Mən ölsəm, içimdən öləcəm,
abrıma, həyama qısılıb,
mən çölümdən, çoxdan ölüb qurtarmışam.
Mən ölsəm, içimdən öləcəm, bir günəşli səhərdə,
kəpənəklərin, çiçəkdən-çiçəyə, güldən-gülə,
sevinə-sevinə, uçub qonan vaxtında.
İçimə yığılan səssiz yaddaşların,
Şaman ocaqlarıtək, çıtır-çıtır yanan vaxtında.
Mən Nazim Hikmətin Gülhanə parkındakı,
Ceviz ağacı deyiləm,
udduğumuz, bir ovuc havaya şərik çıxa,
torpağın, yurdun əsir vaxtı,
kölgəsi, ağır-ağır yuxuların ağzına ötürə bizi.
Mən Orxan Vəlinin Qovaq ağacı deyiləm,
əl boyda yarpaqları, canımıza gün döyüb, istisi keçməmiş,
son baharın dəryaz ağzına götürə bizi.
Mən bəzilərinin, heç alma ağacı da deyiləm,
yaylağı ilə, payızlığı ilə, qışlığı ilə, min sifəti, min üzü ola.
aldadıcı parıltıları, qızaran, ya yanan yanaqları,
ya da solan, ilan üzü ola.
Mən yarpaqları beş barmaq palıd ağacıyam,
çəhrayı rəngilə payızın havasına qoşulan.
Canımın çıxan, öləziyən yerində sobasına qoşulan.
Mən dəmir ağacıyam, kökü Ərdəbilə gedib çıxan,
gövdəsi, çəkdiyim yük arabasının, təkərinə gedib çıxan.
Mən ölsəm, içimdən öləcəm,
içimdəki şərqilər, sazın tellərində darana-darana,
və bir də,
içimdə bir köç havası yarana-yarana.
Mən köçümü, payızın qızaran, çəhrayı vaxtına,
durna qatarının, qərib-qərib, kövrək-kövrək,
şərqi oxuya-oxuya köçən vaxtına saxlamışam.
Qanadlarından düşən lələklərlə,
taleyimi,
gecənin Ay işığına yaza-yaza.
Mən köçümü elatın, yaylaqdan aran köçünə saxlamışam,
payızını,
aram-aram, saçımın, kipriklərimin uclarından üzüaşağı enən,
çisəyinə, çəninə yaza-yaza.
Ömürmü,
meşənin, küknar ağaclarının arasından,
qərib-qərib süzülən Günəş işiğına,
və bir də,
təbiətin yağışdan sonrakı min rəngə çalan,
Göy qurşağına yaza-yaza.
Mən ölsəm, içimdən öləcəm,
bulaqların həzin səsi, çayların zümzüməsi,
içimdəki, yurd yaralarını,
qərib bir kövrək nəğməsiylə gözən vaxtı.
Alnımı,
səhərin mehi, öpərək sərin-sərin keçən vaxtı,
dənizin dalğaları hayqırıb,
üzü Şuşaya köksümün başını üzən vaxtı.
Mənim çölüm çoxdan ölüb,
mənim çölüm,
gördüyüm yuxuların astanasında qalıb.
Biraz içimlə yaşaya bilmişəm,
özümü, öz içimdə daşıya bilmişəm.
Onun da mayası, biraz danüzündən,
biraz yol-izimdən süzülüb gəlib.
Biraz yayımdan,
biraz payızımdan, sozalıb, üzülüb gəlib.
Hərdən, buluda qoşulub getmişəm,
neçə ağrılardan, neçə dərdlərdən bitib getmişəm.
İçimdə Qarabağı, Göyçəsi,
Və bir də,
Təbrizi can verə-verə.
Ululardan bizə əmanət qalmış,
ancaq yerinə yetirə bilmədiyimiz,
son sözü can verə-verə.
Mən ölsəm, içimdən öləcəm.
Bu yara, qaysaq verib, gözənməsə,
durna qatarının köçünü,
payızın son baharını gözləyəcəm.
Gözləyəcəm,
və ölsəm, içimdən öləcəm.
Quşlar çöp daşıyır
Şamxal Rüstəmin əziz xatirəsinə
Quşlar, çör-çöp daşıyır,
saman daşıyır, Şamxal Rüstəm,
ağac budaqlarının qalın yarpaqlarının gizlin yerinə,
əlin-ayağın üzülən yerinə, görünməyən yerinə,
yuva qurmağa, yumurta qoymağa, bala qoymağa.
Hörüb, incə-incə divarlarını
yada, düşmənə qala qoymağa.
Neynəsin, onlar da ömrünü belə yaşayır,
ömrünü sabaha, o biri günə belə daşıyır.
Quşlar, çör-çöp daşıyır,
saman daşıyır, Şamxal Rüstəm,
yuva qurmağa,
və sonra qurulmuş yuvada dimdiyində yem daşıyıb,
balalarını oxşaya-oxşaya onlara yem verir,
dimdiyi ilə tükünü, telini daraya-daraya,
onlarla birgə, ömür-gün sürür Şamxal Rüstəm.
Havadan nəm ətri gəlir, yağış ətri gəlir.
Bulud bölük-bölük, tənha və qorxulu gecələrtək
səmanın qıraq-bucağından sallanır.
Gizlin desant, terror dəstələrinin
didərgin salındığımız yurd yerlərində
kürəyimizə saplanan xəncərlərdən
acıq verə-verə sallandığı kimi.
Yerdə, yerişiylə xanım, xatuna bənzər
qumrular dən dalınca, yem dalınca qaçır, qaçır.
Nədənsə, kasıb-kusub,
ələ baxan adamları xatırladır mənə.
Adam, abrından üşüyür, Şamxal Rüstəm.
Quşlar, çör-çöp, saman daşıyır yuva qurmağa,
balalarını, yağışdan, soyuqdan, düşməndən qorumağa
və bir də azmasınlar deyə,
dumandan, çisəkdən, nəmdən qorumağa.
Ağacın həndəvərində quyruğu qısılmış pişiklər
pusquda durub, ağzı sulanan sallaqxana itləridi elə bil.
Hərdənbir, uğur gətirəsi ovları üçün
ağacın gövdəsinə sürtüb dırnaqlarını,
caynaqlarını itiləyirlər, düşmənin qılınc-qalxanı kimi.
Quşlar, çoxdan alıb düşmənin niyyətini,
havada dövrə vura-vura,
Səs-səsə verib sökür havanın sükutunu,
çaşbaş salır həyətin pişiyini, itini.
Biraz keçməmiş, ağır tonnajlı uçaqlar kimi
havanın hava meydançasına bulud eniş edir,
yağış eniş edir,
yarpaq novlarından süzülən ovuc-ovuc yağış suları
düşmən həmləsinin qarşısını alır.
Pişiklər gərnəşə-gərnəşə, quyruqlarını qısıb daşına-daşına,
başlayırlar, yeni, ov axtarışına.
Yenə səssizlik,
Yenə sükut adamı hövsələdən çıxarır,
İtinə, pişiyinə, quşlarına, adamına şükür, Allahım.
Quşlar, çör-çöp daşıyır, saman daşıyır
Yuva qurmağa, Şamxal Rüstəm.
Bahara, yaza daşınnam
Ömrüm bir tut ağacıdı,
qızılı yarpaqları payıza daşıyar məni.
İçimdə, siyah rəngli bir dəsmal sərgadan-sərgadan
dərər, ağlayan könlümün, dərin dərələrə uzanmış
həsrət dolu kədərini, qəmini.
Hərdən, gecənin gecə türküləri çaşdırar məni,
sanki açılmış Ay qabağıdı,
süzülər işığı kipriklərimdən incə-incə.
Dünya qitəqarışıq, Dünya səmaqarışıq
yığılar içimdə, içimdə dar bir küncə.
Çiçək-çiçək arzularım yaşar
ağaran bir danın danüzü boyunca,
əksinə,
ovqatım, əsim-əsim,
şehə nəfəs verən bir mehə meyilli,
didərgin kimidi, havalı kimidi
xatirələrin kölgəsində xəmirtək boyatımış,
acımış bir sözün boyunca.
Eşqim, sübhün toranı,
Ağardıqca, sanki sülh göyərçinidi,
dənlər qaranlıqları dən-dən.
Uzaqdan qızaran Günəşin sarı başaq şəfəqləri
hələ, istisi canımızı isitməmiş,
dəmir hasarların,
dəmir barmaqcıqları ucunda daranar, tellənər,
ürəyə bax, gül tutar güllənər gülündən.
Azalar, yox olar can ağrılarım,
yük düşər çiynlərimdən.
Vaz keçərəm ölüm adlı bir son gedişdən
yenidən bahara, yaza daşınnam,
yenidən özümə, özə daşınnam...
Şuşa xatirələri
Tez-tez yolum düşər, gedər, gələrdim,
Doğmaydı havası, çəni, Şuşanın.
Doğma qardaş idi bizim yerlərə,
Çəkərdi danüzü, nəmi, Şuşanın.
Dərəyə baxardım Cıdır düzündən,
Kipriklər dolaşar, göz qaralardı.
Canı titrədərdi, sal qayaları,
Elə bil canımda köz qaralardı.
Sanki dolam-dolam göyə çıxardım,
Vallah nağıl idi, yolu, Şuşanın.
Əzanı dağlarda,
Əks-səda verər, sıralanardı,
Sinəsi dərd, qəmlə dolu, Şuşanın.
Hər evdən gələn səs, alardı məni,
Sanki Qarabağın şikəstəsiydi.
Gül gülə bağlıydı, çiçək çiçəyə,
Nəğmə çələngiydi, söz bəstəsiydi.
Yaddaş oyum-oyum oyardı məni,
Elə bil Cabbarın əzan səsiydi.
İlişib qalmışdı üzdə xallara,
İrəvandan belə,
Günü-gündəminin ozan, səsiydi.
Xanəmi ziliylə,
Sanki, gül, çiçəkdən şehi dərərdi,
Qısardı səsini bulaq da, biraz.
Batardı hay-küyü küləyin, yelin,
Dinşərdi orman da, oylaq da, biraz.
Nə deyim Qədirə, bir böyrək üstdə,
Sona bülbüllərlə,
Elə ağladardı bülbülü güldə.
Bilmirəm sevincdən, ya da, hikkədən,
Al qana batardı bülbül də, gül də.
Dağlardan baş alan sel-su harayı,
Sökərdi torpağı, daşı, qayanı.
Sanki Üzeyirin
Üverturasıydı, səsi, harayı,
Çəkib silkələrdi, zamanı, anı.
Xankəndli, Şuşalı günlərim olub,
Öyünmək olmasın,
Yadların dizinin çökən vaxtıydı.
Onda yazıq-yazıq baxardı sənə,
Bellərini əyib, bükən vaxtıydı.
Əlaltı, gedişi bilirdik ancaq,
Kimiydi anlayan, eşidən bizi.
Səs də, bir daş altda batıb qalırdı,
Hələ də, tövşüdüb, üşüdər bizi.
Yaşadıq doluya tutulmuş kimi,
Sel, su da, köpünü yuyub apardı.
Sözün də, bu başı, o başı kilid,
Boğub məngənədə, əyib, apardı.
Hələ, ümidsizə ümid olmuşuq,
Karvanın Şuşaya yolu bağlıdı.
Elə sındırmayıb sındıran bizi,
Qalıb sınıxçıda,
Neçə igidlərin qolu bağlıdı.
Tez-tez yolum düşər, gedər, gələrdim,
Doğmaydı havası, çəni, Şuşanın.
Doğma qardaş idi bizim yerlərə,
Çəkərdi danüzü, nəmi, Şuşanın.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!