Bir gün görsən ki... - Şahanə MÜŞFİQ - şeirlər

Gərək

Gərək o vaxt çıxaydın qarşıma,

Bu dünyaya gəlmədən 100, 500,

lap min il öncə...

Udum-udum sevəydim səni,

Sevəydim aram-aram, incə-incə.

 

Gərək 5-10 ömür qabaq rastlaşaydı əllərimiz,

6-7 ömür əvvəl bənd olaydı gözlərimiz.

Bizə çatana qədər neçə alın dəftərində

qovuşmalıydı taleyimiz,

Neçə həyat yolunda salıb itirməliydik bizi,

Sonra neçə ömürdən toplamalıydıq izimizi...

 

Gərək sözlərimiz bizdən öncə tapaydı bir-birini,

Hələ biz görüşmədən deyəydi sevdiyini.

Tanrı eşq şərabından öncə

Dirilik suyunu içirməliydi bizə,

Ya da 60-70 illik ömürlə qıymayaydı sevgimizə.

 

Görəsən, dodaqlarını neçə ilə kəşf edərəm,

Nəfəsindən neçə əsrə doyaram?!

Neçə ömür lazımdır ki, büsbütün

varlığına boyanam?

İndi özün söylə, Tanrı

Haqqım varmı mələklərin ömründən oğurlayam?

Bu sevgiyə bircə ömür yetməz axı,

qorxuram.

 

"Olmaz"lara ağı

Gözlərimi yummaq istəyirəm

İnsanlara,

Dünyaya,

Tanrıya.

Bütün inancların qulaqlarına pıçıldayacam

əslində, heç bir işə yaramadıqlarını.

Bir gecə sahibsiz küçənin ən qaranlıq küncündə

qəfil yanan işıq dirəyi də ola bilərəm, məsələn,

aydınlatmaq üçün nabələd qonağın yolunu.

 

O məsum körpənin dodaqlarında gülüş olaydım,

Saflığın gözündən öpmək üçün.

Taqətini ömrün yoxuşlarında itirmiş

qocanın dizlərinə taqət olsam

ayaqlarını torpağa daha inamla basardım.

 

Qaçdığımız bütün "olmaz"ların ayağımıza dolaşıb

bizlə sürükləndiyini öyrənərik

gizləndiyimiz o daş divarın arxasında...

 

Beləcə, bitər ömür dediyimiz nağıl,

Gözümüzə bir ovuc sevgi atıb,

peşmanlığımızla örtərlər üstümüzü...

Göydən üç "kaş ki" düşər...

 

Sərsəm

Oxuma son məktubumu,

Adında ayrılıq var.

Sənsiz içdiyim şərabın

Dadında ayrılıq var.

 

Payız qapıdan boylanır,

Ha gəldi, ha gələcək.

Tək yatmaq da bir zülümdü,

Üşüsən kim biləcək?!

 

Eşq yuxusu qəfil bitdi,

Hələ sərsəməm bir az.

Kaş ki, duman gözlərini

Görə biləydim bu yaz.

 

Bilsəm, bu qədər sevməzdim,

Sevgim özümə qaldı.

Hələ yaşanmamış eşqlər

Bir "OL!" sözünə qaldı.

 

Bir şairə...

Bəlkə onda gəldiyinçün doğma oldun bu qədər;

Şeirlərə küsdüyüm,

Musiqilərə qulaq tıxadığım,

Allaha naz satdığım,

İnsanlara qırıldığım o anlarda

birdən-birə düşdün həyatımın tam ortasına.

Bircə gün geciksəydin,

Ya da tələssəydin gəlməyə bircə gün

belə olmayacaqdı, bilirəm,

Pozulacaqdı işin sehri.

Sən elə onda, tam o anda gəlməli idin

və gəldin.

İbrahimə qoç göndərən Allah

Mənə səni göndərmişdi bəlkə də.

Yoxsa bilirdi, ya da görürdü hardansa

qurban kəsməyə hazırlaşdığım hisslərimi?!

Nə bilim.

Bildiyim o ki,

O da qurban idi, sən də;

O Allaha,

Sən insanlığa...

Sən həm də könüllü idin;

Bilərək,

İstəyərək,

Sevərək...

Əvvəl şeirlərini göndərdin,

Yerini unutduğum ürəyimi xatırladım bir anda,

Eheeyy! Mənim də ürəyim varmış,

ay insanlar,

bilirsiz?!

Sarıldım sözlərinə bərk-bərk,

yumdum gözlərimi,

izin verdim toxunsun bədənimin hər zərrəsinə,

axsın ürəyimə,

hopsun ruhuma...

Sonra musiqilər səsinlə ayaq açdı

qulaqlarıma,

süzüldü varlığıma...

Öpdü tənhalığımı,

sığalladı yalqızlığımı,

"qorxma, mən varam, - dedi -

Nə olsun ki, uzaqlardayam

və nə olsun ki, uzaqlar sıxır məni,

Təki, sən sıxılma!".

İtirdiklərimi tapdım içimə huzur verən sonsuz səbrində,

Tanrını gördüm,

tanıdım surətində.

Bu sözlər,

Bu musiqi,

Bu səs

Və bu səbr Tanrıdan başqasının əl işi ola bilməzdi...

Barışdım kainatla,

bütünləşdim insanlıqla...

İndi soruşsan, hər şey yaxşıdır,

Şairim,

Nigaran qalma!

Bircə sorun var, tək bircə sorun:

"Uzaqlardayam, uzaqlar sıxır məni!".

Allah, sinəni dağlayım?!

Gözlərimlə sazişim var,

Bir az sənə, bir az mənə ağlayım.

Qəfildən getdin, bilmədim,

Görən, haçan qayıdarsan,

Ümid nə qədər saxlayım?!

 

İçimi yandırır ahım,

Dəfn günüdür sevdamın,

Əlim yetmir arzuların

Başına qara bağlayım.

 

Ha yalvar, ha əl aç, dilə,

Bu qatar yetməz mənzilə.

İnanmıram bu dərd ilə

Sən gələn ili haxlayım.

 

Xatirələr puçur-puçur,

Çərpələngim yerdən uçur,

Mənə necə qıydın, o cür,

Allah, sinəni dağlayım?!

 

Ağlağan şeir

İçimdə bir şeir ağlayır...

mən ağlayıram,

o ağlayır...      

Ağlayırıq durmadan,  

Nə o mənə təsəlli ola bilir,

nə mən ona...

Ağlayırıq gecənin də təsəllisin duymadan,

Göydə ulduz,

Yerdə barmaqlarım solub

Deyəsən, gecənin də gözləri dolub,

Yağış yağacaq...

 

Nənəmin xatirəsinə

Mən onu son dəfə görəndə

yaz idi...

Çiçəklər gülümsəyirdi üzümüzə,

Qışdan yorğun çıxan canlarıyla.

Novruzgülü öpürdü

bizi ona aparan yolları.

O isə bənövşə idi;

İncə, gözəl, boynubükük...

İlk dəfə idi onu belə görürdüm,

həm də son dəfə olduğunu bilmədən.

Qucaqlayıb öpməyə də qıymırdı adam,

İllərin yorğunluğundan bükülən boynunu incidərəm qorxusuyla...

O isə hey gülümsəyirdi,

Canı ağrısa da nur süzülürdü gözlərindən,

Bizi görmüşdü axı,

Nə vaxtdı görmədiyi nəvələrini.

Bəlkə də bilirdi son görüşümüz olduğunu,

Ondan idi gözündən itən kimi bizi axtarmağı.

Bizsə...

Bizsə bilsəydik...

Eehh...

Ondan sonra cəmi iki dəfə düşdü yolum o kəndə -

Anamın ata yurduna.

Nə o var idi,

Nə də hələ kəndin girəcəyindən bizi qarşılayan istiliyi...

O məzar da onun deyildi elə bil,

Soyuğu yay günündə dondururdu iliyimizə qədər...

Yaraşmırdı bu soyuq onun isti təbəssümünə...

Kənd bizdən,

Bizsə kənddən küsmüşdük,

Sonra da heç barışmadıq,

Barışdıran olmadı...

Bənövşələr də bir başqa bükür boynunu daha,

Özünü oxşadır nənəmin son halına.

Amma səmaya həsrət bənövşələr nə bilsin ki,

dünyanın ən gözəl bənövşəsi gülümsəyir göylərdən onlara...

 

Bir gün görsən ki...

Bir gün görsən ki, dinləmir səni xəyallar

Və görsən ki, onlar deyən deyil həyat;

Görsən ki, heç bir günündə dost olmayıb insanlar

Və görsən ki, üfüqdən çox uzaqdadır səbat;

Görsən ki, sol yanının o doğma ağrısı;

Boğazının o tanış qəhəriylə əlbirdir

Və görsən ki, dizlərin ağ bayraq qaldırıb, kiridi...

Yerdən əlini üzüb bir ümid işığına göylərə üz tutsan;

Elə o andaca günəşin əliylə üz-gözünə 3-5 yağış damlasa -

Qorxma!

At utanmağın daşını heç olmasa bircə dəfəlik;

Aç qollarını aça bildiyin qədər,

Bağır, boşluğa sarı:

Tanrım, təsəllin yetər!!!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!