Payız adam, bu fəsil sənin çiyinlərindən nimdaş plaş kimi asılı qalıb - Namiq Dəlidağlı - şeirlər

Ümidim hələ də can verməmişdi

Qapınız döyüldü bir axşamçağı,

Sizə elçi gəldi, bizə ayrılıq.

Yenə niyyətini dəyişməmişdi,

köhnə libasında təzə ayrılıq.

 

Daha toy havası başında sənin,

yol gəldik şübhədən yalana qədər.

Ümidim hələ də can verməmişdi,

aşıqlar  "Vağzalı" çalana qədər.

 

Məni nə havada buraxıb getdin...

xar oldum obada, millət içində.

Mənim ciyərlərim alışıb - yandı,

sənin elçilərin şərbət içəndə.

 

Gəldi qapınıza gəlin maşını,

səni çöl çəkirdi, eşik çəkirdi.

Getdiyin yolların ayrıclarında

mənim baxışlarım keşik çəkirdi.

 

Sənin getdiyin yol, uzaq yoldu ha...

günüm bahar görməz, işim qışladı.

Sən gəlin köçməyə hazırlaşanda

mənim ümidimin köçü başladı.

 

...Daha xatirən də mənə uzaqdı,

gəlir qulağıma bir soraq kimi.

Gördüm bu "döyüşdə" məğlub olmuşam,

əlimi qaldırdım "ağ bayraq" kimi.

 

Qapınız döyüldü bir axşamçağı,

sizə elçi gəldi, bizə ayrılıq.

Yenə niyyətini dəyişməmişdi

köhnə libasında təzə ayrılıq.

 

Kənddə və şəhərdə darıxmağın əks bərabərliyi

Gülüzlüm, şəhərdə sənsiz

darıxmağa nə var ki,

burda zülümdü -

gül-çiçəkli dağ cığırında

adam ölür darıxmaqdan.

Burda otlar-çiçəklər,

arılar-kəpənəklər,

bənövşələr-böcəklər,

hər şey qoşulub adama

darıxır, darıxanda...

...Şəhər küçələrində nə var ki,

sənsiz darıxmağa...

olsa-olsa bir qəpiklik

hörməti olmayan

küçə itləri tək adam darıxar

şəhərdə.

Bir də tinlərdə

veyillənən boş şirə qutularıtək...

və bir də dörd fəsli eyni donda

qarşılayan küknar ağacı kimi...

burda darıxmaq canlıdı:

çiçəklər, arılar, kəpənəklər

və bir də böcəklər kimi...

darıxdım...

 

Suriyadan son xəbərlər

Bu il də Suriyada

ağ göyərçinlər intihar elədi...

...Güllə səsindən qorxan

anaların bətni döl vermədi.

Adına "bəşər" deyilən

və nələr deyilən

adam süd dişini

nişan aldırdı ağzında körpələrin.

"A", "B"... hərfləri güllələndi

uşaqların barmaqları arasında.

Mağaza vitrinlərindən

toz basmış uşaq

başmaqları yığışdırıldı.

...Dünən müasir

silahlar gətirildi Suriyaya.

Ağ göyərçinlərin

intiharı davam edir...

Bu kənd

Cavanları qazanc arxasınca yad ellərə üz tutan, 5-10 qarı-qocanın ixtiyarına qalan kəndin mənzərəsi

Tin-tin, küçə-küçə qocalır bu kənd,

üstündən, başından yetimlik yağır,

damından-daşından yetimlik yağır.

Küçələrin gözü yol çəkir,

bu kəndin itləri yad nəfəs gəzir

hürməyə...

Gedəni-gələni yoxdu bu kəndin.

Burda qulaq batır sükut səsindən.

Qonşu uşağın ərköyünlüyündən

beli əyilən ağac çəpər,

indi olsa qulağına səs təpər.

Hörümçəklər tor bağlayıb

qapıların kilid yerində.

Sükutdan rəngi solub,

boyası saralıb pəncərələrin.

Qulağı bir addım səsinə təşnə.

Çox qoca görünür bu kənd yaşından,

bu kəndin "cavanı" yetmiş yaşında,

bu kəndin qocası yaşını bilmir,

itirib ağlını, huşunu, bilmir.

Burda arzuları dəfn eləyirlər,

başdaşı qoyurlar xatirələrdən.

Burda ölüm dəbdə, əcəl sevilən.

Bir-birə başsağlığı verməzlər burda.

Qəbristanlıq böyüdükcə, kənd kiçilir.

Bir gün bu kəndin girəcəyində

bir lövhə asılacaq: burda insan yaşamır.

Burda sonuncu ölünü

Tanrı götürəcək yerdən.

 

Payız adam

Payız adam,

bu fəsil sənin çiyinlərindən

nimdaş plaş kimi asılı qalıb.

Qış kürkünü görmədim.

Dörd ildi gözlərimdə

bir fəsildə qalmısan:

bomboz rəngdə.

Payız adam!

Bu fəsil əynində

köhnəldi sənin.

Ürəyinə qabqardığın

heydən düşmüş arzularınla

can üstə olan xatirələrinə

yol gedirsən.

Hələlik...

Payız adam...

 

Şəkilli şeir

Mənə şəkil göndərdin...

o şəklin içində hər şeyin

öz şəkli var:

Baxışın öz şəkli var,

ürəyin öz şəkli var.

Ağrının öz şəkli var,

göynəyin öz şəkli var...

Mənə şəkil göndərdin...

...bilirsənmi gəlişi

heç hansı ana düşdü?!

sənsizliyin ağrısın çəkən

məqama düşdü.

Mənə şəkil göndərdin,

nə rəngli şəkildi...

Bomboz ağrılarıma

duz basar, "məlhəm" olar...

Göyərər ağrılarım,

qaysaqlamaz, nəm olar.

Bundan belə hər dəfə

o şəklə baxanda

xumarlanar gözlərim,

baxışlarım dəm olar...

Mənə şəkil göndərdin...

 

Vağzal gəraylısı

Uzun ayrılıqlar

vağzallardan başlayır...

Qatarların, təyyarələrin...

çiyinlərində daşınır şəhərlərə...

Vağzallarda doğulur,

daşınır ayrılıqlar.

...Divarların yaxasına

mıxlanmış tablolar

alın yazımız sanki.

Böcək gözlü işıqlar tale

yolumuzu aydınlaşdırır.

Yellənən əllər və "hələlik" sözü

ayrılığın təsdiqidi burda.

Hər qərib baxışın rəsmi cızılır

vağzal divarlarına.

Gedənlərin dilində vağzal bayatısı

ikicə kəlmə -

"mən getdim...".

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!