Azərbaycan Ordusunun şəhid general-mayoru Polad Həşimovla birgə bütün şəhidlərin müqəddəs ruhuna dərin ehtiramla!..
Bayrağı uca qaldır,
qələbəyə gedirsən!
Ey şəhid oğlu qazi!
Saldır, ölümə saldır,
hər cür zülümə saldır!
Şəhid düşən hər kəsi
Ölməzliyə yol aldır,
Bayrağı uca qaldır!
Yurd yolunda can vermək
hər mərdin vüqarıdır,
Baxsana, şəhidlik də
sıravi ölümlərdən
bir bayraq yuxarıdır!
Bayrağı uca qaldır!
Gördükcə o şiddəti
bükülür şərin dizi,
Sezdikcə o qüdrəti
kəsilir hənirtisi...
Bayrağı uca qaldır!
Otuz illik həsrətə
o, nöqtə qoyacaqdır,
Düşmənlərinlə birgə
xainlərin gözünü,
satqınların köksünü
o bayraq oyacaqdır!
Bayrağı uca qaldır!
Hər anında güvənib
arxandakı zirvəyə,
Tufanında söykənib
milyon-milyon kütləyə,
Bayrağı uca qaldır!
Ey Günəş törəməsi,
Odlu səfər üstdəsən,
Şanlı zəfər üstdəsən,
Bərk ayaqda ərşi də
səfərbər edəcək o,
Dağından, dənizindən
vulkan püskürdəcək o!
Unutma ki, kiminlə güləcəksə o bayraq,
Kimin hünəri ilə dönəcəksə Qarabağ,
Onun nurlu adını daşıyacaq bu torpaq!
Bayrağı uca qaldır!..
İyul, 2020
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!