"Sularmı aldı səsini?.." - Dilsuzun təqdimatında - DİLSUZ

şeirlər

DİLSUZ

A.Hicri İZGÖRƏN
SUSQUN
Susardım
              və qar yağardı...
Gecə
       gözlərindən başlayardı,
və yarımçıq qalmış
                kitablarda bitərdi.
Zaman -
    alnımızda bülövlənən
                        küt bir bıçaq...
Üzünümü axtarırsan
                çiliklənmiş aynada?
Susardın,
     bir kəlmə belə danışmadan
                                     susardın
və qar yağardı...
Yanvar -
       bir qar bəyazıdı saçlarımda,
fevral -
     xeyirsiz övladdı,
             həm də qaçaqdı, qaçaq -
anadan-bacıdan,
         qohum-əqrəbadan,
                    dost-tanışdan,
                    və bir də isti yaydan uzaq...

Mart -
     dərddi, dərd,
          heç çıxmadı ki, canımdan,
günləri
       bir-birinin eyni, ekiz...
Aprel -
     bir daldanacaq tapmadı -
yağışların altında
        islandı, islandı, islandı hey...

Susardın,
       bir kəlmə belə danışmadan
                                         susardın
və yağışlar başlayardı -
        heç zaman kəsməyəcəkmiş kimi...

Heç vaxtında gəlmədi ki,
                                 may ayı -
gözlətdi,
         gözlətdi,
                 gözlətdi bizi...
İyun -
      sevdadı,
            ya da buna bənzər bir şey,
iyul -
      bir yuxudu bəlkə,
                    görmək istədiyiniz...

Avqust ulduzları
      alardı gecələrimizi
                          əllərimizdən,
"suç üstə" yaxalanardıq
          salxım söyüdlərin altında
və sentyabr,
          sentyabr büsat qurardı
                             uşaq səsindən...

Susardın,
       bir kəlmə belə danışmadan
                                        susardın
və küləklər başlayardı...
Səmtini itirmiş
      bir səyyarə kimiydi oktyabr -
sürgünlərə
       yollayardıq özümüzü.
Gedənmi biz idik,
                        qalanmı -
bilinməzdi...
Noyabr -
      bir quru yarpaqdı
                   rüzgarın cəngində -
rəngi solmuş,
ətri getmiş...
Dekabr -
       ilin sona qalmış adamı -
                   nə düşündüyü bəlli...
Solğun
     bir yuxu kimi
                        keçsə də
heç bir mövsüm
                 gözlərin qədər
sancmadı neştərini qəlbimə...

Susardın,
     bir kəlmə belə danışmadan
                                      susardın
və qar yağardı...

UZAQ
Hər kəsin bir yağışı
         və bir rüzgarı vardır,
eşq bir az islanmaqdır,
apar məni
             o uzaq yağışlara.
Hər kəsin bir şərqisi
          və bir şeiri vardır,
eşq bir az çoxalmaqdır,
apar məni
       o uzaq şərqilərə,
               o uzaq şeirlərə.
Hər kəsin bir axşamı,
         və bir nağılı vardır,
eşq bir az yorulmaqdır,
apar məni
        o uzaq axşamlara,
              o uzaq nağıllara.
QANAYAN YARA
İndi o şəhərə
               bilet almaq
səni sevmək qədər çətindir.
Dağladıq sancan yaramızı,
sulara tökdük
                  xatirələrimizi,
eşqi və acını seçdik,
Diyarbəkirdə,
          xına ətri verən bir axşamda.
Hər gün
            bir hüznün
                        qoluna girdik,
dərinə işləyən
               bir yara
                     düşdü payıma,
oxşaya-oxşaya böyütdüm...

Uzaq bir xəyal
                  oldu əllərin,
gecə uzandı,
            budaq üşüdü,
                    şərqilər bitdi,
yenə yağışlar başladı -
sən yoxsan...

Yarpaqlarmı
        aldı səsini,
             yarpaqları dinləyim,
sularmı
        aldı səsini,
                 suları dinləyim,
ulduzlarmı
        aldı səsini,
                ulduzları dinləyim...
Hardasan?
Hardasan?
Hardasan?

Bir xəbər ver,
bir xəbər ver,
bir xəbər ver...

            A.Qədir BİLGİN
ƏRİK AĞACININ
HEKAYƏSİ
Mən bir ərik ağacıyam,
Qırşəhərin
            Dinək bağında -
kiçicik
      bir evin önündə,
ildə bir kərə meyvə verərəm,
ovuc içi qədər.
Yay gələr
bir qadın
        silkələyər budaqlarımı,
bir çocuq
        sevincdən atılıb-düşər
və mən şad olaram.
Düzü,
      nə söyüd qədər nazım,
nə qovaq qədər qürurum var...

Mən bir ərik ağacıyam
Qırşəhərin
            Dinək bağında -
ən çox aprel ayını,
bir də
       üç insanı sevərəm:
biri çocuq,
biri gənc qadın,
biri gənc kişi.

Çocuğun adı Əhməd,
gənc qadının adı Fatma,
gənc kişinin adı İbrahimdi.
Əhməd kiçik və sarışındı,
Fatma gombul və bəyazdı,
İbrahim arıq və uzundu,
Bir göz
         torpaq evləri var,
pəncərəsi
        əl boyda, həm də şüşəsiz...
Hərdən
       pəncərədən
             baxaram içəriyə,
yerdə
    bir köhnə kilim,
          bir köhnə döşək,
             bir köhnə yorğan,
divarda
      bir köhnə qırıq ayna -
utanaram çiçəklərimdən...

Dünən gecə
                çıraq yandırmadılar,
Ay işığında
           solğun görünürdü bənizləri,
zeytun,
      çörək
           və göy soğan yedilər,
sonra
     bir-birilərinin
               gözlərinə baxdılar
                            və əsnədilər...

Fatma
       İbrahimin yanında
                                  uzandı,
gözlərini yummadı
                       sabaha qədər,
nədi,
     bir dərdimi var,
                       Allah qorusun...
Çiçəyini
          ən əvvəl
                   ərik ağacları tökər,
dibim - bəmbəyaz,
budaqlarım - yamyaşıl,
əriklərim - məmə boyda...
Bir azdan yay gələcək,
əriklərim balla dolacaq
Əhmədin çörəyinə
                  yavannıq olacaq...
Mən bir ərik ağacıyam
Qırşəhərin
             Dirək bağında -
kiçicik
      bir evin önündə…
Keçdi bağların
           budanma vaxtı dedim,
dedim,
       amma
            İbrahim yenə işsiz-gücsüz -
yox evinin
         əti, südü, qəndi...
Qəmlənməyimmi indi?
Günlərdən bazar ertəsidi...
Yenə gəldi
             o şişman adam,
                        əlində çanta.
Pəncərədə
       quzu kimi
             boynunu büküb
                     Fatmayla Əhməd.
Mən bir ərik ağacıyam
Qırşəhərin
          Dinək bağında,
kəsməyin dedim,
ildə bir kərə
               çiçək açıram,
ildə bir kərə
     meyvə verirəm,
              ovuc dolusu...
Yeddi lirəyə danışdılar -
nazlı söyüdlərin,
qürurlu qovaqların
               gözləri önündə
ağzı ovxarlı
         bir balta ilə
               kəsdilər məni -
qışlıq odun oldum...

Mən bir ərik ağacı idim
Qırşəhərin
          Dinək bağında -
kiçicik
     bir evin önündə,
ildə bir kərə çiçək açar,
ildə bir kərə meyvə verərdim
ovuc içi qədər...
İndi
    bir sobanın içində
            hıçqıra-hıçqıra
              çıtır-çıtır yanıram...

SEVDA TÜRKÜSÜ
Sıxıl qoynuma,
səs-küy bürüyərkən
                  şəhərin küçələrini.
Qayıdar
             əks-sədalar dağlardan -
üşüyərəm,
          əyninə qar geyinmiş
                            ağaclar kimi...
Bərk-bərk tut əllərimi ki,
             bir səhra çiçəyinin ətri
                     yolundan çıxartmasın məni.

Duz və çörək qədər
                 müqəddəs kitabların,
insan nəfəsi dəyməmiş vadilərin,
əsrarəngiz sirlərin
içində nə varsa
                 sevgiyə dair,
götürüb
          yola çıxdım
                hər gün sübh tezdən...

Rüzgarın
         ovsunlu çağırışına uyub
ipindən aralanan
                        çərpələng kimi
çılğın olmaq istəyirəm,
bax,
     açmışam qollarımı -
qucağım
      göy üzündən
                daha böyük,
                       daha geniş...

Qanıma susamış
                 bir qurd var,
nə vaxtdı
         arxamca gəlir,
                    qarabaqara,
səhərə yaxın -
           sübh tezdən
                    böyürtkən kolu ol,
tikanlarının arasında
                           gizlə məni,
buz kimi
         bulaqlar olsun ovuclarında,
bir udum içdimmi,
             quş kimi qanad gətirim,
vermə,
         vermə məni qurda.

Bir qovaq ağacı ol,
           uyuyum kölgəndə,
                             günortaüstü,
yuxumda
           mərmər saraylar görüm ,
çıxarım ölümü qılafından,
necə gəldi öpüm
        avqust kimi alışıb-yanan
                                      köksündən...
Oyanım,
         görüm ki, sən yoxsan,
dəlilər kimi
               hayqırım,
                     hayqırım,
                           hayqırım!...

            A.SAYAR
MÜFTƏ
Orxan Vəliyə
Dağın kəlləsindəki duman - müftə,
Süzülmüş, köhnə bez - müftə,
Fələk,
       gözün kor olsun,
                oturub ağlamaq - müftə.
Əmr eləyir ayaq-başa,
Bir söz demə gözə-qaşa,
Müjdələr olsun, dağa-daşa,
Dərd söyləmək - müftə.

            Adnan QORXMAZ
SEVDİM
Mən səni
dan yerinin sökülməsi qədər,
mən səni
qonşumuzun bağçasından
            oğurladığım alça qədər,
mən səni
ac vaxtımda
küçədən aldığım kökə qədər,
mən səni
siqaretimin dibi -
               son qüllabı qədər,
mən səni
səhər-səhər
       eşitdiyim ilk quş
                         səsi qədər,
mən səni
çılpaq və xam bir atın
          kişnəməsi qədər sevdim.

Sevdim,
altında uzandığım
             qoca çinar qədər,
sevdim,
     çocuqluğuma sarı
                sısqa-sısqa axan
                                   pınar qədər,

sevdim,
kim bilir,
       daha nələr, nələr qədər.
Bəs etmədimi?
Getdin...

Atalay DƏMİROĞLU
QARMAQARIŞIQ

Əli Ayşəni sevirdi,
Amma
Ayşənin gözü-könlü
Süllülərdən Gilas Həsəndə idi,
Gilas Həsən isə
Təkə bəyin
     naz-naz qızı
             Güllüyə bənd olmuşdu.
Güllü də
        Əlidən ötrü
                 dəli-divanə idi.
Əli də inad,
Ayşə də inad.
Gilas Həsən də inad,
Güllü də inad...
Sormayın
          nə oldu
               bu işin axırı?
Ah, qara sevda,
Ah, qara sevda...
Bir gündə
        bir kənddən
            dörd ölü çıxdı...
Ah, qara sevda,
Ah, qara sevda...

            ÖZGƏR

SEVDA
Göyü
    dəstə-dəstə gətirdim sənə,
tut burnuna,
        qətmər-qətmər gül açacaqsan.

Solmusan,
bənizin saralıb -
yorğun
       adamın üzünə
             bənzəyir üzün...
Şam ağacının yarpaqlarını
və bir də
      dağlıların haqq sevdasını
                           gətirdim sənə -
eynin açılsın!

Canım mənim,
sənə
    ümidin nə olduğunu
                   öyrətməyənlərin
                             bir günahımı var?
Bax, Yer üzü nə qədər geniş,
bax, Yer üzü nə qədər dar...

Bir gəlinlik paltarı
                      gətirdim sənə,
bağışla,
         köhnədi bir az,
əlimlə yudum,
bir alma ağacının
            budağında qurutdum...

Həyat -
        sıxılmış yaydı,
                        bunu unutma,
bahar -
anamızın yaylığındakı
                  solğun çiçəkdi,
                        bunu unutma.
mən səni
         hər yerindən öpərəm,
                              bunu unutma.
Sən içəridə,
Mən dışarıda,
Ah, məhbusluq, məhbusluq...

 Bakı Süha EDİBOĞLU
QARANLIQDA
KEÇƏN GƏMİLƏR
Bir gecə       dəniz gəzintisində
                  unutduğum şərqini
dalğa-dalğa,
           yosun-yosun
                     toplayır hafizən.
Masmavi göyün altında
ulduz məhşəri -
topa-topa açılan,
topa-topa yığılan...

Davud peyğəmbərin olmalı
bu duyduğun Zəbur surəsi,
Bu bəyaz, çılpaq,
ölümü unutduran qadın da
əskidən
süfrədə bölüşdüyümüz
                 Zəlihə olmalı...
Mən
      sevdiyim bütün kitabları
                         oxuyub qurtardım,
hər sətrində səni gördüm...
Hər sözdən
          qəlbimdə bir ağrı qaldı,
qaranlıqda keçən
                       gəmilər kimi...

Hazırladı: Dilsuz


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!