Gəlirik, Vətən - Atababa İsmayıloğlu

Səbrimiz aşıb-daşıb,

Hücumdadır igidlər.

Şeypurlar döyüş deyir,

Döyüş o döyüş deyil.

Bizi saxlamaz yetən

Gəlirik, Vətən.

 

Tarix şans verib bizə,

İndi sınaq vaxtıdır.

Üfüqdən doğan günəş

Millətimin baxtıdır.

Ölsəm ruhum vuruşar,

Sənə qurbandır bədən -

Gəlirik, Vətən.

 

Oyunlar oynanmayır

Daha iki tərəfli.

Döyüşlərə girmişik

Ləyaqətli, şərəfli.

Üstünə çökə bilməz

Bir də o çiskin, o çən,

Gəlirik, Vətən.

 

Canımızdan əzizdir

Torpağında hər tikə

Şəhid qamətlərindən

Sərhədlər çəkə-çəkə

Doğma ocaqlarımız

Yenidən olur məskən,

Gəlirik, Vətən.

 

Yad havaya düşdüyün

Yağı anlasın barı.

Üfürülmüş söz deyil

BMT-in qərarı.

Ordumun qüdrətiylə

Həyat tapır bu gündən,

Gəlirik, Vətən.

 

Sabah gec olacaqdı,

İndi doğdu o ulduz.

Bu eşq, bu sevgi ilə,

Demə, - niyə yubandız.

Yetə bilməzdik sənə

Vuruşsaydıq biz dünən -

Gəlirik, Vətən.

 

Bir daha yaralanmaz

Nə ağacın, nə daşın.

Xeyli vaxt ayrı düşdük,

Təki sağ olsun başın.

Yenə çiçək açacaq

O yamaclar, o çəmən

Gəlirik, Vətən.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!