Elnur Uğur - Ali Baş Komandan, Əzminlə tarixi yaz sən yenidən...

***

Ali Baş Komandan,

Əzminlə tarixi yaz sən yenidən,

Ali Baş Komandan, şanlı sərkərdə!

Vətən məhəbbəti qığılcımlanıb,

Saçır şöləsini hər bir əsgərdə.

 

Vur əmrin dur əmri əvəz etməsin,

Haqçün axan qanlar hədər getməsin.

Eybi yox, sonadək savaş bitməsin,

Düşmən ömrü bitsin qanlı səngərdə.

 

İllərdir Laçında duman, sis dərin,

Şuşada həsrət - o lənət hiss dərin.

Bu gün hər vətəndaş sadiq əsgərin,

Ali Baş Komandan, şanlı sərkərdə!

 

Azərbaycan bayrağı

 

Səni qandan yoğurdu

Uğrunda can verənlər.

Yurdu torpaq edən yox,

Torpağı yurd edənlər.

 

Namusumun hicabı,

Əqidəmin sancağı.

Tariximin yaşıdı,

Azərbaycan bayrağı!

 

Dalğalan başım üstə,

Azadlığım şirindir.

Hara ki kölgən düşür,

Müqəddəs and yerimdir.

 

Vətən üfüqlərində

Ləpələnsin bu üç rəng.

Səmadan nur ələsin,

Ay, ulduz öpüşərək.

 

Türk elləri salamlar,

Üzündə xoş növrağı.

Türklüyümün sübutu,

Azərbaycan bayrağı.

 

Gözün aydın!

 

Gözün aydın, Azərbaycan!

Gözün aydın, ana Vətən!

Xocalının qisasını

Alır oğullar düşməndən.

Şuşanın şüşə həsrəti,

Düşmənin div canı ölür.

Bu gündən belə səslənir:

Sabahların üzə gülür.

 

Hər keçən gün bir möcüzə,

Oğulların tarix yazır.

Şuşanın şəklin çəkmişəm,

Hər rəngi xoşbəxtlik saçır.

 

Gözün aydın, Azərbaycan!

Gözün aydın, Turan eli!

Şükür, əlindən bərk tutub,

Doğma qardaşının əli!

 

Sən qalib olacaqsan!

 

Sayəndə taxt da qurdum,

Başı dik şanlı ordum!

Yurdumda qərib yurdum,

Sən qalib olacaqsan!

 

Gün saçacaq qışın da,

Gül açacaq daşın da.

Bu zəfər savaşında,

Sən qalib olacaqsan!

 

Ey eşqə təşnəm mənim,

Eşqi susadıb gəlim.

Odlar yurdum Vətənim,

Sən qalib olacaqsan!

 

Bizimdir

 

Nur üzlü sabahlara,

Səfər bizimdir, bizim!

Qarabağda əbədi,

Zəfər bizimdir, bizim!

 

Haydı, Vətən irəli,

Qan deyir dağın, daşın.

Bu gündən-gələcəyə,

Körpüdür bu savaşın!

 

Sevindirək ruhları,

Qisasa qisas gərək.

Qarabağdan ahları,

Qələbəmizlə silək.

 

Vətən!

 

Dağın, daşın mənə səcdəm,

Sənsiz düşdüm, vallah, gücdən.

Sabah gəlsin yeni müjdən -

Vətən!

 

Bəxtdən ayrılıq ayrılsın,

Sevgi içindən sıyrılsın.

Zəfər hər yana yayılsın -

Vətən!

 

Görüm düşmən yalvarışın,

Qələbə olsun barışım.

Xoşbəxt olsun hər qarışın -

Vətən!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!