Mədinə - NARGİS

NARGİS

Aludə olub zülmət tanrıcasının zümzüməsinə

17 oktyabr 2020-də

göy üzünəmi zilləndi körpə baxışların?

Buludlarda əyləşən mələklərin laylasını dinlə,

Mədinə, getmə...

Ölüm bumbuz öpüşlərini səpdikcə dodaqlarına...

Titrəyib soldu körpə əllərinin hərarəti...

Qanadlandı göz bəbəklərindən neçə-neçə qaranquşlar,

Gecənin Amozonvarı göz yaşlarını hiss edirsənmi?

Mədinə, su istəyirsənmi?

O gecə qan rəngində idi bütün ulduzlar,

ay da dəyişmişdi libasını...

Planet-planet uzaq olmalıydı ölüm sənə

Mələklərmi toxudu bəmbəyaz kəfənini?

O gecə için-için ağladı bütün qalaktika...

Mədinə, lütfən, oyan, yatma...

Ürəyinin getdikcə zəifləyən tik-takları

Dəyişə bilərmi dövranın axsaq nizamını?

Sıxmısan körpə əllərini dünyanın ədalətinə

İcazə ver öpüm ovuc içlərini...

Mədinə, aç əllərini...

O gecə güllə yağarkən Nizaminin

yurduna...

Sən sonuncu sülh göyərçini idin, Mədinə...

Qanadlanıb sığındın pəmbə buludlara...

Bir il dörd aylıq ömründə

Qucaqladın ölümü sakitcə,

Daşıyaraq milyonların məsumiyyətini

Addımladın əbədiyyətə...

Bütün dillərdə əzbər kimi qaldın

Üzündəki qorxulu yuxunu necə dartıb alım?

Necə bəxş edim dodaqlarına gülüşləri?

Mədinə... Mədinə... Mədinə,

Eşidirsənmi?


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!