Şanlı Azərbaycan Ordusu qırx dörd günə
Qarabağı düşmənlərdən azad etdi.
İyirminci ildir bu il, on noyabr...
İşğal altda qaldığımız son noyabr.
Şah noyabr, bəy noyabr, xan noyabr,
Millətimiz tarix yazdı qırx dörd günə!
Yağılara bu da azdı qırx dörd günə!
Mələklərin qanadını qanatdılar,
Haqdan çıxıb nahaq yola can atdılar,
Dünənəcən mifə uymuş fanatdılar,
Haqq yolunu Allah açdı qırx dörd günə,
Keşiş xaçı atıb qaçdı qırx dörd günə.
Muradıma axır çatdım, dünya gördü,
Dağ başında tonqal çatdım, dünya gördü,
Papağımı göyə atdım, dünya gördü,
Çoxu ulduz kirələdi qırx dörd günə,
Xam gözləri bərələdi qırx dörd günə.
Bayraq tutdum, bayrağımın sapı özüm,
Qapı-qapı niyə gəzim? Qapı özüm,
Qələm özüm, sənəd özüm, tapu özüm,
Baş Komandan imza atdı qırx dörd günə,
Qələbəyə üç rəng qatdı qırx dörd günə.
Cığır açdıq şəhidlərin qanı ilə,
Qürrələndik qazilərin sanı ilə,
Addım-addım, qarış-qarış, Tanrı ilə,
Qırx dörd illik bir yol keçdik qırx dörd günə,
Oğul kimi zor yol keçdik qırx dörd günə.
Döşəyirdi Bayraqdarın PUAları,
Fal açırdı mərmilərin şüaları,
Anaların, bacıların duaları,
duz, üzərlik can verirdi qırx dörd günə,
Böyük-kiçik qan verirdi qırx dörd günə.
Ərdoğanla İlhamımız bir oldular,
Şirdən doğub törəyənlər şir oldular,
Xəzər, Egey, Dəclə, Fərat, Kür oldular,
Birlikdə əl qoydu onlar qırx dörd günə,
Qızıl heykəl qoydu onlar qırx dörd günə.
Öyünürdün, "Bəs nə oldu, Paşinyan? hey!"
Qənşərində buza dönüb aşın, yan, hey!
Kürkünə ac birə düşüb, qaşın, yan, hey!
Soyadını get dəyişdir qırx dörd günə!
Adın ağır bir söyüşdür qırx dörd günə.
Qırx dörd günün hər saatı, anı nida.
"Azərbaycandır Qarabağ!" sonu nida.
Balıqlar da düppələndüz üzdü suda,
Qırx dörd misram səs-sədadır qırx dörd günə,
Əjdər Ol da bir nidadır qırx dörd günə.
12 noyabr 2020
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!