Bayrağını uca qaldır, ana Vətən - Xanəli Kərimli

 

Lirik poema

 

Ana Vətən! Sən günəşli ölkə kimi var olsan da yaranışdan,

Başın heç vaxt açılmadı nə borandan, nə şaxtalı qarlı qışdan!..

 

***

Azərbaycan bir üzüksə, o üzüyün qaşı sənsən, Qarabağım,

Azərbaycan bir bədənsə, o bədənin başı sənsən, Qarabağım,

Azadlığın, enməzliyin əfsanəvi yaşı sənsən, Qarabağım.

Həm kədərli, həm sevincli gözümün də yaşı sənsən, Qarabağım.

Sənsiz mənim ürəyim də para idi, yara idi, Qarabağım,

Sənin belə quru adın dərdlərimə çarə idi, Qarabağım.

İllərdir ki, şeytanlığın, iblisliyin beşiyində dustaq idin,

Sinəmizə çalın-çarpaz çəkdirilən bir dağ idin, Qarabağım.

Nə əlimiz, nə ünümüz yetməyirdi nə bir kəsə, nə də sənə.

Əriyirdik, əriyirdin, sozalırdıq ildən-ilə, gündən-günə.

ATƏT-lərin, matətlərin əlində bir oyuncaqdın illərlə sən,

Qara günün, qara bəxtin əzabını hey çəkirdin günlərlə sən.

Səndən ötrü vurnuxurduq, əzilirdik içimizdə, çölümüzdə,

Səndən ötrü ayaqdaydı oğlumuz da, qızımız da, ...ölümüz də.

Kimlərinsə günahının olmuş idin sapand daşı, qan savaşı,

 

2

 

Onunçün də sinən üstə at oynatdı oğrubaşı, quldurbaşı.

Canımızı dişimizə tuta-tuta, sıxa-sıxa dözdük yenə,

Çarən üçün illərdir ki, qitə-qitə, ölkə-ölkə gəzdik yenə,

Açılmayan düyün idi taleyinə düşmənlərin yazan yazı,

Düşünürdük, sənin xilas yolun çəkər bundan sonra qırx il azı...

Əllərimiz üzülmüşdü haqq deyilən, fakt deyilən dərgahdan da,

Ancaq yenə ümidimiz kəsilmirdi Haqq deyilən Allahdan da.

Haqqımızı yeyirdilər gözgörəsi bilə-bilə, qana-qana,

Qovrulurduq içimizdə köz üstündə cızdağımız yana-yana.

Vuruşurduq, döyüşürdük içimizdə özümüzlə, sözümüzlə,

Sənin dustaq taleyinə dözənmirdik qəlbimizlə, gözümüzlə.

Ancaq Zaman inad ilə səbir dedi, dözün dedi bizə bir az,

Bu haqsızlıq, şərəfsizlik ömrü boyu belə getməz, belə qalmaz...

Bu da bəlkə bizim üçün bir imtahan bir yazıymış sınaq üçün,

Dostumuzla düşmənimi ayırd edib seçmək üçün, qınaq üçün...

Qarabağım! Sənin qara bəxtin üçün günahkarıq biz hamımız,

Biz özümüz özümüzə qənim olub qurban dedik canımızı

Özgələrə, gəlmələrə, çörəyi də dizi üstə olan şeytan ölkələrə.

Qonaqladıq, qaraladıq, süfrəmizi paraladıq ac-yalavac alçaqlara.

Qucaq açıb yerləşdirdik şeytanları, iblisləri isti otaq-ocaqlara.

Qanı qanla yumalıykən qanı yuduq su ilə ki, biz insanıq,

 

3

 

Allah xoflu, iman xoflu, əli kitab "Quran" xoflu müsəlmanıq.

Bizim kimi millət yox ki, bu dünyada, ağzımızın tikəsin də,

Cibimizin son qəpiyi, sikkəsin də saxlamışıq qonaq üçün,

Dedik əsir-yesirlərə, yazıqlara: "buyur, gəlin, başa keçin".

Özümüz öz əlimizlə quyu qazdıq özümüzə, sözümüzə,

Handan-hana ayılanda ha döysək də dizimizə, üzümüzə,

Ox kamandan çıxmışdı ta, özümüzü öz əlimiz yıxmışdı ta,

Çörəyimi yeyən düşmən xəncərini ürəyimə soxmuşdu ta...

"Öz-özünə eyləyənə el yığıla edə bilməz" məsəli var,

Heyif, bizi gec ayıltdı bu məsəllər, bu hikmətlər, bu kitablar.

Özümüzə qayıtmaqçün yollar gəzdik illərlə biz, aylarla biz,

Zülmətləri yara-yara, qova-qova axtarırdıq təmiz bir iz.

Şükür Tanrı dərgahına, şükür Haqqa, Qarabağım - sinə dağım,

İndi-indi ayaq açır yeni dövrüm, yeni çağım, ilk növrağım.

İndi daha Günəş doğub - zülmətlərin bağrın yaran yeni Günəş,

O Günəşin şəfəqindən güc alaraq işıqlanır yeni duyğu, yeni həvəs...

Bundan sonra səni səndə ovudacaq o Günəşin hərarəti,

Saflaşdırıb duruldacaq hər arzunu, hər istəyi, hər niyyəti.

Bundan sonra Xarıbülbül pardaqlansın, çiçəkləsin ürəyincə,

İsa bulaq hey çağlasın bundan sonra gərəyincə, görəyincə.

Səni sənə qaytardı o Haqqa bağlı ulu qüvvət, ulu qeyrət,

 

4

 

Bu qeyrətin qabağında diz çökübdü xəstə "millət", cılız "dövlət".

Bu da bizə bir dərs olsun, bir dərs oldu, gözüm nuru, Qarabağım,

Bundan belə qoy başlasın arzu dolu, ümid dolu yeni çağın.

Bəsdi daha qucaq açdıq, çörək verdik bəşəriyyət düşməninə,

Kökü-soyu haydan gələn hayla gedər, lənət bunların cəminə...

İçimizdə kök salmısdı, qan salmışdı illər boyu düşmən əli,

Havadarlar əli ilə üstümüzə uzanırdı tülkü dili, ilan dili.

Hər biri də yerləşmişdi ürəyimin şah damarı keçən yerdə,

Əlimizi, qolumuzu bağlamışdı Vətənimdə və hər yerdə.

Doğurdular, artırdılar tülkü kimi, siçan kimi qırx gündən bir,

İçimizi, çölümüzü qoxutmuşdu, iylətmişdi basmışdı kir.

"Bir az yana çəkil" decək haylaşaraq, birləşərək hürürdülər,

Bizi bizdə ovsunlayıb aldan-altdan işlərini görürdülər.

Üç yüz ildir qanımıza qan qatdılar bilə-bilə, görə-görə,

Üç yüz ildir başımızı aldatdılar şirin vədələr verə-verə.

"Bilmədilər" yalan ayaq tutar getməz, sona yetməz,

"Bilmədilər" təmiz torpaq hiylə ilə, kələk ilə bar yetirməz.

Çörəyimə, ürəyimə dönük çıxdı haqqa dönük çıxan "millət",

Haqqa dönük çıxanlarda olmayıbdı nə cəsarət, nə də qeyrət.

İndi düşüb ayaq altda rəzil olub yalmanırlar o qapıda, bu qapıda,

İndi daha üz döndərib şərəfsizdən yaxını "düşmən sapı da".

 

5

 

Qarabağım!!! Qarabağım!!! İftixarım, şərafətim, baş tacımsan!!

Azadlığım, ucalığım, enməzliyim, əbədilik amacımsan, əlacımsan.

Səndən ötrü qan tökmüşük tarix boyu nəsil-nəsil, fəsil-fəsil,

Səndən ötrü qan tökürük bu gün də biz şəhid-şəhid, əsil-əsil.

Havan təmiz, suyun təmiz, çörəyinin dadı təmiz, tamı təmiz,

Saf ilqarın, təmiz duyğun, təbiətin füsunkar ilhamın təmiz,

Onunçün də tarix boyu göz dağısan azğınlaşmış alçaqlara,

Onun-bunun bucağında, qucağında yallanan o yaltaqlara.

Yaltaqlığın, alçaqlığın həddi yoxdur, səddi yoxdur yaranışdan,

Yaltaqlığın, alçaqlığın gətirdiyi bəlalar da qoxuludur qarlı qışdan.

Ancaq Haqqın haqq gücü də gec eyləyir güc eyləyir el demişkən,

Bir güc var ki, Haqdan gəlib, Haqqı deyir həm yenilməz, həm döyüşkən:

Bu güc bütün məzlumların, qaçqınların, köçgünlərin haqqın tutan ulu türkdür,

Onun sözü, onun gücü Tanrı qədər çox ötkündür, çox böyükdür!

Bu dünyaya düzən üçün göndərilmiş enməz Tanrı ordusudur,

Ulu Türküm Haqq istəyən hər millətin ən müqəddəs arzusudur.

Mən də türkəm, bu düzəndə mənim də öz haqqım vardı, payım vardı.

Onunçün də Haqqa qənim olanların gözü kordur, qəlbi dardır.

Qarabağım, sən Haqq deyən bir millətin inadından doğulmusan,

Al bayraqlı, dan ulduzlu, nur hilallı bir səhərdən var olmusan.

İndi daha ruhun gülür, qəlbin gülür, gözün gülür, üzün gülür,

 

6

 

Görüşünə əli güllü, çiçək dolu dəstə-dəstə ellər gəlir, illər gəlir.

Üç yüz ildə görməmişdin sən bu qədər nə cahcəlal, nə təntənə,

Alqış deyir Yer də, Göy də taleyinə işıq saçan bu xoş günə.

Bu xoş günə qovuşmaqçün üç yüz ildir yol gəlirdi Azərbaycan

Bu xoş günə qovuşmağı gözləyirdi Şah İsmayıl - ulu xaqan...

***

Qarı düşmən, papağını (varsa əgər) qoy qabağa düşün bir az,

Yaltaqlıqla, alçaqlıqla nə bir dövlət, nə bir ölkə qurmaq olmaz.

Yaxşı deyib bəy babalar, xan babalar, hər sözü mərcan babalar:

"Oğrudan ev quran olmaz ev sahibin girdən salar, vardan salar".

Sən Allahın qarğımışı, oğrubaşı, "yazıq", "məzlum" quldurbaşı,

Hələ bir az amanın var, ətəyindən tök bu daşı, kəs savaşı,

Bir tikəyə qul eyləyib oynadırlar səni əldə, "can" deyirlər sənə dildə,

Onlar da çox gözəl bilir boğulassan, batacaqsan daşan seldə...

Yüz illərdir dadanmısan türk qanını içməyə sən şərbət kimi,

Talamısan havadarlar əli ilə türk yurdunu sərvət kimi.

İndi qalxıb ayağa, bil, haqq savaşlı Turan eli - Haqqın güclü vuran əli,

Silkələyib oturdur o öz yerində Haqqa dönük "millətləri", "ölkələri".

Baş kəsməklə, qan tökməklə yaşayarsan beşcə günlük, bir həftəlik,

Ondan sonra bükəcəklər dizlərini olacaqsan əldə ənik...

Tarixlərdən xəbərsizsən, çünki özün soysuz-köksüz tarixsizsən,

 

7

 

Tarixlərə yamaq olan zatı, kökü bilinməyən bir iblissən.

Qarı düşmən, yüz ildən bir öz əlinlə öz ölümünə qol çəkirsən,

Yüz ildən bir bəşəriyyət tarlasına fitnə səpib qan əkirsən.

Ancaq yenə abır hissi yoxdur səndə nə dünəndə, nə bu gündə

Sən çıxdığın, sən gəldiyin yerə kimi qovacağıq səni, düşmən,

Tökdüyün qan dənizində boğacağıq nəsilliklə səni həmən.

Bəlkə onda bəşəriyyət xilas oldu sənin kimi şər püskürən bir iblisdən...

 

***

Başı uca olan Vətən, ucalardan ucadasan dünəninlə, bu gününlə,

Bir azadlıq məktəbisən həm sağınla, həm solunla - hər yönünlə.

Onsuz da bir canda idik, indi də bir can olmuşuq - Qarabağlı,

Həm Göyçəli, Zəngəzurlu, İrəvanlı, Naxçıvanlı, Qardağlı...

Sənsiz bizim bir anımız, bir günümüz olmamışdır, ana Vətən,

Səndən belə bircə qor da aparanmaz min-min gələn, min-min gedən.

Səndən ötrü, Məmməd Araz demiş belə "biz hamımız ölə billik".

Səndən ötrü qəlbimizi, canımızı qıyma-qıyma bölə billik.

Qarı düşmən yaxşı görüb, yaxşı görür qüdrətini, cürətini,

Yaxşı bilir canındakı, qanındakı heyrətini, qeyrətini.

O heyrətdir, o qeyrətdir səni daim uca tutan, ana Vətən!..

O heyrətdən, o qeyrətdən doğulubdu sənin üçün şəhid düşən!..

Hər qayanda, hər daşında, çiçəyində, gülündə də şəhid qanı,

 

8

 

Bu dünyada "şəhid qanı tökülməyən ölkə hanı, vətən hanı"

Vətən şəhid qanı ilə yoğrulmuş bir torpaqdır ki, yox qiyməti,

Bu qiymətin qiymətidir mərd igidlər, şanlı oğullar qeyrəti

Azərbaycan, sən analar anasısan, Qarabağ da balan sənin,

Öz balana qovuşsan da, bilirəm ki, qövr eyləyir yaran sənin.

Zəngəzurun, Göyçə gölün, İrəvanın... yol gözləyir azadlıqçün,

Duyğuları oyatmalı, İlkininə qayıtmalı, olmalısan vahid-bütün.

Buna sənin cəsarətin, ləyaqətin, inamın da çatır, Vətən!

Bütöv olsan, vahid olsan, çəkinəcək, susacaqdır yoldan ötən...

Sən dünyaya Xətailər, Nadirləri bağışlayan məmləkətsən,

Bütün Şərqdə ilk azadlıq bayrağını qaldıran da, axı, sənsən,

Cümhuriyyət havasını sən daddırdın bütün Şərqə, bütün Qərbə,

Ətalətə, mütiliyə, köləliyə sən çalmısan ilkin qılınc, ilkin zərbə.

Bundan sonra mürgü vurub Haqq yolunda ləngiməyə haqqın yoxdur,

Ayaq üstə qalmaq üçün hər imkanın, hər qüdrətin yetər... çoxdur.

Bayrağını uca qaldır, ana Vətən, indi meydan, söz sənindir,

Sən Tanrıdan yaranmısan Tanrı köklü bütün Turan Vətənindir!..

Bütün tarix sədlərini əbədilik qırmaq üçün, enmək üçün,

"Vətəninin sərhədinə, son həddinə, son səddinə dönmək üçün,

Zaman döyür qapımızı,

                        yaman döyür qapımızı,

                   yaman döyür qapımızı!!!".

 

25-29.10.2020


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!