Şeir cəbhəsində nisbi sakitlikdir... Poeziya - 2019 - Rüstəm KAMAL

Rüstəm KAMAL

    Payızda ilin ədəbi prosesinə yekun vurulur. Ədəbiyyat üzrə Nobel mükafatları da payızda təqdim olunur. Onu da etiraf edək ki, bir ilin poetik məhsulunu saf-çürük etmək, nəzəri ümumiləşdirmələr etmək fiziki cəhətdən də ağır və məsuliyyətli işdir, "kiminsə xətrinə dəyməmək", kimisə unutmamaq instinkti də bu işi bir az qəlizləşdirir. Əlbəttə, bir ilin poetik məhsulunu dəyərləndirərkən obyektivliyi və emosional distansiyanı saxlamaq da çətindir. Bu zaman zövqlər subyektiv, çox vaxt isə emosional, spontan, tarix baxımdan isə dəyişkən olur. Poeziya elə ruh məkanıdır ki, orda normativlər də işləmir. Aydın məsələdir ki, estetik məhsulların keyfiyyəti, yəni bu və digər əsərin "yaxşı" və "pis" olması məsələsi filoloji səviyyədə deyil, ədəbi tənqid müstəvisində saf-çürük edilməlidir. Poeziyamızda dəyişmə, transformasiya təmayülləri hiss olunsa da, onu (özü də bir ilin məhsulları əsasında) cərəyanlar və istiqamətlər üzrə differensiallaşdırmaq müşkül məsələdir. N.Həsənzadə, F.Qoca, S.Rüstəmxanlı, M.İsmayıl, M.Yaqub, R.Rövşən, V.Bəhmənli, V.Əziz, Ç.Əlioğlu, R.Qusarçaylı, İ.Fəhmi, Ağasəfa, A.Qoşqar, B.Vüsal, İ.İmanzadə, V.Aslan, T.Nurəli, Q.Nəcəfzadə, Ə.Nuri, A.Həsənli, S.Hüseynoğlu, Kəramət (Şükürov), A.Cəmil, Ə.Mədətoğlu, Z.Məmməd, İ.İsaq, F.Əsəd, Q.Ağsəs, T.Əbilov, B.Sadiq, E.Yurdoğlu... kimi tanınmış şairlərin bu mövsümdə fəallığı ilin poetik mənzərəsini təsəvvür etməyə imkan verir. 2019-cu ilin poeziyası üzrə icmalımızı ya mövzular, ya vəzn üzrə təsnifləndirməliyik. Vəzn məsələsi yalnız bədii düşüncəyə yaxud ənənəyə, poetik dilə münasibət məsələsi deyil, həm də zövq və ədəbi əxlaq və davranış məsələsidir. Digər tərəfdən, bizdə hələ də ayrı-ayrı mövzuların (məhəbbət, yurd həsrəti, Qarabağ dərdi və s.) total üstünlüyü şairlərin ənənəvi yazı təcrübəsini müəyyənləşdirir. Qeyd etdiyimiz dövrdə də sevgi mövzusu üstünlük təşkil edir. Qadın sevgisi kişi yaddaşının varlığını şərtləndirir. Uşaqlıq xatirələrindən, yurd nisgilindən, sonra sevgi tarixçələri kişinin xatırlamaq istədiyi, yenidən o hissləri yaşamaq istədiyi bir ilğımdır. Sevgi şeirləri isə həmin ilğımın sözdə ifadə cəhdləridir. Orta əsrlərin divan şairi həmişə aşiq idi. Aşiqlik şairliyin metafizik cövhəri idi. Müasir sevgi şeirləri isə şairlərin (N.Həsənzadə, V.Əziz, V.Bəhmənli, Ə.Mədətoğlu, V.Süleyman, E.Piri...) fərdi duyğu yetkinliyinin və ya ömür müdrikliyinin ifadəsidir. Yeniyetmə gileyləri, ayrılıq, vəfasızlıq, xəyanət haqqında sentimental sızıltılar artıq ikinci plana keçmişdir. Gənclərin poeziyasında cismanilik, "bədən dili" aparıcı ifadə işarələrdən birinə çevrilir. Amma unutmamalıyıq ki, ailə həyatı da poetik hadisə ola bilər. Ər və arvad - bir almanın iki yarısı, yəni İn-Yan bir-birindən ayrıca mövcud ola bilməz. Xalq şairi Musa Yaqub "Sən mənimləsən" şeiri ilə ("Ədəbiyyat qəzeti", №1, 2019) bu həqiqətə bir daha inandırır: Damcılar süzülür üstdən aşağı, Boynu ağırlaşan bənövşələrdə Özcə yarpağına baş qoyub yatar. Hərə həmdəmini tapır deyəsən, Daşqapan tayını qapır deyəsən - Başının altına daş qoyub yatar - Mən onda görmüşəm kövrələn daşı... Onda xatirələr durur yanaşı, Mən onda bildim ki, sən mənimləsən. Hələ də bir çox şairlər özlərinin sübyektiv daxili dünyalarına qapanıb qalırlar, dumanlı, anlaşılmaz, mücərrəd sferalarda dolaşırlar. Hələ də şeirlərdə müəllif eqosentrikliyi çox qabardılır. Şairlərdə öz ömrünün hadisələrini danışmaq istəyi güclüdür. 2019-cu ilin poetik məhsulu üzərində müşahidələr göstərir ki, şeirlərin qafiyə sistemində, belə demək mümkünsə, M.Arazın "qafiyə islahatından" sonra yeni qafiyə axtarışları çox zəif aparılır. Bəlkə də bir çoxlarının çıxış yolu kimi qafiyəsiz, şeirlərə - verlibrə üstünlük verməsi bu üzdəndir? Ənənə özünü adətən vəzndə (heca və əruz) və mövzularda göstərir. Sosial ruh düşkünlüyü patriotik, çağırış ruhlu şeirləri kəmiyyətcə və keyfiyyətcə zəifləmiş kimi görünür.           Cəmiyyətdən, zəmanədən umu-küsülər, narazılıq notları olsa da, ruhun hayqırtısı zəif eşidilir. Şəhidlərimiz, itirilmiş torpaqlarımız, Xocalı və 20 Yanvar faciələri bağlı spekulyativ notlar hələ də gözümüzə çox dəyir. Əksər şairlərin bu mövzular üstündə "köklənmə"si nə bədii formanın məntiqi ilə, nə də müəllifin yaşantı imkanları ilə qətiyyən əsaslandırılmır... ...Xalq şairi N.Həsənzadə yaşının müdriklik çağında Milli Qəhrəman Mübariz İbrahimovun şəhidlik zirvəsinə poeması, həsr edir - bu dastan təhkiyəsinin havasında türk şəhrəmanının obrazını verməyin gözəl bir örnəyidir. M.İsmayılın qürbət havalı şeirlərində vətən, azadlıq kimi bəşəri duyğular sərtliyi ilə fərqlənir. (Şairin yaradıcılığı haqqında məqalə ilə "Azərbaycan" (№11, 2019) jurnalında çıxış etdiyim üçün bu mövzuya yenidən qayıtmıram). S.Rüstəmxanlının tarixi romanlardan sonra silsilə şeirlərində ölkəmizin sosial taleyinin obrazı ilə içimizi ağrıtdı. Ramiz Qusarçaylının poeziyası tənqidi sosial ruhu ilə vətəndaşlıq məfkurəsinin vəhdəti ilə seçilir. Arzu Əsədin özünəməxsus deyim tərzi publisistik-ideoloji ritorikanı belə poetik yazının məntiqinə ustalıqla tabe edə bilir və sən onun vətəndaş mövqeyinə inanırsan. ...Köçkünlük-didərginlik həyatına həsr olunmuş şeirləri (İ.İmanzadə, İ.Qəhrəman, E.Əzim) yaddaşımızın ağrı salmanəsidir. Q.Ağsəsin "Şuşa" şeirini qeyd etməliyik - Şuşaya münasibət dürüst ifadəsi üçün! İ.İlyaslı, E.Əzim, B.Hidayət, Nurafiz, E.Nicat, T.Mansur, İ.Yaşar və başqalarının ənənəvi (qoşma, təcnis, gəraylı) formalara dərin bağlılığı etnik yaddaşın gücündən xəbər verir. Sufi poeziya ənənəsinin kəsilməsinə yalnız təəssüflənə bilərik. V.Bayatlı, Z.Sarıtorpaq, İ.İlyaslı, B.Vüsal, Ş.Qaraoğlu və başqa şairlərin şeirlərində əsas məkan norması yuxarıya, səmaya, transendent sferalarla əlaqəqurma cəhdləridir. Təəssüf ki, bir çox şairlərin poetik sistemi, davamlı olaraq nekrofil ilğımın təsiri altındadır. Hər şeydə ölümün izini axtarırlar. Ölümü xatırlamaq, ölümü çağırmaq motivi şeirlərin metafizik cövhərini təşkil edir. Şairlər də uşaqlar kimi öz zəmanəsinə bənzəyirlər. Bu günün şairi virtual kommunikasiya dövrünün qəhrəmanıdır. Gənclərin poeziyası ilə tanışlıq daha çox virtual məkanlarda formalaşır və yayılır. Onların poetik təfəkkürünün ərazisini gündəlik situasiyalar təşkil edir. Artıq belə bir inam da formalaşıb: "Əgər sən internetdə varsansa, ədəbiyyatda da varsan. İnternetdə yoxsan, deməli, ədəbiyyatda da yoxsan". Qadın şairlərin sənətkarlığı ayrıca araşdırma mövzusudur. F.Məmmədli, Nisəbəyim, E.Eyvaz, S.Əhməd, A.Nəzər, N.Nur, Cavidan, S.Elsevər, Hədiyyə, Ü.Nicatlı, G.İbrahimli, S.Məmmədova, Ay Bəniz Əliyar, G.Ümid, G.Şamilqızı, R.Nazimqızı, G.Cəmaləddin... oxucuların artıq güvəndiyi imzalardır. Elə buradaca kiçik haşiyə çıxıb bir müqayisə yerinə düşərdi: əgər XX əsrdə rus qadın poeziyası əsasən M.Svetayevaya və A.Axmatovaya istinad edirdisə, Azərbaycan qadın poeziyası "kişilərin" poetik axtarışlarını mənimsəməklə məşğul olub, klassiklərimiz (Natəvan, Heyran xanım, Fatimə xanım Kəminə, Nigar Rəfibəyli...) onlar üçün sadəcə ədəbi mif - simvollar olub... ...Biz də hələ də sərbəst şeirin ənənə ilə, ənənəvi şeir ilə münasibətləri qeyri-ciddi və kifayət qədər mürəkkəb olaraq qalır. Sərbəst şeirin opponentləri düşünürlər ki, Azərbaycan poeziyası özü yolu ilə getməlidir, sərbəst şeir mahiyyətcə bizə yaddır. Sərbəst şeirin tərəfdarları isə güman edirlər ki, sərbəst şeirin zəif inkişafı bütövlükdə Azərbaycan poeziyasının geriliyidir, əyalətçiliyin göstəricisidir. Bəlkə də ona görə bəzi ədəbiyyatşünasların düşüncəsində modernizmin səviyyəsi hələ də sərbəst şeirlərin mövcudluğu ilə ölçülür? Bəlkə ona görə də lirika və epozun qaynayıb-qarışması yetkin emosional təcrübəsi olan şairlərdə nəsr təhkiyəsinə keçidini asanlaşdırır? Ona görə də verlibri poeziyaya nisbətdə nəsrə simmetrik bədii mətn kimi müəyyənləşdirmək lazımdır. Çünki filoloji qənaətə görə, "...şeirlə nəsrin nisbət məsələsi janrlar sisteminin mərkəzində yerləşən verlibrə görə müəyyən edilir". (Y.Rojdestvenski). Sərbəst vəzn (S.Babullaoğlu, F.Hüseyn, Q.Rüstəmov, F.Əsəd, Ü.Bahadır...) süjetli şeirin imkanlarından istifadəsinə, intonasiya məkanını genişləndirməyə imkan verir, poetik dili demokratikləşdirmək, müxtəlif assosiativ-sürreal obrazları "işlətmək" gücünə və cəsarətinə malikdir. H.Herisçi, A.Yaşar, M.Köhnəqala və Q.Nəcəfzadənin ənənəvi poetik formalarla "oyunu", kanonik janrlara müdaxilələri maraqlı təcrübələrdən biridir. İlin maraqlı poetik təcrübələrindən biri də əslən Təbrizdən olan Ümid Nəccarinin şeirləridir. Azər Turan şairin "Qaranlığın fotosu" kitabına yazdığı ön sözdə haqlı olaraq qeyd edir ki, "Nəccarinin dünyası ilğım haləsi ilə çətirlənmiş dünyadır. Poetik təxəyyülü və dili gerçəkliyin o üzündən düşən işığa bürünüb. İçəridə cərəyan edən isə təsəvvüfdür". Ümid həm assosiativ sözün dərinliyini, həm də lazımi məqamda gerçəkliyin üst qatlarını sürreal süzgəcdən keçirməyi hiss edir. Bu gün sərbəst şeir Güneyli şairlərə fars mənşəli qafiyənin çoxəsrlik girovundan qurtulmaq imkanı verir. "Ədəbiyyat qəzeti"ndə   İ.Qəhrəmanın təqdimatında çağdaş Güney Azərbaycan şairlərinin şeirlərini oxuyarkən bir daha əmin oldum. Güneyli şairlər poetik dillərin və mədəniyyətlərin qovşağında yaşayır, düşünür və yazırlar. Görünür, poeziya dillərin dialoqunda yaranmalıdır. Ötən ilin poeziyası bizdə belə bir qənaət də yaratdı ki, şairlər janrdankənar situasiyada yazıb yaradırlar. Poeziya məkanında bir janr-forma yeknəsəqliyi ilə hökm sürür. Artıq şairlər sanki gerçəkliyi "janr gözü" ilə görmürlər. Şeir şəkillərinin kasadlığının bir səbəbi sərbəst şeirin total müdaxiləsidir. Əslində, poetika elə janr hadisəsidir...


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!