Getdin, ruhuma əsdi yenə soyuq küləklər
Heç nəyə yaramayan quruca nəfəs oldum.
Getdin, intihar etdi qəmzəmdə kəpənəklər
Və getdin, içimdəki quşlara qəfəs oldum.
Yenə qəlbim soyundu xoşbəxtlik libasını.
Saatlar yavaşıdı, zaman, sanki süst oldu.
Duyunca ayrılığın sarsıdan təmasını
Dünyam çıxdı oxundan, həyatım alt-üst oldu.
Yenə gözlənilmədən yoxluğuna uğradım
Və alnımda qırışlar günbəgün cərgə saldı.
Yenə barmaq ucumdan saçımacan ağrıdım
Və yenə gözlərimdə kədər düşərgə saldı.
İndi ömrümdə yoxsan, bitsə də sənli anlar
Xatirələr hələ də təzədirlər, tərdilər.
Nə xoşbəxtdirlər indi səni görən insanlar
Çiynindəki mələklər necə bəxtəvərdilər.
***
Daha barmaqlarım qırov bağlamır
Donuq baxışımın buzu əriyib.
"Sıx bizi köksünə" deyib ağlamır
Daha xatirələr susub kiriyib.
Dolabda yas tutmur heç bir asılqan
Qaralar ağ, yaşıl və ala dönüb
Gözə işıq gəlib, yanağıma qan
Yuxu rejimim də normala dönüb.
Ayrılıq gözümə dağ kimi dəymir
Həsrətin qudurub çıxmır özündən.
Yoxluğun o cəllad libasın geymir
Daha iraq tutur məni özündən.
Gedişin də daha müəmma deyil
Artıq bilməcələr çözə bilirəm.
Tüstüyə-dumana etmirəm meyil
Hər nə ağrı olsa dözə bilirəm.
Gözümdə zirvəyə qoyduğum adam
Kim idi mənimçün kimə çevrildi.
Bu gün o son sevgi qırıntısı da
Sərçə dimdiyində yemə çevrildi.
Neytral zona
Sevinclərimə ortaq,
hüznlərimə tən bilmişdim səni...
Ürəyim ürəyinə baş qoyandan
Vətən bilmişdim səni...
Sən demə,
güvəndiyim dağın başı büsbütün qarmış,
Sən demə,
qədərdə Vətəndə qürbətçi olmaq da varmış...
Sahib çıxmaq istəmədiyin ürəyə daha
Bədəl ödətdirirsən bahadan baha...
Gündüzu zərrə-zərrə udan nəhəng şər kimi
Bu laqeydlik hər gün bizi yeyir bitirir.
Neytral zonada qalmış yaralı əsgər kimi
İndi mənim hisslərim durmadan qan itirir.
Saniyə-saniyə soyuyuram biləsən,
Döyüntü-döyüntü buza dönür ürəyimin əli-ayağı
Amma qorxma,
son nəfəsində belə, sənə "Vətən" deyəcək
Deyəcək ki, baxıb sevinməsin yağı...
Yuxu
Dedin ki, "Göldə üzən
Ağappaq Qu kimisən.
Baxmaqdan heç doymuram
Bir içim su kimisən.
Gülüşün şeirdisə
Baxışların bəstədir.
Ağlım sənə aludə,
Könlüm sənlə xəstədir.
Ən səmimi duamsan,
Ən müqəddəs diləyim.
Hansı cənnətdən endin,
Ey qanadsız mələyim?
Qəlbimə möhürlənib
Üçcə hecalıq adın.
Tanrımın şah əsəri,
Ey büsbütün eşq qadın!
Sənlə havalanmışam
Öz-özümə gülürəm.
Mən səni sevmirəm ki
Səndən ötrü ölürəm.
Ey əsiri olduğum,
Ey könüllü qəfəsim!
Yaxın gəl yanağını
Sığallasın nəfəsim".
Susdum, bir addım atıb
Nəfəsində dayandım.
Sən əyildin öpməyə
Mən yuxudan oyandım.
Tapmaca adam
Yeni kəşf edilmiş planeti öyrənmək qədər
müşküldür səni tanımaq.
Qürurundan hördüyü Çin səddi arxasında
gizlənən tapmaca adam...
Nə sevdiyin bəlli, nə sevmədiyin.
Sənin gizlənqaç oyununda yuman tərəf
olmaqdan yorulmuşam
Həyatımda bir varsan, bir yoxsan,
Bir çoxsan, bir azsan
Qısacası Kvant nəzəriyyəsi qədər çətin və anlaşılmazsan.
Get-gəllərindən
yollar da əzbərləyib addımlarını,
Aristokratlığını itirib artıq əlvidaların.
Salamlarınsa hər dəfə xəcalət təri tökür dilinin ucunda...
Savaş meydanını xatırladır indi
sualların hücumuna məruz qalmış beynim
Sevir-sevmirlərimlə bezdirdiyim çobanyastıqları
qürur dərsi keçir mənə.
Çox dəfə ürəyini bəlkə oxuya bildim ümidiylə
gözlərimi gözlərinə dikirəm
Axı mən xəstəyəm
Həkim demişdi ki
Sən çatışmazlığından çox ciddi əziyyət çəkirəm...
Sənsə hər dəfə balıq səssizliyi ilə susursan
Hər dəfə lal baxır gözlərin
Heç olmasa qolların danışsın arada
Heç olmasa onlar itirməsin danışmaq vərdişini
Bərk-bərk sıxsınlar məni köksünə
Bəlkə heç sabah olmadım
Düz demirəm?
Nə bilmək olar axı, həyatın işini.
Mutasiya
Deməliyəm ki,
Heç nə bir anda yaranmır
amma hər şey bir anda məhv ola bilir.
Dünya özü də yeddi gündə yarandı,
Qiyamət özü də bir anda qopacaq
Və o gün
bütün yaxşıları yaxşılar,
bütün pisləri pislər tapacaq.
Sənin Qiyamətinsə mənim ürəyimdə qopdu
Dünyamın mərkəzi deyilsən daha
Ətrafında dönmür artıq kainat.
İndi ən böyük qazancımdır yarısından döndüyüm ziyan
Demişdim axı, çox da özünə güvənmə
Bax, süqut etdi illərlə qəlbimdə qurduğun imperiyan,
Sultanı olduğun taxtın da devrildi...
Sayəndə DNT-si dəyişdi duyğularımın
Sevgim mutasiyaya uğrayaraq nifrətə çevrildi.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!