Gün cəbhədən doğdu bu gün, qanadlı
Bir müjdə gətirdi çaparaq atlı.
Səmanın bağrını odun qanatdı,
Dan yeri söküldü sənlə bu səhər,
Salam, əsgər!
Şuşanın əlini tut, buraxma ha!
Özünü qayadan atar Xuraman...
Yarın "bir dur" desə ona baxma ha!
O da göz yaşını tutar birtəhər,
Salam, əsgər!
Xankəndi xan kimi durub seyrində,
Başı ucadadır, dərdi dərində...
Mən ola bilmirəm sənin yerində,
Sən də bilmirsən ki, nə çəkir qədər...
Salam, əsgər!
Əskəran gəl deyir - gəl, əsgərim, gəl,
Məni dardan qurtar, Allah kərim, gəl,
Düşmənin nəfəsi bizə ölüm, gəl!
Gör nələr görmüşük 30 il, nələr,
Salam, əsgər!
Candan usanıbdır, Füzuli xəstə,
Nəfəsi get-gəlli, səsi ahəstə.
Qaldır Bayrağımı Ərgünəş üstə,
Göz yaşıyla islat, sonra günə sər,
Salam, əsgər!
Qalmasın heç yerdə əsir, girov dağ,
Ayağın düşübsə hürr olar Torpaq,
Baş üstə yer verdi sənə Murovdağ,
Onun sinəsindən gül dərdini dər,
Salam, əsgər!
Ağdərəyə yollan, yoxsa gün əyilər,
Quzeylər yaralı, qəmli güneylər,
Tanrı yuxumuzu bu gün çin eylər,
Sən tarix yazırsan qazdıqca səngər,
Salam, əsgər!
Qaməti əyilmiş qoca Xocalı,
28 ildir əsir qocaldı...
Qəddini qaldırdı, göyə ucaldı.
Sənin əlindədir bu gün - Göy və Yer,
Salam, əsgər!
Ağdamın dam üstə qalmayıb damı,
Seyr etdikcə dəli edir adamı....
Bu gün Xocavənddə düşür axşamı,
Düşür gözlərimdən qaranlıq kədəri,
Salam, əsgər!
Cəbrayıl, Zəngilan, Qubadlı adlı,
O torpaq gözləyir səni inadla
Qır düşməni, qov əlindəki odla,
Ey Odlar Yurdunun böyütdüyü ər,
Salam, əsgər!
Laçınsız Laçına oynamamışam,
Dəhlizə bir yol aç əllərində şam,
Mən sənin arxanda möhkəm durmuşam,
Yoxsa ki, canımdan neçə can gedər,
Salam, əsgər!
Səndədir gələcək, bu gün, dünən, bil!
Atəşlər açdıqca dərdi sönən bil.
Torpağı anan bil, nazlı sonan bil,
Çalınsın cəngilər, sən də çal zəfər!
Salam, əsgər!
Daha Kəlbəcərin qalmayıb tabı,
Qapılar açılsın, sevinsin BABIm,
Gözləyir yolunu yurd-yuva, obam,
Lalələr qızarır, gəlibmi bahar?
Salam, əsgər!
Qarabağ - bağrımın qara ləkəsi,
Vətənin ən gözəl, dadlı tikəsi...
Doydur həsrətlini, doydur hər kəsi,
Qoy, Vətən desin ki, sənsən xilaskar,
Salam, əsgər!
Salam, əsgər!
Alın
Snayper gülləsi, off,
nişangah görüb uçdu.
Əsgərimin alnında
şəhid nöqtəsi açdı...
Ana öpən alının
arası dodaq rəngdə,
dodağı göydən də göy,
yarası dodaq rəngdə.
Qara xəbər tez gəldi...
Hələ isti ayağı,
yavaş-yavaş soyudu,
yerdən küsdü ayağı...
İndi Vətən öpəcək
daşa dönən alnından.
Alın yazısı köçür
nişanlanan alnından...
Əsgərə məktub
Nə yazım sənə, əsgər? -
Söz də tapa bilmirəm.
Söz, Şuşada yazaram,
tutaram əllərindən
görüşəndə yazaram.
Nə yazım sənə, əsgər,
Haqqını halal eylə!
Zərfə zəfər qoy göndər,
nə göndərsən içində
kənd adını bol eylə!
Nə yazım sənə, əsgər,
donurmu yanaqların,
qızarıbmı əllərin,
ordan üzün ağ qayıt...
Yağdırım duaları,
yerdə qoyma, yığ qayıt,
o tökülən qanları.
Nə yazım sənə, əsgər,
Burnumun ucu göynər,
dodağım para-para,
həsrət-həsrət uçuqlar...
Kəndimin üzündən öp,
Evimizi qucaqla!
Nə yazım sənə, əsgər,
Payız gedir, bizimsə
verdiyimiz söz qalıb,
de ki, de ki, gəlirik
Qarabağa, az qalıb!
Nə yazım sənə, əsgər,
Xəbər çıxıb Vətəndən,
Qələm cəbhəyə gedib,
sən səngərdən yazırsan,
əlin silah tutandan.
Nə yazım sənə, əsgər,
Hər günün hücum olsun,
Qələbə tacın olsun!
Şəhid olsan... canımsan,
sağ qayıt, bacın ölsün!
Gecəgözlü qadın
Doğma kəndim
Gecəgözlüyə ithaf
Gecəni sevə-sevə
gözlərinə köçürmüşdü,
gözü üstə yer vermişdi
bir cüt hilala,
Gecəgözlü qadın.
Çəpərləmişdi gecəni,
qara rənglə rəngləmişdi,
Gecə kirpikli qadın.
Bir bulud doldurmağa,
bir sevgi yağdırmağa,
vaxtı yoxuydu,
Gecəsi-gündüzü yox qadının...
Evsiz-eşiksiz qalmışdı,
torpaqsız qalmışdı,
Qarabağsız qalmışdı,
qarabağlı qadın...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!