Gördüm, qaranlıq şığıyır ömrümün ağ vaxtına... - Eminquey

 

Məni yarsan, görərsən ki...

Məni yarsan, görərsən ki,

                        içimdə milyon ölü var - hamısı mənəm.

Birində sinəm göyərib,

Birində qolum keyiyib,

Birində çənəm.

 

Məni yarsan, görərsən ki,

İçimdə milyon ilim var - əlimdən çıxan.

Birində xoşbəxt olmadım,

Birində azad olmadım,

Birində yoxam...

 

Məni yarsan, görərsən ki,

                        içimdə milyon dilim var - anlaşılmayan...

Birində sözü kəsilən.

Birində deyə bilməyən,

Birində susan...

 

Məni yarsan, görərsən ki,

                        içimdə milyon əlim var - hamısı bağlı,

Birinə doğmam zəncir vurub,

Birinə dostum qıfıl vurub,

Birinə ağlım...

 

Məni yarsan, görərsən ki, içimdə milyon ölüm var,

sağam hələ ki...

Biri ürəyimi yeyir,

Biri ümidlərimi,

Biri Günəşi...

 

Sevdim səni, öpdüm səni, qucaqladım...

Biz Qəribik bu ölkədə, cinlərindi bu ölkə

Mən unutdum bu ölkədə bir daxmalıq yuvamı.

Sərhədlərin, əngəllərin, dinlərindi bu ölkə,

qollarımda güc qalmadı, yarım qoydum duamı -

 

Sevdim səni,

Öpdüm səni,

Qucaqladım...

 

Günəşinə pərdə tutan günüqara ölkənin,

Bütlərini sındırmamış adamların içində,

Üstümüzə hücum çəkən baxışlardan uzaqda,

Gözdən itən döngələrin beşində, ya üçündə -

 

Sevdim səni,

Öpdüm səni,

Qucaqladım...

 

Gördüm, qaranlıq şığıyır ömrümün ağ vaxtına,

Bezdim, dedim öz-özümə:

- sən axmaqsan, incimə!

Dönüb baxdım lap geriyə, getdim uşaq vaxtıma,

Günəş çəkdim boz ömrümün yuxarı sağ küncünə -

 

Sevdim səni,

Öpdüm səni,

Qucaqladım...

 

Qayıtmır

Səhər yuxularımızdan çin çıxmır ölən adamlar

Yuxumuza elə-belə gəlmir ki, gələn adamlar.

Ey siz, yuxusunu suya danışıb bölən adamlar,

O sular axıb gedir,

qayıtmır...

 

Yuxuya qoşa düşdüyün adamla qoşa düşmürsən,

Kiməsə sirrini versən yuxuda işə düşmürsən,

Bir də görürsən bir adam danışır, başa düşmürsən,

Əlini sıxıb gedir,

qayıtmır...

 

Yuxuda dirilər adam, adam yuxuda ölər də...

Yuxusunu çin istəyir yuxu görən ölülər də,

Hamı ölmür bu dünyada, bilirsənmi, ölmür,

Hərdən çin çıxıb gedir,

qayıtmır...

 

On ikinci həvarim

Bilmirəm, indi hardasan, nə qədər yol var bizəcən?!

Bu gecə gözümü yumub sayacam birdən yüzəcən,

Gəlməyəcəksən...

 

Ey hər axşam yeməyimin on ikinci həvarisi,

İlk deyilsən, son deyilsən, əllərimin fərarisi,

Gəlməyəcəksən...

 

Şeytanın əli, ayağı bu gün kəndirə düşsə də,

Əllərim göyə qalxsa da, çəngəlim yerə düşsə də,

Gəlməyəcəksən...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!