Çox hörmətli Azər Turan!
Özümü biləndən içimdə bir ağrı kimi daşıyıram bölünən, parçalanan bir ölkənin məğlub durumunu. Neçə yüzillərdi bu məğlubiyyətin göz yaşardan tüstüsü bizimlə bir süfrədə bardaş qurub. Bizimlə bir yerdə olanımızdan yeyir, suyumuzu içir. Beləcə, göz görəsi yüz illərdi ruhumuz talanır. Döyüş meydanlarında qollarımız arxadan çatılır. Qalibiyyətin astanasından ya xəyanət toru, ya kürəyimizə saplanan qardaş xəncəri məğlub duruma gətirib bizi. Yüz illərdi öz qozbelimiz boyumuzu ötüb. Yüz illərdi ruhumda, varlığımda döyüşlər gedir. Son ucu məğlubiyyətlə bitən döyüşlər. Qarabağ savaşından çox-çox qabaq. Məğlubiyyət xofu qoymayıb bir misram sevinc köynəyi geyinsin əyninə. Bir dəfə də olsun Vətən, Xalq, Millət sözünü yazıma gətirməyə ərkim çatmayıb. Heç nə söz qırışığımın alt layına açar salmayıb. Son illərin istilası isə türk adı daşıyan qövmə utancdan başqa bir şey gətirmir... Yəqin, ona görədir ki, yazılarımızın elə bil onurğa sütunu sınıb. Misralar Qopsek kimi əyilə-əyilə gəzir. Məğlub ölkənin məğlub şairinin ruhu tam ola bilməz. Yarıyacan hayqırar, fikri mətnaltı çatdırmağa çalışar ki, duyuq düşüb qəzəbə gəlməsinlər...
İndi-indi, deyəsən, qırışığımız açılır. Aranlı-dağlı Qarabağımızın üstünə yeriyirik. Təkcə ermənilər gizlənməyib dağın, daşın dalında. Sən demə, bütün dünya kolun-kosun dibinə sinibmiş. Deməyəsən, bütün dünyanın üstünə yeriyirmişik. Hamısı üstünü yosun örtmüş yastı-yapalaq qayalar kimi dik durur üzümüzə... Bu ölüm-dirim savaşında köməyimiz bizi istəyənlər, Ali Baş Komandan, əsas da Azərbaycan əsgəridir...
Azərbaycan əsgəri
Sür atını dağlara,
aranda qala qurdun,
Bir az oyat yaddaşı,
bir az yırğala yurdu.
Sən ordular içində
basılmayan bir ordu
Yar qarşına atılan
keçidləri, sədləri -
Azərbaycan əsgəri…
And olsun al Günəşə,
bu qüdrət haqdan gəlir,
Canda qanı oynadan
yaddaşdan, vaxtdan gəlir,
öləziyən ümiddən,
sönən çıraqdan gəlir,
endir zəfər cəngini - endir titrətsin yeri -
Azərbaycan əsgəri.
Babaların çıxdığı bu dağları silkələ,
Dərbəndə elçi göndər,
Zəngəzura əl elə.
Tarixi şans yaranıb fürsəti vermə yelə
Pozulan sərhədləri qaytar yerinə, geri -
Azərbaycan əsgəri.
Sən millətin yenilməz bətnindən
qopan tufan,
Sən millətin torpağa
caladığı təmiz qan,
O qanın işığında
Yuyunur Azərbaycan
Görünür üfüqlərdə hür bayrağın al rəngi -
Azərbaycan əsgəri.
Azərbaycan doğulur - od-alov yağışından,
Qan püskürür
Şuşanın torpağından, daşından,
Bir az istilik qopar Savalanın başından!
Tut başını yuxarı, ver sinəni irəli -
Azərbaycan əsgəri!
12.10.2020
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!