Qismət olmayaydım ayrı torpağa:
Gözlərim Laçını görəydi bir də.
Sürünüb çıxaydım İşıqlı dağa,
Əllərim bənövşə dərəydi bir də. (Hüseyn Kürdoğlu)
Doğrayıb ürəyim, yarın, açın həsrəti,
Bir nisgilim var mənim, o da Laçın həsrəti. (Osman Alıyev)
Könlüm o yerlərin həsrətin çəkir,
Qəlbim qan ağlayır, gözüm qan tökür,
Dövran çox arzumu kədərə bükür,
Vətəndə vətənsiz qalmışam, Laçınn! (Polad İlyas)
Validəyəm, dondum ömrün qışında,
Qan rəngi var gözlərimin yaşında.
Sızlar yaram ürəyimin başında,
Laçın mənsiz, mən Laçınsız qalandan. (Validə Ərzumanlı)
Laçınsız nə həyat, laçın qanımdı,
Onsuz keçən günlər ah-amanımdı,
Laçından gətdiyim quru canımdı,
O dağlarda vuran ürəyim qalıb. (Aydın Qədimoğlu)
Mən işvəli bir gözələm –
Qışda qəlbim buz bağlayıb,
Yazda coşub-çağlamışam.
Dəlidağdan, Əriməzdən
Uzadaraq qollarımı
Qoşa-qoşa hörükləri
Həkəridə bağlamışam.
Kəyan düzü önüm olub,
Sarıbaba – arxam mənim.
İstisu – şəfa qaynağım,
Çiçəkli – loğman çəmənim.
O Çalbayır – büllur sinəm,
İşıqlı dağ – şəhla gözüm.
Qabaq təpə – saf ürəyim,
Kirs zirvəsi – şöhrət tacım.
Murov, Qoşqar cüt qardaşım,
Qırxqız olub doğma bacım. (Xasay Cabbarov)
Yığılın, ay ellər, baxın doyunca,
Çiçəklər içində azıb Laçınım.
İlləri gül kimi düzərək sapa,
Dağların boynundan asıb laçınım.
Cənnətin özüdür İpək yaylağı,
Sarıbaba ceyran-cüyür oylağı,
Meşələr bəzənib gəlinsayağı,
Həyalı gözəl tək susub Laçınım. (Teyyub Türkoğlu)
Gəl sənə söyləyim, ay vətən oğlu,
Qucağı bir cənnət anaydı Laçın.
Yox idi oxşarı, tay-bərabəri,
Sonalar içində sonaydı Laçın. (Elşad Qasımoğlu)
Mən Laçında gördüm ömrün dadını,
Ötüb keçən aya, günə həsrətəm.
İnsanların orda gördüm şadını,
Ötüb keçən aya, günə həsrətəm. (Rəfayıl Mayıl)
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!