar ki, sevgi bir o qədər vacib deyil,
əsas səmimiyyət, bir-birinə dərin hörmət və ehtiramdı.
Əksi də mümkündü: əsas sevgidi.
8 - Arabir darıxmağa başladılar bir yerdə ...
9 - Bir yerdə qocaldılar. Məntiq naminə
bu hadisəyə bir fraza da əlavə olunmalıdı:
və ya yolları ayrıldı hardasa
10 - Və öldülər nəhayət;
bəyənilməsə də, yəqin və yeganə gerçək hadisədi ölüm
və bu hadisədə heç bir ehtimal işə yaramaz, bunu hamı bilir.
Hamı bunu da bilir ki,
"hər nəfəsalma addım səsləridi ölümün".
Beləcə, iki nəfər...
və bitdi bir həyat tarixçəsi.
Bütün hadisələr
ikiölçülü müstəviyə köçürsək
iki adamın - Kişi və Qadının
iştirakından ibarət
bir əhvalata çevrilər hardasa.
İndi qayıdıb geri,
diqqətlə və ardıcıl keçirib nəzərdən
1-dən 10-dək bütün hadisələri
bu sadə hekayədə, sonra deyin:
Hansı və ya neçənci hadisəni
və ya hadisələri dəyişmək olar
bu (və ya hər hansı başqa bir) həyat tarixçəsində?
Sahibsiz ev və vaxtın səsə çevrilməsi
Vaxtilə bu evin sahibini tanıyırdım,
indi qarşısında dayandığım
üçmərtəbəli evi deyirəm.
Gülərüz, şən adam idi - həyatla dolu.
Arabir kədər sezilərdi gözlərində
pəhləvan cüssəli bu adamın.
Qəfil dünyasını dəyişdi.
Hazırda heç kim yaşamır evdə.
Yaxın qohumlarından biri
binanın qarşısındakı ağacları sulayırdı
mən binanın qarşısından keçərkən.
Saralmış yarpaqları, çürümüş meyvələri
süpürürdü bir qadın küçədən.
Səs dəyir qulağıma: çıq, çıq, çıq... Yadıma düşür,
dəhlizdə iri bir saat asılmışdı divardan. Fikirləşirəm:
saat işləyir hələ də.
Vaxtı səsə çevirir saat,
səs dalğa şəklində yetirir özünü mənə.
Beləcə, hər bir şey ya ani, ya da tədricən
çevrilir başqa bir şeyə "yoxolma" adıyla.
Uzaqlaşdıqca gözdən itir bina, ağaclar,
ağac sulayan kişi, küçə süpürən qadın... mənzərənin
ağ-qara təsviri köçür yaddaşıma, qulağımda hələ də
saatın çıqqıltısı - vaxtın möcüzə dolu harmoniyası.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!