Azərbaycandır Qarabağ... - Vahid Əziz

Doğmadır torpağı, daşı,

Türk övladı vətəndaşı,

ömrü-günü, can sirdaşı;

biri alov, biri ocaq -

Azərbaycandır Qarabağ!

 

Tanıyarlar boyumuzdan -

irsimizdən, soyumuzdan,

su içər öz quyumuzdan

biri gövdə, biri budaq -

Azərbaycandır Qarabağ!

 

Dünya-dünya olan gündən

varlığımız ona Vətən,

biri-ürək, biri-bədən;

hər ikisi Ulu torpaq -

Azərbaycandır Qarabağ!

 

Baba adı "Odlar Yurdu",

keşikçisi igid Ordu,

biri-alov, biri ocaq -

bizimdir, bizim olacaq -

Azərbaycandır Qarabağ!

 

 

Ləngimə, tez yetiş,

böyük qələbə...

 

Nəğmətək dillərin əzbəri oldun -

indi sənin adın düşübdür dəbə,

dalınca yollanıb müzəffər Ordun,

ləngimə, tez yetiş böyük Qələbə!

 

Bir azdan dağlara çiskin çökəcək,

yollara cumacaq dumanlar, sazaq,

Xətai qılıncın orda elə çək,

adını hər çarpan ürəyə yazaq.

 

Səninlə birlikdə taleyimizə

qızılla yazılar Sərkərdə adı,

qırıcı təyyarə, tank öz yerində -

Qələbə piyada ayağındadı!

 

Qələbə - Yurduma Tac qoyulan gün,

var olsun zabitim, var ol, əsgərim,

imkanım olsaydı hər döyüşçünün

ayağı altında qurban kəsərdim!

 

Sarmanım boynuna gəl gülə-gülə,

Doğmalar hicranı belə uzatmır.

Görünür - "İsmayıl Qurbanı" belə,

hələ də insanın ağlına batmır.

Nəğmətək dillərin əzbəri oldun,

indi sənin adın düşübdür dəbə.

dalınca yollanıb müzəffər Ordun,

ləngimə, tez yetiş böyük Qələbə...

                                               

 

Savaş bitib?..

 

Qarabağın bağlarında

xeyli qara tikan bitib,

hamısını doğramasaq,

demək olmaz - "Savaş bitib".

 

Zirvələr üzə gülməsə,

Bayrağımız yüksəlməsə,

ilan başı əzilməsə,

demək olmaz - "Savaş bitib".

 

Ağırdır qurduğu kələk,

düşmən tərəfində fələk.

izlərini kürüməsək,

demək olmaz "Savaş bitib".

 

Evlər yıxdı ötən illər,

erkən soldu açan güllər.

qisas almasa yetimlər,

demək olmaz "Savaş bitib".

 

Düşmən başını əyəndə,

gic təpəsinə döyəndə,

bizdən imdad diləyərək,

ilan kimi mələyəndə;

deyəcəyik - "Savaş bitib!".

 

28.X.2020 

 

 

Bu gün bir aydı ki, yurd savaşdadı...

 

Bu gün bir aydı ki, Yurd savaşdadı,

irəli gedirik, yalnız irəli.

Sıxılma, Qarabağ, demə - "Uzandı...",

qərinə yanında bir ay nədir ki?

 

Göz var - Otuz ildir, inan ki, yatmır,

zəfər ümidsizin ağlına batmır.

Misralar hönkürdüm Şuşaya çatmır,

mərmi bağıranda haray nədir ki?

 

Düşmən öz zatına söyüb qaçacaq,

Başına, gözünə döyüb qaçacaq,

sürünə-sürünə vaylar çalacaq;

hələ çox salacaq, bu vay nədir ki?

 

Payız təzə girib, yay bizimkidi,

yaslar düşmənlikdir - toy bizimkidi,

hesabın itirib, say bizimkidi,

Fələyin saydığı o say nədir ki?

 

Yaşadıq yüzlərlə ağır ayları,

düşmən əsir etdi coşan çayları,

Qarabağ tanıyar bizim soyları,

Soyumuz yanında o soy nədir ki?!

Bu gün bir aydı ki, Yurd savaşdadı,

Biz dedik - "adam ol" düşmən başladı,

sıxılma, Qarabağ, otuz il dözən -

qərinə yanında bir ay nədir ki...

 

28.X.2020

13.10

 

 

Əsgərin...

 

Şəninə bəzədim bəyaz kağızı,

düşməni qovaraq qaçan əsgərin.

Alnından öpəcəm Bayrağımızı

İsa bulağına sancan əsgərin.

 

Yuxumda görmüşəm - aydınlıqdı su,

çin olur gözlərin qaçaq yuxusu.

bircə gün rahatca yatmaq arzusu,

səhəri səngərdə açan əsgərin.

 

Sən cəsur pəhləvan, savaşda aslan,

vur, qüvvət qoluna, qələbə sənin!

sözümüz sözdür ha... şair də olsam -

kaş, biləm dönməyi haçan əsgərin?!

 

Mərmidən səksəndi bir vaxt bələkdə,

indi düşmən üstə od ələməkdə!

Qarabağ sevgisi üstələməkdə -

yadında yar ilə hicran əsgərin.

 

Od-alov tutacaq sönmüş ocaqlar,

tarixdə qalacaq bu qanlı çağlar,

arabir xəfifcə dodağı qaçar,

mürgüdə evinə uçan əsgərin.

 

Şəninə həsr oldu bu kövrək yazı,

düşməni qovaraq qaçan əsgərin.

Alnından öpəcəm Bayrağımızı

Cıdır meydanına sancan əsgərin...

 

20.X.2020  

18.55

 

 

Qələbəli Azərbaycan...

 

Odda yanmaz, suda batmaz -

fəxr edirik Ordumuznan,

təbrik edir səni cahan -

Qələbəli Azərbaycan!

 

Təbrik gəlir dan yerindən,

doğma Turan ellərindən,

əhsən sənə, ulu torpaq,

Qələbəli Ana Vətən.

 

Qalib gəldi cəsarətin,

Əqidənə sədaqətin.

mübarəkdir səadətin,

Qələbəli Azərbaycan.

 

Halal olsun Ordumuza -

Qələbəni çaldı Vətən,

yeni tarix yaza-yaza

zəbt olunmuş torpaqları

yaddan geri aldı Vətən.

 

Geri sürür el köçünü,

dünya gördü sel gücünü,

var ol, Ali Baş Komandan -

yenə doğma Qarabağın

öz sahibi oldu Vətən!

 

Yandırılmış hər körpünün,

yetim qalan hər körpənin,

viran olmuş bağlarının

hər kolunun, hər çöpünün,

qisasını aldı Vətən.

Gəlirik...

 

Daşdı səbri ürəklərin,

hirs vurdu başa, gəlirik,

yalanları təlxəklərin

çırpıldı daşa, gəlirik -

gəlirik, Şuşa, gəlirik.

 

Tərtər şad etdi arxları,

dönür dəyirman çarxları,

sel kimi üzü yuxarı

biz daşa-daşa gəlirik,

gəlirik, Şuşa, gəlirik.

 

Vaxtın - dəyişib vaxtını,

zülmün aşırıb Taxtını,

ömrünün qalan vaxtını

bizimlə yaşa, gəlirik,

gəlirik, Şuşa gəlirik.

 

Süngülər ucunda ilik,

yerin canı deşik-dəlik,

deyə bilmərəm hələlik,

kimdir günahkar - bilirik,

gəlirik, Şuşa, gəlirik.

 

Cəsarətlə əl-qolun aç,

Ordumuzdan oldu ələc,

əldə Bayraq gülə-gülə,

köksündə ona yer elə,

qayıdaraq əbədilik,

gəlirik, Şuşa, gəlirik...

 

27.X.2020

22.45

 

 

Var ol,

Ali Baş Komandan...

 

Əsgərinə qurban, Vətən,

Ordun varsa - mən də varam,

bir də "köhnə kişilərdən"

yana-yana danışmaram.

 

Sındı düşmən həmlələri,

həm qırıldı, həm qovuldu,

köhnələrin nəvələri

babalardan cəsur oldu.

 

Zülmət getdi Qarabağdan,

ömrünü çıraq elədin,

var ol, Ali Baş Komandan -

çox günahkar nəsillərin

üzlərini ağ elədin!

 

Sındı düşmən həmlələri,

həm qırıldı, həm qovuldu,

nəvələr mərd kişilərin

soy-kökünə layiq oldu...

 

20.X.2020

21.50

 

 

Tanrı, qoru

Azərbaycan Ordusunu...

 

Yalvarmaqda sənə açıb iki əlli,

gerçək elə anaların arzusunu,

Tapındığım, haqq işimiz Sənə bəlli -

Tanrı, qoru Azərbaycan Ordusunu.

 

İşıqlansın Qarabağın qara baxtı,

zülm içində çırpınmaqdan xeyli vaxtdı!

yönəlt, görsün Zəfər adlı uca Taxtı,

ora doğru Azərbaycan Ordusunu.

 

Atəş açan toplarımız sərrast vurar,

düşüb düşmən səngərində od qoparar,

zərbəsiylə yağıların belin qırar,

hər uğuru Azərbaycan Ordusunun.

Düşmən çoxmuş yaxınlarda, uzaqlarda,

camalımız ümid yayan çıraqlarda,

yolu düşüb bütün Cənub Qafqazlarda

Sülhə doğru Azərbaycan Ordusunun. 

 

Heyrət edər çox nəsillər bu çağlara,

dastanları sığmaz min-min varaqlara,

nə tamah var gözündə yad torpaqlara,

nə də qorxu Azərbaycan Ordusunun.

 

Azca qalır - Qələbəylə bitər sonu,

puç eləməz millətimin arzusunu,

çin edərək anaların yuxusunu,

Tanrı, qoru Azərbaycan Ordusunu...    

 

28.X.2020 

11.00

 

 

Ordu...

 

Daha sındırıldı qolu, budağı,

yadı xəzəl kimi kürüyür ordu,

başının üstündə Vətən Bayrağı,

İlhamla irəli yeriyir Ordu.

 

Dedik "Rahat gedin, çalaq "Vağzalı",

hər zaman pis bitir bəd işin dalı".

ya təslim olmalı, ya boğulmalı -

Düşməni Araza diriyir Ordu!

 

Əldən çıxdı Murov, Sərsəng, Ağdərə,

Cəbrayıl, Zəngilan döndü bizlərə.

indi döyüş gedir Laçına görə -

düşməni yerlə bir sürüyür Ordu.

 

Sağalır Kəlbəcər, Füzuli, Ağdam,

Qubadlı sənlikdir məgər, ay nadan?

 Qələbə xəbəri gələr Şuşadan -

indi ora tərəf yürüyür Ordu.

 

Çaşqın dəstələrdə vay, çığır-bağır,

bu cür bitməliydi bu son, bu axır.

başlara alovlu dolular yağır -

döyəndə doludan pis döyür Ordu.

 

Quduz it kimidir, dağ-daşı qapar,

üzünə hər yerdə bağlı qapılar,

ölmək istəmirsən? onu ver qurtar;

halal torpağını istəyir Ordu...

     

21.X.2020 

2.00

 

 

Yalnız irəliyə,

yalnız irəli...

 

Daha görünməkdə Bayrağın yeri,

yanında Xilaskar əsgər heykəli,

bircə addım olmaz çəkilmək geri,

yalnız irəliyə, yalnız irəli!

 

"Cəngimiz" özünü Orduya yazır,

Qələbə marşında coşmağa hazır,

yağılar sonuncu səngərin qazır -

yalnız irəliyə, yalnız irəli!

 

Zəfər zamanıdır, qisas günüdür,

gözəl Qarabağın xilas günüdür,

səngərin İstiqlal bünövrəsidir -

yalnız irəliyə, yalnız irəli!

 

Azmı qurban gedib Şəhidə dönən,

Vətənə nur yayıb şam kimi sönən?

əsgər, qurban olum, gümanım sənsən -

yalnız irəliyə, yalnız irəli...

Qarabağım...

 

Ürəklərdə Bayrağın

enmədi, Qarabağım.

Bu gün hamının gözü

səndədi, Qarabağım.

 

Sənə bağlı arzular,

Qələbənə uğurlar!

daha əzab-ağrılar

köhnədi, Qarabağım,

 

Canım, gözüm, Vətənim,

Bülbülləri ötənim,

imanlı millətimin

məbədi Qarabağım.

 

Torpağım, qurban sənə,

yaraşmır hicran sənə.

el sevgisi hüsnünə

sönmədi, Qarabağım.

 

Şahidi oldu bəşər -

yenildi "Xeyirə" - "şər"

sən dünyanın, müxtəsər,

Cənnəti, Qarabağım.

 

Getdi çöhrəndən duman,

daha bizimdir dövran,

dünya üstünə cumdu -

sözündən Baş Komandan

dönmədi, Qarabağım,

Bayrağımız bir daha

enmədi, Qarabağım...

 

20.X.2020

10.50

 

 

Hələ bitmiş

saymaq olmaz savaşı...

 

Köhnə zamanlarda olduğu kimi,

Şuşaya rahatca yol salınacaq.

İsa bulağında, Cıdır düzündə

coşan aşıqlardan zövq alınacaq.

 

Qəhərlə baxaraq ağır illərə,

erkən dən gətirən qara tellərə,

kimi qərq olacaq xatirələrə,

kiminin gözünü sel aparacaq.

 

Yenə öz kefində Kəlbəcər, Laçın,

vüqarlı dağların dumanı qırçın,

yığın el-obanı, süfrələr açın,

torpaq silkələnib, yer qabaracaq.

 

Toy-bayram Ordunun qələbəsində,

Yurdun hər kəndində, qəsəbəsində,

erməni Şuşada yallı gedəndə -

bilmirdi, kefinə paz çalınacaq?!

 

Yenə Vətənimin ucadır başı,

dirilib qalxacaq hər qəbir daşı,

hələ bitmiş olmaz saymaq savaşı,

hələ qisasımız çox alınacaq...

 

20.X.2020

1.20

 

 

Hicran az qalırdı

"Qərinə" olsun...

 

Yeni xəbər gəldi indi Ordudan.

düşmən silahını tərgidib qaçır,

yadlar harayına qulağın tutan

doğma pıçıltıyla gözünü açır.

 

Ocaqlar göylərə qalxan tüstünün

dalınca alovlu gözlə baxacaq,

azarkeş gülləri "Cıdır düzünün"

mərclərə yepyeni gözlə baxacaq.

 

Vaxtı qabaqladı cəsur millətim,

hicran az qalırdı "qərinə" olsun,

dözmək intizara olsa da çətin,

təki peymanımız yerində olsun!

 

İndi bambaşqadı bu ormanların -

Doğudan-Batıya kölgəsin sərib,

bu yerdə doğulan ulularımın

körpə göbəkləri cücərti verib.

 

İndi halı oldun Türk zopasından?

düşmən, bu nə əxlaq, bu nə həyadı?

sən kimsən adlara quyruq qoşasan? -

daşın - daş adı var, suyun - su adı!

 

Xaçpərəst qisminə hiyləylə varid -

erməni hər yerdən bu cür qovulub,

səcdə etdikləri Allah "Anait",

zatən "Vahişəlik Allahı" olub!

 

Dövran qəsd elədi - itirdik səni,

xeyir-bərəkətli Cənnət məkansan,

Qarabağ, qapının cəftələrini

Pas tutub; bilirik çox ağlamısan...

 

22.X.2020

02.35

 

 

Onlar qayıtmadı

bu son həmlədən...

 

Onlar qayıtmadı bu son həmlədən,

doğmalar gileyli - "Yenə gecikib...".

Torpaq, muğayat ol şəhidlərindən,

onlar sənə görə canından keçib!

 

Bu, qanlı savaşın kökləri dərin,

düşmən - özü cılız, məkri qorxulu.

Hər yerdə əsgərə sayqı göstərin,

kişi ətirləri-barıt qoxulu!

 

Bu, qəmli öyüdüm gənc qızlarınkı -

gedər nazlı-nazlı, şux ətirlənib.

Yarın ona görə yanındadır ki,

bu əsgər özünü sipər eləyib!

 

Nadan var vətəndaş üstünə cumur,

əsgər libasını geyməz əyninə,

qeyzin səddini bil, rütbəli məmur -

Şəhid doğmasının qəlbinə dəymə!

 

Savaşa tuş gəlir Yurd zaman-zaman,

Şəhidlər göydəki ulduzlarımdır.

Hər əsgər mənimçün Milli qəhrəman,

ümidim, dayağım, xilaskarımdır...

      

21.X.2020

14.40

 

 

"İtqovan"...

 

Hər tərəfə bayraq sancır,

qəhrəmanlar Qarabağda.

Başını götürüb qaçır,

at çapanlar Qarabağdan.

 

Sərsəmə ölümdür əlac,

Təpiklərin altında Xaç,

qayıtmaqda ac-yalavac,

yırtıcılar Qarabağdan,

 

Ay Şuşada yallı gedən,

axı-bura bizim Vətən!

bilin, vurub təpənizdən -

qıracaqlar Qarabağda!

 

Nə qudurdun, azğın köpək?

günahdır ocaq söndürmək!

Onlar sizi kor edərək,

Yanacaqlar Qarabağda.

 

Nə saydılar bu Vətəni,

torpağını, sərvətini?!

Millətimin qüdrətini

qanacaqlar Qarabağda!

 

Tarix yazır odlu anlar...

mürəkkəbi bizim qanlar,

bizim şahin "İtqovanlar"

 qovalayır itlər kimi

ermənini Qarabağdan...

 

23.X.2020

09.40

 

 

Lap az qalır...

 

Lap az qalır, bir az qalır -

Şuşamıza qayıtmağa,

kotan salıb ağır-ağır

şum yerlərin oyatmağa.

 

Lap az qalır, doğma ocaq,

müharibə uzun çəkməz -

Allah qoysa bu gün, sabah

Qələbəmizlə bitəcək!

 

Müharibə tez bitəcək,

Hicran salan köz sönəcək,

amma düşmən çox hürəcək -

hürə-hürə gəbərəcək!

 

Qəmli izlər salacaqdı -

müharibə bəd ocaqdı,

"Xaçpərəstlər" hiyləsində

Ermənistan oyuncaqdı!

 

Lap az qalır, bir az qalır

yurd-yuvaya qayıtmağa,

kotan salıb ağır-ağır

şum yerlərin oyatmağa...

 

25.X.2020

12.05


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!