Mən çoxdan duymuşam gidi dünyanı,
Mən eşqin dadını erkən bilmişəm,
Dünyaya nur saçan geniş səmanı
Ömrümə açılan yelkən bilmişəm.
Zülmətdən işığa açdım yolumu,
Torpağa inandım, bir də Günəşə,
Qoparıb səmadan bəxt ulduzumu
Bütün yer üzünə səpələmişəm.
Torpaqda göyərdim, torpaqda bitdim,
Səs saldım təklikdə sıxılan göyə,
Mən Allah olmaqdan imtina etdim
İnsana uzaqdan baxmayım deyə...
1969
Bir bayatı çağırdılar...
Bir bayatı çağırdılar xarabazar görəndə,
Xan əminin ruhi idi-avazından tanıdım.
Yağı düşmən fürsət tapıb
məkanına girəndə -
qartal gözün çıxartmışdı -
yuvasından tanıdım.
Bu yerlərin doğma, əziz hər ağacı, hər daşı,
qara çınqıl parıldadı-isaladanda göz yaşı,
bəyaz qarı saç qaraldan,
göz dərmanı yağışı;
Şuşa çiskin içindəydi -
havasınnan tanıdım,
Odlar yurdu qəlbimizi alovlarda yoğurdu,
bu yerlərin anaları pələng, aslan doğurdu,
savaş gördüm - biri basıb birisini boğurdu;
boğan bizim əsgər idi - davasınnan tanıdım!
Dağı-daşı oynadırdı mərmilərin nərəsi,
qorxa-qorxu boy atırdı nar kolunun pöhrəsi,
şüşəsində tanış qızın ilğım kimi çöhrəsi -
dağıdılmış pəncərənin aynasından tanıdım.
Sarı qaya dumanlarda -
sanki qəlyan çəkirdi,
duman-dizin yerə qoyub
dəvə kimi çökürdü,
qara torpaq bir nəfəri öz kamına çəkirdi -
köç eləyən Şəhid imiş, el yasınnan tanıdım.
Azad olan Qarabağım daha şaqraq güləcək,
alçalmadıq - yeni nəsil bizi Kişi biləcək,
ilk misramdan bir pərvanə
- "Vahid Əziz" - deyəcək -
"özgəsinə bənzəməyən yazısınnan tanıdım...".
27.X.2020
03.40
İndi yaşananlar -
ibrət dərsləri...
Ekranda bir qızın gözlərində yaş,
fikrini çaşdırır mərmi səsləri,
adi döyüş deyil bu qanlı savaş,
həm də ibratəmiz həyat dərsləri.
Hamı qərq olunur qəmə, qəhərə,
ömürlər dağınır, vaxt çilik-çilik,
düşmən fərq qoymursa kəndə, şəhərə,
biz niyə salırıq ayrıseçkilik?!
Vətən məhəbbətli, qəlbi vüqarlı,
savaşa atıldı minlərdə igid,
savaş meydanında kasıbla-varlı,
kasıb da şəhiddir, varlı da şəhid!
Hər kəsə doğmadır xalqının adı,
Vətən Qələbənin astanasında,
Azəri əsgərlə bir sıradadı -
Talış övladı da, Kürd balası da.
Fikirdən bivədə ağardı başım,
savaş dediyimiz qanlı kirkirə,
var ol, Avar gənci, Ləzgi qardaşım,
silaha sarıldın mənimlə birgə.
Mərhəmət ən ülvi eşqdir dünyada -
döyüşə atılır sarışın cavan,
böyük Rus xalqının oğlu olsa da,
düşməni rədd edir Qarabağımnan!
Adi döyüş deyil bu qanlı savaş,
indi yaşananlar ibrət dərsləri,
hamımız birlikdə Ana Vətəndə,
ayrıseçkilikdən əl götürməli...
21.X.2020
12.30
Silahını inamla tut...
Silahını inamla tut
yoxuşları qalxa-qalxa,
igid əsgər, qara bulud
tələsir Şuşaya yağa.
Ulu şəhər boz dumanda,
kül oldu - "yaxşı" - "yamanda!"
Ağlamaqdan kor olan da,
tələsir Şuşaya baxa.
Qəddi sındı ədalətin,
üzü bərkmiş ədavətin!
Haqq şimşəyi millətimin
gərəkdir Şuşaya çaxa!
Əmr elədi Baş Komandan,
zireh geydi Azərbaycan.
Bayrağımız Paytaxından
gəldi ki, Şuşaya qalxa...
Ali Baş Komandan...
Bizə tərəf çəkir vaxtı-kəfkiri,
savaş Qələbəylə yetəcək sona,
Ali Baş Komandan bizlərdən biri -
o, bizə inandı, bizlər də ona!
Göstərdi yolları Öndər əliylə,
mehriban yaşatdı xalqıyla illər,
dar gün belədir ki, biri-biriylə
hamını ya düşmən, ya dost eləyər.
Qəlbən xəbərdaram el sevgisindən -
millət "Heydər" - deyib, "İlham" eşidib,
ruhu bağışlayar Öndərin, desəm:
"Atadan bir addım da irəli gedib!"
Bir amal yolunda toplayıb gücün,
iç-içə yaşadı xalqla ilbəil.
gərək - kor olasan görməmək üçün;
naşükür qalanlar - bizlərdən deyil!
Hələ gör kimlərlə baş-başa gəlib?!
bütün "supergüclər" yalançı, satqın,
vaxtından anlayıb, vaxtında bilib,
içində nələr var - "Üçlü yastığın".
Vətən iki qardaş Liderlə pərvaz -
bunu hər düşünən çoxdan anlayıb:
"Can-can deyən çoxdu, canı yanan az -
Türkün-Türkdən başqa dostu olmayıb!"
Bizə tərəf çəkir vaxtı-kəfkiri,
Qələbə yol gəlir Azərbaycana,
Ali Baş Komandan bizlərdən biri,
o, bizə inandı, bizlər İlhama...
28.X.2020
00.20
Qara bulud, sonra ələn...
Göydə gəzən qara bulud,
Qələbə bizim olmalı,
hələ bir az nura bilən;
düşməndəki üfunətdən
Qarabağ çox yuyulmalı,
şimşək çaxıb sonra ələn!
Qələbəyə bir az qalır,
Ordu hər gün zəfər çalır,
gözəl yağış, yaralılar
su istəyib haray salır;
Şəhiddir savaşda ölən,
məzarlara sonra ələn.
Millətin bir arzusu var,
gəzər dillərdə dualar,
bu savaşın baş ucunda
Ay-ulduzdu Bayraq durar;
yaş çəkilsin, gözlərimnən,
ay yağmurum, sonra ələn.
Darıxma, dərd xeyli çəkməz,
haqqın Zəfəri gecikməz,
istəyindən xəbərdaram -
yağmasan gül-çiçək bitməz,
mən də yağmuru sevənəm,
Qara bulud, qalib gələk,
güllərlə sonra məzələn...
28.X.2020
11.00
Pis olmaz...
Qələbələr sevincindən gözdə yaş -
torpağımız birdə o cür basılmaz!
Öz qədrimiz bilinməli, a qardaş -
belə etsək Bayrağımız salınmaz.
Tarix boyu çəkilsək də sınağa,
tuş olsaq da doğmalardan qınağa,
özümüz ac, yağlı tikə - qonağa!
bir balaca ağıllansaq - pis olmaz.
Sevinmişik yad qapını döyəndə,
düşmən bizi tərifləyib öyəndə,
zəkalımız gerçəkləri deyəndə,
çəmkirmişik - "Kəs səsini, a qanmaz!"
Qələbədə Xudafərin anı var,
hər daşında bir igidin qanı var,
soy-kökümüz rəzil, nökər sanılar,
hər buyruğa başımızı əyəndə.
Qaliblərik - nur gəlməkdə gözlərə,
təbəssümlər çilənməkdə üzlərə.
bu son döyüş bir dərs olsun bizlərə -
Sərkərdəsiz gedən torpaq alınmaz!
Qələbələr sevincindən gözdə yaş,
ürəklərdə həm ümid var, həm təlaş.
öyüdləri yaxşı eşit, a qardaş,
Şair sözü axı yerə salınmaz...
26.X.2020
11.30
Daha yetər, xəzan, çəkil...
Daha yetər, xəzan çəkil,
daşan səbrin siləsiydi,
bu bağ adi "qara" deyil,
gözümüzün giləsiydi.
İllər gördü Ana Vətən,
xeyli oldu ağır ötən,
bir gün düşmən öhdəsindən
bir kişisi gələsiydi!
Az olmadı giley, qınaq,
sicimi qırdı doğanaq,
əzəl gündən üzlü qonaq
aqibətin biləsiydi.
Qıra bilməz namərd qolu,
əyilsə də haqqın yolu,
biz - Allahın sadiq qulu,
düşmən - Şeytan köləsiydi!
İllər gördü Ana Vətən,
xeyli oldu ağır ötən,
bir gün düşmən öhdəsindən
kişi oğlu gələsiydi!
İnanırdı Azərbaycan,
tutub uzun qulağından,
düşmən izin Qarabağdan
həmişəlik siləsiydi.
Gördüm yaxından-uzaqdan,
səndələyir qatil olan,
düşmənin beynin laxladan -
Əliyevin silləsiydi...
21.X.2020
Könül saflığından
düşdük qırğına...
Qəzəb mərmi kimi partladır məni,
baxmır qarasına, baxmır ağına -
Vətən anlayışsız mənfur erməni
göz qoyur Yurdumun böyük bağına.
Gözlərdən yaş tökən, qulaqlar didən -
illərlə mənasız söhbət, danışıq!
Danışma xalqımın mərhəmətindən;
xain billə-bilə bağışlamışıq.
Odda "kərəmləri" - yaxdı "əslilər",
babalar düşmənə Yurd bağışlamış,
sevgidən deyilmiş o canlı əsər,
qanlı savaşlardan söhbət açırmış.
Şuşam, gözün aydın, açıldı yollar,
məlhəm sorağında ağrılı illər,
ilan zəhərindən dərman tutular,
bu, ilan zəhəri ayrı cür zəhər!
Qəzəb-mərmi kimi çatladır məni,
könül saflığından düşdük qırğına.
Vətən anlayışsız mənfur erməni
qəsd edir Yurdumun Qarabağına...
20.X.2020
Sabah...
Açılmaz, göylərin sirləri dərin,
yenə oldu Günəş doğacaq sabah,
döyüb şüşəsini pəncərələrin,
şəfəqlər əlimi sıxacaq sabah.
Sevinib - güləcək bu el-obamız,
Müjdəylə gələcək badi-səbamız,
Ulu Dədə qorqud - cəddəbabamız
bizi ətrafına yığacaq sabah.
Soraqlar gah aram, gah hürkək gəlir,
səbir hərdən qoşa, hərdən tək gəlir,
Allah adamıyam, mənə vəh gəlir:
Ordumuz düşməni yıxacaq sabah!
Bu, ata ocağı, müqəddəs ana.
məni - "Övlad" - deyib atdı cahana,
duydum - qalib gələn Azərbaycana,
dünya heyran-heyran baxacaq sabah!
13.X.2020
13.10
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!