Ən yeni tarix - Şəhidlərimizin ruhuna ehtiramla - Qi Or El

Avara, dalaşqan, dərs oxumayan

Oğlan böyüyürdü qonşu məhlədə.

Çoxunu incidən həmin oğlanın

Səsi qulağımdan getmir hələ də...

 

Hay-küyü alırdı həyət-bacanı,

Meyxana deyirdi, çırtma vururdu.

O vaxt qınayanlar onu doğanı...

Gün gəldi önündə təzimlə durdu.

 

Cibində bıçaqla gəzirdi oğlan,

Əlindən quşatan əskik olmazdı.

Tarixdən həmişə sinifdə qalan

Bu oğlan ən yeni tarixi yazdı.

 

Sevdiyi qız vardı eyni binadan,

Eyvanı altında bitib qalırdı.

Üzünə baxmırdı zalımın qızı,

Elə bil qəlbindən daş asılırdı...

 

Gün gəldi o qız da qara geyindi.

Gün gəldi o qız da sevdi oğlanı.

Sonuncu məktubda əsgər şəklinin

Üstünə yazmışdı: "Xatırla məni!".

 

Nənəsi deyirdi qonum-qonşuya:

"Şuşadan gələndə qundaqda idi.

O gün televizorda göstərirdilər,

Tankının üstündə Şuşaya girdi!".

 

Neçə can qurtardı, neçə kənd aldı,

Ən uca zirvəyə sancdı bayrağı!

Bu oğlan bir anda and yeri oldu,

Qanıyla süslədi ana torpağı!

 

Avara, dalaşqan, söz eşitməyən

Bir oğlan var idi - indi min oldu!

Yazdığı tarixlə tarixə düşdü,

Atdığı güllədən zəfər doğuldu!

 

09 oktyabr, 2020


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!