Bax, necə bələnib dünya, unutmağın qoxusuna... - Balayar SADİQ - şeirlər

Dodaqların simfoniyası

Bu şeirimi sən pıçılda, İlahi,

Gül qoxulu yuxusuna o qızın.

Səndən gələn ayrılıq da, ölüm də,

Qoy bələnsin qoxusuna o qızın.

O gözlərə özün söylə, ilahi,

Danışmasın ayrılığın dilində.

Baxışlarım gecə-gündüz can verir,

Küləklərə gülümsəyən telində.

Hər gün çırpır qanadını misralar,

Könlümdəki bu ağrının ətrinə.

Daha səndən incimirəm, ilahi,

Verdiyin bu xoş əzabın xətrinə.

Bax, o qızın dodaqları çiyələk,

Həyat özü həyat alıb dadından.

Nə yaxşı ki, dadmamısan, İlahi,

Allahlığın çıxacaqdı yadından.

 

Ovuduram doluxsunan bəxtimi,

Goz yasımın hənirində gəl, qızın.

Bu üşüyən ürəyimi, İlahi,

Dur, dəfn elə dodağında o qızın.

 

Qapını aç

Son ümidin göz yaşını,

Sən silirsən, ya mən silim?!

Dərdlərinə boyum çatmır,

Bir az əyil, vətən, silim...

 

Kim yalanı balınc-balınc

Başının altına atıb?!

Aç qolundan, bu saatın

Qələbə əqrəbi yatıb.

 

Demədiyim söz kimisən,

İçimi yandırır ahın.

Kimin gözünə sərmisən? -

Yaman nəm çəkib sabahın.

 

Gözləri şəhid köynəklim,

Bir güzgüyəm göz yaşına.

Götür, bir azca duz çevir,

"Lələtəpə"nin başına.

 

Kimin cibində gizlənib,

Şəhidlərin qisas günü?!

Bayraq elə hər anını,

Gözlərimdən gəl, as - günü!

 

Uzaqların çal-çağırlı,

Yaxınların ac-yalavac.

Həqiqət döyür qapını,

Qorxma, vətən, qapını aç!!!

 

Unutmağın ətri

Dodağımda çiçəkləməz

Bir də o qızın əlləri.

Ta könlüm dərd ocağıdı,

Gəl, bir az qızın, əllərim.

 

Unutmadım saçlarımda,

Gülümsəyən barmaqları.

Ürəyimdən bir ah qopub,

Sevindirir varaqları.

 

Bax, necə bələnib dünya,

Unutmağın qoxusuna.

Hər gecə daş atır ürək,

Misraların yuxusuna.

 

Duz kimi səp xatirəni,

Bu yaramı ovutmağa.

Dur, gəl mənə kömək elə,

Səni bir az unutmağa.

 

O əllərin pıçıltısı,

Hər gün gözlərimdən yağır.

Allah, qapını döyürəm,

Get, o qızı özün çağır...

Bu vətəndir

Bu vətəndir, atam-atam,

Laylası ağlayan vətən.

Göz yaşından köynək geyib,

Anası ağlayan vətən.

 

Güllələnib pərdə-pərdə,

Ürəyini sərib dərdə.

Bir əzansız minarədə

Duası ağlayan vətən.

 

Gen durmayın, yaxın gəlin,

Səbrinizə baxın, gəlin.

Toy günündə gəlin-gəlin,

Hənası ağlayan vətən.

 

Azıbdır bir söz içində,

Bu dözümə döz içində.

Çiliklənib öz içində,

Aynası ağlayan vətən.

 

Bacı-bacı, qardaş-qardaş

Dərd sinədə qurub bardaş.

Göz yaşında bir yaşılbaş,

Sonası ağlayan vətən.

 

Şuşada itib qoxusu,

Laçınsız qalıb yuxusu.

Bu şeir belə oxunsun: -

Mənası ağlayan vətən.

 

Adam

Nə vaxtdır özünü gəzirsən, adam,

Gəzirsən bir belə adam içində.

Nə vaxtdır yolunu gözləyir sənin,

Oturub bir qərib adam - içində.

Ömründən nə qədər yolları çırpdın,

Budağı çırpılan tut ağacı tək.

Qonub budağına əcəl quşları,

Barı bircəsini tut, şəklini çək.

İçimdə dəfn etdim mən bu şəhəri,

Əllərim batıbdır ümid qanına.

Bir gun misraların başını qatıb,

Durub gələcəyəm sənin yanına.

Bir ovuc kənd idim şəhər içində,

O kəndin üstündən keçib getdilər.

Arzular dağıldı küçələr boyu,

Ümidlər ömrumdən köçüb getdilər.

Hardasa bir mələk cibindən salıb

Mənə gətirəndə bəxt kağızımı.

Qanıma batırıb öz əllərimlə,

Yazmışam ovcuma alın yazımı.

Mən sənə gün verdim, işıq vermədim,

Haqqın var üzümə nə desən, adam.

Bu şeirin gözünə kül üfür gedək,

Nə mən adam oldum, nə də sən adam.

Eşq

Ah, o qızın yanağında

Bir körpə çiçək ağlayır.

O diksinən öpüş yeri

Nə gözəl-göyçək ağlayır.

 

Dur, şəhid ol, göz yaşında,

Damla-damla səni yuyar.

Sərər dodağı üstünə

İslanmış adın quruyar.

 

Ağrı kəsən dərman kimi,

Adını qoy dilin üstə.

Bir qonaq get xəyallara,

Əli qonsun əlin üstə.

 

Yayın əcəlin gözündən,

Bu ömürdə bircə saat.

Bağışlayar, o qız üçün

Lap istəsən Allahı sat...

 

Uzat əllərini

Götür bu qərib könlümü,

Bağışlayım sənə, getsin.

Çıxım gözünün seyrinə,

Neçə-neçə sənə getsin.

 

Yanağını əzbərləyim,

Öpüş-öpüş, dodaq-dodaq.

Bir mən olum qiyamətdə,

Bir sən, bir də tənha otaq...

 

Sətir-sətir döyür qələm,

Hər gün bəxtin qapısını,

İnan, çoxdan itirmişəm,

Mən bu vaxtın qapısını.

 

Xəyalımdan kölgən düşür,

Sinəmdə sözün üstünə.

Həsrətdən çəkdiyim ahı,

Qoyuram gözün üstünə.

 

Ürəyimi kirpiyindən,

Nə vaxtdı asıb qalmışam.

Uzat mənə əllərini,

Gözündə azıb qalmışam.

 

Şeir qoxulu qadın

Dodağımda bir misra

Əl eləyir adına.

Ömrü şeir qoxulu,

Qəlbi tənha qadına.

 

O köksündə çırpınan,

Ürək həsrət çiçəyi.

Sən çəkdiyim dərdlərin,

Ən gözəli, göyçəyi.

 

Misralara səpmisən,

Ağrısını bir eşqin.

Həsrətinlə üşüyür,

Qapısından gir - eşqin.

 

Dodağında titrəyən

Misralara salam de.

Könlünü duymazlara,

Sözüm yoxdu, lalam de.

 

Bu ayrılıq qoxulu

Qəlbimi al ovcuna.

Nəfəsini qoxlasın,

Qoy ucuna-ucuna.

 

Kaş yuxun qarışmasın,

Bir qəribin sözündən.

Mənim şeir qoxulum,

Muğayat ol özündən...

 

Xoş gördük, ömür

Yenə ad günümdür, xoş gördük, ömür,

Adımın əlini sıxıb gedirəm.

Bu qürbət köynəkli tale yolumu

Geyib ayağıma çıxıb gedirəm.

 

Duyğular gecədən döyür qapımı,

Astadan deyirəm, "döz" - axtarıram.

Necə bu misranın könlünü alım? -

Səhərdən bir yarpaq söz axtarıram.

 

Qoxlaya bilmədim bir arzunu da,

Ömür başdan-başa qürbət qoxulu.

Sən məni bağışla, bağışla vətən,

Təkcə sözlərimdir qeyrət qoxulu.

 

Gözünü təzəcə açan ağacın,

Yaşıl təbəssümü sənin payındı.

Daha bundan böyük hədiyyə olmaz,

Bu gün də qismətdən əcəl yayındı.

 

Nimdaş ümidlər də gedibdi çoxdan,

Yayınmaq istəyir gözümdən ömrüm.

Səni bu şeirlə təbrikə gəldim,

Sil göz yaşlarını, yaxın gəl, görüm.

 

Ağrı

Bu körpənin gözlərində

Allahın adı ağlayır.

Üzündə ölən mələyin

Bir cüt qanadı ağlayır.

 

Ömrü çoxdan qocalıbdı,

Bir körpəlik borc alıbdı.

Bax, bir gözü Xocalıdı,

Ya Kərbəladı, ağlayır.

 

Xəbəri yoxdu Allahın,

Yasmağı düşübdü ahın.

Açılmayan bir sabahın

Ləzzəti, dadı ağlayır.

 

Ayaq üstə duran qəbir,

Dərdi gözlərinə təpir.

Əzrayılın qolunda bir

Ölüm saatı ağlayır.

 

Yox dərdini xəbər alan,

Tanrı yalan, bəndə yalan.

Dodağında sözsüz qalan

Bir lal bayatı ağlayır.

 

Dünya yoldu, o qarınca,

Heç baş qoymayıb balınca.

Gəlməyən bəxtin dalınca

Bütün həyatı ağlayır.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!