Mahirə Abdulla - Başında cəng havası var

Elxan Zal, səni həmişə tələsən görürəm. Bütün günü nəfəsini çiyinlərindən çəkə-çəkə harasa qaçırsan.

İki yolun, bir sözün, bir çözümün.

Yerlə göyün arasında qalan qardaşım, heyy!!!

Bəlkə bu qısqıya bir "Fatihə" oxuyub, bir hovur dizini qatlayasan, dincini alasan? Apxayınlıqda soruşum kimsən, kimlərdənsən?

Soruşmaq adətimizdir, özümüzlə, dincliyimizlə sorğumuz yox. Bilirəm bu sualı cavabsız qoyacaqsan. Yəni bu suala artıq cavab vermisən.

 

"Mən qurdam, endir məni, ey qut,

yanmış yuxusunda yovşanların".

 

O yovşan qoxusunu Savalandan, Ağrıdağdan, Ziyarətdən, Ərzrumdan, Ərdəbildən, Dərbənddən... saymaqla qurtaran deyil, Cıdır düzündən, Yazı düzündən, Topağacdan, Hürneyidin dərəsindən, Pirin daşından, Qıpçaq çöllərindən, monqol köçlərindən, xeymələrdən, alaçıqlardan gətirir sərsəri küləklər.

Bir udum xəcalət tərimizi soyudub ayazıtmır. Yurd həsrətinin qurd baxışları qismətimizdən çəkilmir, deyir mən "manqurdam... hə?".

Ulu türk yaddaşının daşıyıcıları həl-həlbət aman-zaman bilməzlər. Düşərlər Sonuncu dənizdə itirdiyimiz Turan izlərindəki bütün dünya Turandır. Ört-basdır etməklə deyil, yaddaş - yadın başının daşıdır. Avropadan belə hansı daşı qaldırırsan, altından Qıratın, Düratın nalı çıxır, ən keçilməz qala divarları Süleyman qılıncıyla şırımlanıb.

Ürəyin dopdoludur, yaddaş xurcunun ağzınacan təpilidir, ildən-ilə batmanlaşır.

Yükü - qurğuşun yükü; bükülmüş çiyinlərindən bilirəm. Qaçaq Nəbinin Aynalısının gülləsi qurtarıb.

Daş üstünə daş gələcək. Sonuncu Dənizə yürüş bu səfər Cıdır düzündən, Ziyarət dağından, Ağrıdağdan, Savalandan başlayacaq. Ürəyimə damanda düz çıxır.

Gözləmək ağlına da gəlməsin. Bizə ağı yox, savaş ayəsi oxu! Allahın yanında növbəmiz yetib, bu səfər bizi eşidəcək.

"Sular dəryaya sevdalı, Dərya göylərə sevdalı". Elxan Zal, sən böyük Turana sevdalısan, avazımış üzünü üzünük buludlu göylərə tutub deyirsən:

 

"Məndə dərviş davası var,

başımda cəng havası var,

yerin-göyün duası var,

savaşını bilənlərə".

 

Amalın:

"səngimək bilməyən savaşımız var".

 

Andın:

"and olsun atlara,

and olsun qılınc parıltısına,

and olsun bir Tanrının adına".

 

Niskilin:

"ərənlik duyğusu qadınlaşmada" ikən

"Tanrım, sən savaşımızı ver"

 

Savaş ismarışın:

"de ki,   

sevdik savaşın dadını,

qız kimi sevdik,

qımız kimi sevdik".

İnancın:

"yel yalayan bu bayraqlar

fəthimizin türküsünü

arddoğudan ardbatıya aparacaq".

 

Mərəzin:

"oturmaq azarın qabar bağlayıb".

 

Dar ağacın:

"sevdiyim insanların nifrətində ölürdüm".

 

Son nəfəsinədək türk əsrinin "Savaş ayələri"ni yazacaqsan.

Səndən başqa sənin kimi heç kəs yaza bilməz.

Çünki artıq yazmısan.

Hər kəs öz yoluyla gedir.

"Xaqannamə" türkün şanlı tarixinin yaddaş qatlarıdır. Bu zikr təsbehini çevirdikcə savaş... savaş çıxır.

Sən bilirsən...

"Yataqda ölənlər murdar olurlar,

bizim törəmizdə belə yazılıb".           

 

Poeziyan türk dilinin sirr xəzinəsidir. Dibi-dibəyi görünmür. Bütün dünyanın əlini üzündə qoyan, dilini dilçəyinə bəndləyən Orxon-Yenisey yazılarıdır.

Bizi davakar, odda yanmaz, suda batmaz üsyankar ruhlarımız birləşdirir - Vətən adlı Böyük Ananın balalarıyıq.

Bizi dinclik tapmayan şəhid ruhları, güllələnmiş ağacların, quşların, daşların, dağların ruhları danışdırır.

Eygili vaxtlarda yeriyəndə yer titrəyən qırmızı almayanaq Sultana nənəm ermənilər barədə deyirdi: "Tanqrıya alqış etdik azdılar, qarğış edək yerə keçsinlər. Gözünüzü qarğa-quzğun didsin. Çörəkləri dizləri üstündə olanlar. Çörək itirənlər. Çörəyimiz gözlərinizi tutsun".

Sultana nənəm Tanrıya "Tanqrı" deyirdi; bir "q" səsi sözün enerjisini, magik qüvvəsini qaytarır. "Tan -q - rı" canlı musiqidir, Sibiri, Altayı yada salır.

Sən də ürəyimdən yaman xəbər verdin...

 

"ermənilər nə tuladı,

millət qalıb qan içində.

cəng havası çalır zurna

gəl ortaya, küncdə durma,

cihada çıx, ay musurman,

ud savaşı qan içində".

 

Amin! Yüz dəfə Amin!

Türkün ruhunu belə yaşat; səni ölməz edəcək.

Və "sənə yaxşı xəbərim var" deyəndə göy üzü kimi tutulmağım. Axı elə haqq-sayımız olmayıb. Alıcı quş kimi heyrətimi tutdun, "sənin haqqındır" - dedin.

Bu nə haqdır belə? Yurdsuz insanın heç nəyə ərki, əli çatmır - elə arsız ömürə də.

Amma Ulular Ulusu Mahmud Kaşqarinin adı da gələndə zənnimdə "Qeyb"in qapıları bağlanır. "Ağıllı qadının intiharı"nın qırxı çıxır, "Erməni kölgəsi" dağılır, Qarabağlı şeirlər yazılır.

Ərşə səs ucalır: "Əvvəl. Axır" Qarabağ bizimdir!

Bu dünyada üzümə üzlər tutub yaşayıram. Şeirlərim gün üzü tutulanda döyülən qablardır.

Günəş mənsiz peyda olur, batır.

Yalnız rəsmlərimdə səmimiyəm; cizgi torlarında dəstədə vurulmuş quşlar kimi çırpınıram.

Başımın tacı Qarabağda düşdü.

Öz əlim öz başımdı. Söyürəm özümü. Döyürəm dizimi.

Əlimdən gələn budur.

Qarabağ məni əsir-yesir edib.

Dünya türklərindir.

Xəzər qalxır, türk qabarır.

Qılınclar qınında pas tutdu.Turanın tacqoyma törəninə çoxmu qaldı?

Bundan əzəl igidlərimiz döyüşə ana-bacıların dualarıyla gedərlərdi.

Deyirəm: "Ananız-bacınız olum.

İzləriniz göyərməsin.

Dabanlarınız yaş səngərlərdə dən tutmasın.

Savaşa gedəndə yollarınıza su atım".

 

 

Bu namə sənə

quş qanadında gələcək

 

Bilirsən, əllərim niyə böyükdü

qıpçaq atlarını sağıb

qımız tutdum

şaman duasıyla, yovşanla mayaladım.

Atilla içib o qımızı

dünyanın üzünə durdu

qıpqırmızı.

İç bu qımızı

rəngi qırmızı

savaşa, ata, qılınca

bakirə səhralara tamarzı

Zal oğlu Talıbın yadigarı

Sən... türk oğlu, Turan imanlı

Elxan Zal Qaraxanlı,

Zəngəzurlu qoca Alının kürəyi yerə dəyməz

Gənc Alı nəvəsinin

şair qızı Mahirənin qan qardaşı...

yurd həsrətimızin sinə daşı. 

Qara nərlər xaqanları

bellərində hərlərdi

ağ mayalar səhraları dizləyib

fürsəti girlərdi

yolları süpürlərdi.

Bilirsən barmaqların niyə uzundu -

xurmayı qopuzun on barmağı

sinəmdə "Türk əsrinin türküləri"ni çalacaq.

 

Sarı yovşanların şələ saçları

qəfləti sucladı

həsrəti sacladı.

Əllərimdə hana qurub, yapıncı toxudum

Qıpçaq çöllərinin yorğanıdır

Elxan Zala buxça tutdum

Turan sevdasının yorğunudur

səhrada yulğun kolları buynuzlaşır

darısqallığın darğınıdır

ayağı çidarlı kəhərin yalı quzulayır

mənzilsiz yolların solğunudur

başımda Şuşa sevdası

19 ilin ilğımıdır.

Heyy, Elxan bəy...

Çingiz xanın alaçığı börkdür

savaş ayələri görkdür

cahanın xilası şanlı türkdür

qələmdaşım

qəm qardaşım

qürurum qor tutmur daha

hucum əmri eşidirəm

"Vur" əmri verdi Komutanım -

Gedək Qarabağa!".

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!