Zil qara kirpiklərin
Davası nə gözəlmiş.
Sevginin yaz ətirli
Havası nə gözəlmiş.
Həsrətdən alışmağın,
Küsməyin, barışmağın,
Vüsala qovuşmağın
Səfası nə gözəlmiş.
Dərdindən öldüyümün,
Əhdinə güldüyümün,
Vəfasız bildiyimin
Vəfası nə gözəlmiş.
Qoy bu yolda közərim,
Yanmaq ilkim, əzəlim,
Könül sevən gözəlin
Cəfası nə gözəlmiş.
***
Haqq deyilən sözü axtar,
Haqqı sözdə qoysalar da.
Düz yaşayıb düzü axtar,
Düzü düzdə qoysalar da.
Ceyran düzü görməlidir,
Gün gündüzü görməlidir,
Haqq gün üzü görməlidir,
Duman-sisdə qoysalar da.
Haqq ümmandır - dərin olur,
Suyu təmiz, sərin olur,
Haqq arzutək şirin olur,
Onu gözdə qoysalar da.
Sən çirmələ biləyini,
Daşa səp haqq çörəyini,
Haqqı sevən ürəyini
Odda-közdə qoysalar da.
Alsa haqqın sorağını,
Tural aşar Qaf dağını,
Kəsib iki ayağını,
Yolda-izdə qoysalar da.
Könlümdə bir ağac var,
Şeir köklü bir ağac...
Duyğular meyvə kimi
Budağından asılar.
Bəzən ilham gələndə
Bu meyvələr yetişər.
Qırılıb saplağından
Varaqlar üstə düşər.
Çeşidləyib onları
Mən baxaram "dadına".
Sovqattək göndərərəm
İnsanların adına.
***
Bu torpaq gözümdə nurlanan ocaq,
Bu torpaq sinəmdə çarpan ürəkdir.
Donmuş əllərimi lap uzaq başı
Bircə təbəssümü göyərdəcəkdir.
Heç vaxt tək qalmayıb, tək olmayıbdır,
Düşmənin köksünə dəyib oxumuz.
Bizim çiynimizdə yük olmayıbdır,
Niyə bəs çiynində yükük çoxumuz.
Ürək bir arzudur, yollarda itən,
Ürək heç kiriyən, susan deyilmiş.
Hələ indi-indi bilirəm,Vətən,
Sənə oğul olmaq asan deyilmiş.
Gah duman qovmuşam, gah çən yolundan,
Küləyəm, şimşəyəm, qayayam, daşam.
Bütün ömrüm boyu Vətən yolunda
Birinci ölməyi arzulamışam.
***
Yaman səbirsizəm, niyə gizlədim,
Səbirsiz olmağım könül varımdır.
Köçəri durnalar, köçəri quşlar
Mənim perik düşmüş arzularımdır.
Hər səhər üzümü tuturam göyə,
Baxışım havada donub iz olur.
Məni qınamayın səbirsiz deyə,
Bəlkə də taleyim səbirsiz olub.
İçirdər torpağa öz qanını da,
Səbirsiz adamlar tək-tək olurmuş.
Səbirli olmağın ziyanını da
Səbirsiz olanda bilmək olurmuş.
Səbirlə düşmüşük çətinə, bərkə,
Səbirli olmaq da ömürə yükdü.
Səbirli olmağın ziyanı bəlkə,
Səbirsiz olmaqdan daha böyükdür.
Eh nələr, eh nələr qalıb yadımda,
Səbirlə çox yerdə qaldıq axırda.
Bir şəhər itirdik Şuşa adında,
Bir topraq itirdik, torpaq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!