"Müharibə və uşaqlar" silsiləsi - Qəşəm İsabəyli

Sülhü neyləyirik biz...

 

Qəşəm-Şəm açdı qapımı,

Pərt durdu qabağımda:

- Necə sakit oturmusan,

Necə rahatsan, baba?!

- Nə olubdur, ay oğul?!

- Sənə pis xəbərim var -

Hələ şəhidlərimizin

Alınmayıbdır qanı,

Televizor deyir ki,

Müharibə dayanır.

Axı Prezidentimiz

Şəhid analarına

Söz vermişdi o günü:

"Sonacan gedəcəyik,

Düşməni Qarabağdan

Vurub rədd edəcəyik!".

İndi bəs bu nə işdi,

Torpaqlarımız yanır,

Müharibə dayanır?!

- Sən deyən deyil, bala,

Düşmənlə aramızda

Sülh elan olunubdur...

- Nə danışırsan, baba,

Sülhü neyləyirik biz?!

Məgər azad olubdur

İşğaldan Vətənimiz?!

- Müvəqqəti sülhdü bu.

- Müvəqqəti nə demək?

- Döyüş meydanlarından

Meyitləri götürüb,

Əsirləri dəyişmək...

Sonra düşmən çıxmasa

Xoşluqla Qarabağdan,

Toplar guruldayacaq,

Mərmilər partlayacaq...

Ya düşmən diz çökəcək,

Ya da ki, məhv olacaq!

 

 

İntiqam

 

- Ay ata, ermənilər

vurubdur

Gecə yatdığı yerdə

Gəncəni.

Qanına bələyibdir

Neçə-neçə ananı,

Neçə-neçə uşağı,

Neçə-neçə qocanı,

Gəncini.

 

- Oğul, intiqamını

Beş-on qat almışıq biz!

- Nə xeyri varmış, ata,

Diriləcəkmiş məgər

Ölüb-itənlərimiz?!

 

 

Cavabsız sual

 

- Erməni də müsəlmandı

ay baba?!

- Nə pis sözlər deyirsən,

Ağlın azıbdır, nədir?!

- Tutaq ki, ağlım azıb,

Sözlərim də pisdi lap.

Mənə başa sal barı,

Niyə bəs Qarabağa

Silah daşıyan rusu

Sərhədindən buraxır

İran müsəlmanları?!

 

 

Şəhid uşağı

 

Şair dostum Tariyel Ümidin

təzəcə şəhid olmuş yeznəsi Mayisin

övladları - Məleykə və Süleymana

 

Bizimlə bir sinifdə

Şəhid uşağı oxuyur.

Partasının qarşısında

Atasının şəklidi, -

Azərbaycan bayrağıyla

Qoşa durur.

 

Elə ki, dərslərindən

"Əla" alır, sevinclə

Dik baxır atasına -

Bir anlıq gülümsünür.

Sonra da ah çəkərək,

Əllərinin dalıyla

Göz yaşlarını silir.


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!