Təhlükəli adamlar
Qorxulu virusdan qorunmaq üçün
qaçıram hamıdan nə vaxtdı.
Qaçıram adamlardan,
qaçıram yadlardan,
doğmalardan...
Anamdan qaçıram,
atamdan qaçıram,
balamdan qaçıram...
Yadlardan yoluxmamaq üçün
doğmaları yoluxdurmamaq üçün qaçıram...
Qaçıram hamıdan
elə hamı kimi.
Kassadakı növbələrdə,
metro vaqonlarında,
avtobus salonlarında,
şübhəylə baxıram adamlara.
Ən mehriban adamlardan da ziyan görəcəkmiş kimi...
Amma di gəl ki...
Bu axşam zibil atıb qayıdanda evimə
bir it mırıldanarkən üstümə
gözüm adamları gəzdi alaqaranlıqda.
Qaçdım adamların üstünə
nə vaxtdı hürkərək yan gəzdiyim adamların
həm dost,
həm təhlükəli adamların...
Koronavirus testi
İndi nə vaxtdı
atalar, analar
gecələr uşaqlarını yatağa salanda
oxuduqları kitabları
dedikləri laylaları yarıda kəsirlər.
"İndi də gəl nəfəstutma oyunu oynayaq
görək kim daha çox nəfəsini tuta biləcək?" - deyə
oyuna dəvət edirlər uşaqlarını.
Sonra həyəcanla ölçürlər
körpələrinin ciyərlərinin havasızlığa dayanıqlığını
gözlərindəki
ürəklərindəki qorxunu gizlətməyə
və
yarım ovuc dənə
bir qurtum suya gəlmiş xırdaca
sərçəcikləri hürkütməməyə çalışaraq...
Koronavirusla mübarizə
Nahar fasiləsi üçün
daldaya çəkiləndə
əlindəki yaraları,
çapıqları göynədir spirt.
Tikintidə işləyən fəhlənin
imanı-dini yandıqca
yanıb tökülür həyatının çətin keçməyinə
indi həmişəkindən çox salır ürəyinə
dalında bir kimsənin durmamağını
ta uşaqlıqdan
arxasız qalmağını
gözünü açandan
həyatda qalmaq üçün mübarizə aparmağını.
2020-ci ilin baharı
Bahar gəlib,
ancaq
həyətlərdən evlərə yığışıblar uşaqlar.
Uşaqların səsi quşların səsinə qarışardı bir vaxtlar
pəncərəmin altında
quşlar civildəşirlər arın-arxayın
arabir pəncərəmin qabağına qonurlar.
Qapıları həmişəkindən möhkəm döyür
tələsik evlərinə qayıdan qonşularım,
sanki dallarınca düşüb izləyirlər onları.
Qapıları daha möhkəm döyür adamlar -
diksinir evlərdə uşaqlar,
pəncərələrdə quşlar...
Qızdırma
Karantin boyu məktəb pəncərələrində
susuz qalan güllərə ithaf olunur
Balaca şahzadələr
tərk edib getdilər gülləri.
Sinif otaqlarının pəncərələrində
Saralıb-soldu güllər gündən-günə.
Əvvəl gözlərinin kökü saraldı
yol gözləyə-gözləyə,
sonra
yarpaqları, çiçəkləri, kökləri saraldı
koronavirus qurbanı oldular güllər də...
Balaca şahzadələrin tez qayıdacağına inanırdılar
"su, su" deyə-deyə qızdırmadan yandılar...
Torpaq
Şimşək çaxdı,
yağış çisələdi.
Bir göz qırpımında başlayıb
bir göz qırpımında kəsdi.
Eyvanda
nəm torpaq qoxusunu çəkdim ciyərlərimə
uzaqdan-uzağa.
Deməli, darıxarmış insan
torpaq qoxusundan ötəri
ayağı torpaqdan üzülüncə...
İxtiyarım yoxdur
o azad torpağın üstündə gəzməyə
sərt karantin rejimində...
Sanki əsirlikdədi baş şəhərim
Şuşam kimi,
Laçınım kimi.
Mənsə düşmən əlinə keçmiş
ən hündür qalada dustaq.
İndi daha dərindən hiss edirəm
əsir şəhərlərimin dərdini.
İndi-indi anlaya bilirəm
əlçatmaz qalalardakı
dustaqların nələr çəkdiyini.
Məsələn, Rapunzelin də
yağışdan sonra
uzaqdan-uzağa
nəm torpaq qoxusunu
ciyərlərinə belə çəkdiyini.
Sonra necə həsrət çəkdiyini bilirəm,
bilirəm...
Koronavirus, müharibə, Qarabağ...
Cəbhədən bayrağa bükülü şəhidlər qayıdır
alqışlarla qarşılayır insanlar igid oğulları
ağızlarında virusdan qoruyan maskalar
hərəyə şirindi öz canı...
Tələsik müsahibə verir ekranda
yalançı bir vətənpərvər
ağzı maskalı jurnalistə
həm ağzında, həm üzündə
maskalar üst-üstə...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!