Sənə danışdıqlarımın hamısı yalandı...
İnanma mənə...
Heç vaxt tutmadı əllərimi, demədi sevirəm səni...
Hər gün daha çox sevmədi məni
Çiynimin çuxurlarında
dünya boyda kədərlərim var...
Qalanlarıma baxma sən,
mənim neçə-neçə gedənlərim var.
Göz bəbəklərinin divarlarında
mənə demədiklərin,
səbəblərin...
Səbəblərim var!
Bilirəm, görürəm, anlayıram və gedirəm.
Ovuclarının istisini söndürərkən meta reallıqlar
Dodaqlarında Zərdüştün əbədi alovlarını daşıyır
Yaşayır öldürərək, yaşayır o.
Sevə bilmir əzizim, sevə bilmir...
Ənənəvi qəbullanmanlar
hakimiyyət quraraq zehnində...
İtələyir məni qəlbindən məntiqinə...
Mən ovuclarımda gizlədirəm
qürur izlərini
Göy üzünü...
Bircə göy üzünü saxlasın mənə,
qalanı boş, dahası təfərrüat
Sənə danışdıqlarımı unut, beynindən sil və at...
Yum gözlərini, əbədi olmayan bir yuxuya yat
Qoy sarsın ruhunu çəhrayı bir düş
Yalanı sevmirəm, başa düş.
Dözə bilmirəm, belə çox sevmə məni
Axı ən çox sevdiyim,
hər gün daha çox sevmədi məni.
Beynimdə tikdiyim xoşbəxtlik sarayının
bütün kərpicləri uydurmadır,
bütün sütunları qürur.
Taxtadandır ruhumdakı bütün istehkamlar
Beynimin içi ən dəbdəbəli mədrəsədir
Döşəməsi göz yaşı, tavanı sürur...
Bircə göy üzü ümid yağdıra bilir melanxoliyama...
Hər gecə gözlərimi beləcə zilləyirəm ulduzlara...
Sentimental deyiləm, gülmə mənə...
Get-gəlli bir həyatın qalıcı melanxoliyasıdır,
mənim payıma düşən...
Bilmirsən necə çətin olur
yıxılan xəyalların yalın əllə yenidən qurulması,
İnanma mənə...
Heç vaxt demədi həyatımın qadınısan,
Heç vaxt almadı sənə danışdığım
o yabanı çiçəkləri,
Bağışla məni... hamısını uydurmuşam
O da heç mənim həyatımın adamı deyildi
Adamsızlığım idi
Sadəcə bu.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!