Qarabağımıza və şəhidlərimizə ithaf edilir...
Vaxtın qollarında asılan
qisas günümüz var.
Ovcumuzda daşa dönür güllər,
sularımız rəngini qanlardan alır.
Dözümümüz
od rəngli yaylıq qaldırıb,
səbir öz kasasını təpiklə aşırıb,
daha bizimçün
ölümdən üstün deyil yaşamaq.
Yetişən tarixin vətənisə,
indidir ancaq.
Heç kəs paltar seçməsin,
əyin-baş axtarmasın,
zəfər köynəkləri geyinəcəyik,
hamı ümidinə uzun ömür arzulasın,
bəzən külümüzdən göyərəcəyik.
Düşmən küt dişləriylə
nifaq almasını gəmirir.
Ərşdən sallanır onların
edam ipləri,
ölüm bu dəfə onlara acdı,
baxın, necə ovcunu yalayır.
Məğlubiyyətdir düşmənlərin anaları,
qara günlərinin - gələcəklərinin
söküklərini yamayır.
Düşmənin üzündəki ləkə canlanacaq,
uzun
və əzazil bir kölgəyə çevriləcək,
yaddaşlarından yaşadıqları silinəcək
və ancaq xatirələrində
lənətli bir bu gün qalacaq.
Bu gün yaddaşlar
alov tarlalarına dönəcək,
düşmən daim
ayaqyalın yeriyəcək şüşəli xatirələrində.
Beləcə saxta tarixi pəhləvanlarının
loğması boğmaya çevriləcək.
Dünyanın ən uzun gününü yaşamağa
nəfəsləri çatmayacaq.
Rənglərinə uyacaq əzab göynəkləri,
qızıl suyuna çəkiləcək
əcəl elçilərinin köynəkləri.
Bizim analarımızın ürəyini soyudan,
atalarımızın təskinliyini artıran
çiçəklər açılacaq,
bütün üzlərdən ağrı izlərini silən
günəş doğulacaq
və onda rənglər mənalarına
daha sədaqətli olacaq.
Unudulmuş vətən şərqilərinin
nəqarətləri çiçəklənəcək,
məzarlardakı şəkillər
nigaran-nigaran boylanmayacaqlar,
erkən ölümlərdən
"nakam" dağı silinəcək.
Atəş səslərindən diksinən körpələrin
yataqlarındakı qorxular
əbədi yuxuya gedəcək,
daha heç kəsin dilindən
"mən cəhənnəm"
sözləri eşidilməyəcək.
Quşlar mərmi səsindən
pərəm-pərəm düşməyəcək,
qələbə meydanlarına
asudə qonacaqlar,
düşmənin arzu leşlərinin
gözlərini oyacaqlar.
Vətənində ölmək arzusu
ömrünü əbədiyyətə bağışlayacaq,
həsrəti qarışlarla ölçəcəyik,
anaların arxamızca atdığı sular
buxarlanıb yollarımıza yağacaq,
beləcə hər işimiz avand olacaq.
Deyilənlər başımıza gəlməyəcək,
yaşamalı olduqlarımızı yaşayacağıq,
aqibət axırımız yox,
bu günümüz olacaq.
"Xəritəyə" ancaq əllərimiz yox,
ayaqlarımız da toxunacaq.
Qlobusun hər tərəfinə baxmağa
üzümüz olacaq.
Güllələnən heykəllər sağalacaq,
daşların yarasına
yeni tarix məlhəm qoyacaq.
Ot basmış yollar
kimsəsizliyin xəcalət tərini siləcək,
bütün yollar vətənə gedəcək.
Əmr göylərdəndir bu dəfə,
səma müjdəçimiz olacaq,
haqq dağlarından qopan
daşların səsindən,
nahaqq məmləkətlərin
bağrı yarılacaq.
Məstlərin rəqsi kimi
görünəcək düşmən hərəkətləri,
ildırım qılıncıyla bölünəcək
qaniçənlərin ümidləri.
Bir ömür gözlənilən
namələr oxunacaq,
gələcəyimiz bu günümüzdə
papağını əyri qoyacaq.
Göylə yer birləşənə qədər,
odla atəş dil tapanacan,
günəş əlinin arxasını
torpağa vuranacan
çəkəcək ədalət davamız,
şəhid kərpicləriylə hörülür
şərəf yüksəkliyindəki qalamız.
Daha bizimçün sığınacaq yoxdur,
nə ümidlərimizə,
nə dünyanın ədalətinə
sığına bilərik,
bundan sonra ancaq
vətən naminə atılan
güllə laylalarında
uyuya bilərik.
İndi Allahın nəzərləri ilə toqquşur,
nigaran anaların baxışı,
ruzi doğan torpaqlarda
hər şəhid canı
bir həsrət naxışı.
Qoy Haqq-tala razı qalsın bizdən,
onun iradəsini
tükənməz səbriylə
yerinə yetirənlərdən.
"Nəyi gözləyirsiniz" bəhanəsini
almışıq səbirsizlərin əlindən.
Daha sinəmizdəki səngər darlığımız
göz işləməz genişliyi qovuşmalıdı,
gözləntilərimiz üzünü bozartmalı,
qayğılarımız belə vuruşmalıdı.
Ağ günlə nəfəs almağın dadını,
dumanı tüstü kimi
əllərimizlə qovmağı
geninə-boluna bilməliyik.
Harda dayansaq da
üzümüzü vətənə sarı çevirməliyik.
Gərək vaxtı duymayaq,
qoy gecələrimiz
gündüzlərimizlə əl-ələ versin
Təki bütün yaşadıqlarımız,
bütün dözdüklərimizə dəysin.
Biz kəşf etməmişik
qanı qanla yuyub,
odu suyla söndürməyin yolunu,
düşmən çırmalayıb bizim
gözü yollarda qalan
vətən cənnətlərinin vuran qolunu.
Biz daha səbir zivəsində
təzə-tər ümidləri
qurutmaq istəmirik,
sabah beşiklərində
gələcəyimizi uyutmaq istəmirik.
Daha şahə qalxıb dalğalarımız,
donmuş sularımızın açılıb buzu,
daha hər işıqlı səhərimizdə
nəfəsimiz dəyən bulaqların suyunda
yumaq istəyirik üzümüzü.
Süd qoxuyan körpələrimizin yüyürüyünü,
qoca ağaclarımızdan asmaq vaxtıdı,
vətənə dağlar arxasından yox,
meşələr içindən baxmaq vaxtıdı.
Dağlarımız əbədiyyətə söykəyib çiynini,
bağrını yalın atəşlər sökür,
Ay ulduzları gizləyib,
o da qaranlıqla
təkbətək döyüşmək yolunu seçib.
Bəbəklər mərmi səsinə
oyanmasın deyə döyüşürük,
nənələr şallarını niyyət ağaclarına
bağlasın deyə savaşırıq,
babaların qurbanları öz həyətlərində
kəsməsi üçün vuruşuruq.
İndi hər nə etsək
hər əməlimizdə
bir qayıdış sevdası var,
torpağın dili olsa
gələcəyin tələsməsinə yalvarar.
Poqonlarımızdakı ulduzlar
indi əvvəlkindən daha parlaqdı,
sinələrimizdən asılmış medalların
alnı daha açıqdı,
üzü daha ağdı.
Həyatın qəddar üzündən belə,
döyüşdə nur yağır,
hər kəs vətənin diliylə
özünü döyüşə çağırır.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!