UNUTDUQLARINA...
Sənin unutduğun küçələrdən keçəndə
Sol qolum sonbahar yarpaqları kimi sallanır çiynimdən.
Tökülüb dağılır zərrə-zərrə
Sənin ayaq basdığın yerlərə...
Sənin unutduğun nəfəsi alanda...
Anlayıram...niyə o nəfəsi boş verib başqa nəfəslərə süzüldüyünü...
Necə əzildiyini...
Necə hönkürdüyünü...
Necə üzüldüyünü...
Amma...
Amma bilmirəm...vallah bilmirəm...
Axı necə qəbul eləyim?
Necə qəbul eləyim axı?
Özgə barmaqlarla susdurulduğunu...
Özgə səslərlə uyuduğunu...
Özgə nəfəslərlə oyandığını...
Özgə baxışlarla sevildiyini...
Yoxsa elə bilirsən,indi ölmür igidlər?...
Ölürlər,vallah,ölürlər.
Amma onlardan sonra daha adları qalmır...
Bir tutam vay teli qalır...
Bir vicdan qığıltısı...
Orda insanlar danışmır
Orda küçələr danışır...
Elə ürək yandırır səmadakı tək ulduz
Elə qulaq batırır sükutun uğultusu...
Bir tutam vay teli qalır...
Bir vicdan qığıltısı...
GECƏ DUASI
Küçəsində it ulayan
Bir yetim,əyyaş şəhərəm.
Gözlərimə sovurduğun
Külümü tapa bilmirəm.
Bəzən insan çəkinir
Alnıaçıq gəzməkdən.
Qorxur ki,oğurlayarlar
Alın yazısını da...
Olur ki,gələcəyin də
Keçmişinin tulasıdı.
Saçlarını tumarlayan
Bir kor pişik balasıdı.
Gündüz eyni,gecə eyni...
Otaq eyni,yataq eyni...
Eyni...eyni...
Qucaq eyni...
Bölük-bölük...
Xıncım-xıncım...
Sönük-sönük...
Bəzən çarəsiz xəstəlik olur
Təsadüfsüzlük...
Sonsuz durna qatarında
Gözündən vurulan durna
Uğursuz qəhrəman kimi
Düşdü tanrının toruna
Bəzən istəsəndə bilməzsən
O gülüş...
Ölümdü ya qalımdı.
Ona görə də gülməzsən.
Hardan biləsən ki,
Unutmaq üçün doğulmamaq lazımdı.
QOXULAR...
QORXULAR...
Röyanda belə görmədiyin
Bir sıxıntıymış tənhalıq...
Əllərin-səmanın maviliyindəki
Bir durna qatarı...
Saçların-yetişmiş taxıl sahəsinin
yetişməmiş kölgəsi...
Bir qaraltı sonsuzluqmuş
ayrılığın döngəsi...
İndi qosqoca dünyada
bir xırda mamır kimisən...
Bir bəyaz kağıza düşən
siyah mürəkkəb ləkəsi...
Ucuz araq şüşəsinin
dibindəki o son damla...
Bir də heç vaxt görüşməyəcək
unudulan unudanla...
Siqaret zibilliyində
bir siqaret kötüyüsən...
Ya da bağrı dağ-dağ olmuş
bir bağrıyanıq külqabı...
Sorğu-suala tutursan
xəfiyyətək yaşamağı...
-Niyə heç bir şey dəyişmir?...
Niyə heç nə olmur axı?
Adamın ölməyi gəlir
Bir kəpənək nəfəsində...
Bala sərçə dimdiyində
Kövrək arı qanadında...
Buxarlanasan səmaya
Yaz günlərinin birində...
Tanrıdan bir öpüş alıb
Doğulasan dan yerində...
SENTİ(MEN)TAL
Bilirsən indi nə haldayam,cənab psixoloq
Elə bil ayaqlarımın yerində minlərlə qaranquş var...
əllərimin yerində kəpənək ordusu...
Ona görə yaz aylarında özümə qapanıram..keyiyirəm
O gün sevgilim dizimin üstündə yatmaq istədi...
Qorxdum,cənab psixoloq,qorxdum
Qorxdum ki...qorxdum ki qaranquşlar duyuq düşər
Həm ayaqsız qalaram...həm də ürəksiz
Ancaq həm də istəyirəm...
Qaranquşsuz bir dünyada sevgili nəyə lazımdı ki?
Çarəsizliyimi danışa bilmirəm tanrıya,cənab psixoloq
Ancaq danışacam...
Mütləq danışacam...
Çünki istəyirəm qollarımı qaldıranda dünya kəpənəkləşsin...
Eybi yox,qoy mən qolsuz qalım...
Cənab psixoloq,o qədər yorğunam ki
İndicə bir ac quş...
..qoy gəlib didsin məni...
Hər gün bir tikə aparsın...
...o ağacın budağındakı
Günəşi hələ yarım görən ətcə balalarına...
Quşlarsız bir dünyada yaşasam nə olacaq ki?
Bilmirəm,bəlkə də heç nə olmayacaq...
Bəlkə də olacaq...
Olacaq...
Olmayacaq...
Ola...
Yeri gəlmişkən,
Siz “Başsız atlı” romanını oxumusunuz?..
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!