Təkləndik
Biz bir cüt qağayı kimiydik,
Xəyallarımıza qoşulub uçardıq,
Qoşa qanadlarımızı
Dənizə,
Suya,
Göylərə açardıq.
Biz bir cüt qağayı kimiydik...
İki damla su dimdiyimizdə,
Dünya boyda sevgi,
Sevinc ürəyimizdə...
Qalxardıq göylərin ənginliyinə,
Gah da baş vurardıq suların dərinliyinə.
Biz bir cüt qağayı kimiydik,
Nəğmələr oxuyardıq sevgimizdən,
Dalğalar şərqimizi
Alıb qaçardı əlimizdən,
Sevgi qoxuyardı.
Sahildən,
Havadan,
Dənizdən.
Biz bir cüt qağayı kimiydik,
Kim qıydı qanadlarımıza,
Kim qarğıdı azadlığımıza, arzularımıza?
Tək qanadla quşlar da uça bilməz,
Buludları yarıb keçə bilməz.
Göylərdən sevgi,
Günəşdən işıq içə bilməz.
"Sevmək iki adamlıqdı,
Ölmək tək adamlıq" - deyiblər...
Biz bir cüt qağayı kimiydik,
Təkləndik.
Mənə bəsdir
Sevimli nəvəm Mayaya
Bu gün sevinməyə, haqqın var, Könül,
Hər tərəf gül-çiçək, yazdır elə bil.
Baxıb həsrət çəkir sevdalı bülbül,
Bülbül sənin olsun, gül mənə bəsdir.
Bir vaxtlar mən sənə sinəmin üstə
Laylalar çalardım, həzin, ahəstə.
Yenə sən nənəndən bir layla istə,
Laylam sənin olsun, dil mənə bəsdi.
Dindirməyin məni, yaman dolmuşam,
Payız havasıtək kövrək olmuşam.
Ay qızım, sanma ki, mən qocalmışam,
Ömrüm sənin olsun, il mənə bəsdi.
"Xoşbəxt ol, get" dedim - sözüm ağladı,
Sevinə-sevinə gözüm çağladı.
"Vağzalı" çalındı, qızım ağladı,
Sevincimi apar, sel mənə bəsdi.
Bu bir nəsihətdir nənəndən sənə,
Sadiq ol hər zaman məhəbbətinə.
Bir düşmən çəpəri gətirin mənə,
Bu arzum göyərsə, bil, mənə bəsdi.
Mən yoxam
Daha ömrümün üstə
Soyuq küləklər əsir,
Boz üzlü, sərsəri, qeyzli...
Hərdən də anamın səsinə bənzər
Həlim, kövrək,
Ev-eşiyimdə, üst-başımda
Evimin bir küncünə-qısılan tənhalığımda,
Yaddaşsızlığımda gəzir.
Ürəyim də qapı-pəncərəsi bağlı,
İçinə ağır sükut təpilən
Xaraba evə oxşayır,
İçində köhnə xatirələr ulayır indi.
Nə qapısı açılır,
Nə pəncərəsi döyülür...
Hamıdan xəlvəti məni
Misra-misra sökür,
Söz-söz içimə tökür,
İçərimin boşluğunda
yelqovantək fırlanıram,
Bir udum suya,
Bir nəfəs havaya,
Bir xısma ümidə möhtac kimi
Yaddaşımın başına dolanıram.
Siz ey ömrə əsən, soyuq küləklər,
Daha mən yoxam səsinizdə,
Gileyinizdə, nəğmənizdə.
Mən yoxam, məndən çox-çox
Uzaqda qalan illərdə,
Görmək istədiyim yerlərdə.
Daha mən yoxam, yarıda qırılan,
Ayaq izlərim solan yollarda,
Yoxam, obalarda, oymaqlarda,
Yoxam, bizdən küsən torpaqlarda.
Daha mən yoxam özümdə,
Yoxluğumu özümdən qeyri
Kimsə bilməz,
Ta özüm-özümə bənzəməz.
Payız şeiri yazıram
Havalar soyuyub, göy qəhərlənir,
Yağış yağır gülün-çiçəyin üstə.
Üzümə çırpılır qürbətin yeli,
Ağrılar şığıyır ürəyin üstə.
Dərələr dumanı geyir əyninə,
Qəm-qüssə ömrümə bir cığır salır.
Bu gündən baxıram dünənki günə,
Yadımda xatirə göynəyi qalır.
Ürək də gizli bir sevda yeriymiş,
Heç kəs bu tilsimdən baş aça bilmir.
Bir gün bu ömrün də yolu dönəcək,
İtən sevgilər də geriyə dönmür.
Payız xatirələr bürüyüb məni,
Xəyallar içinə düşüb azıram.
Yandan ötüb gedən ömrün yazına
Dumanlı bir payız şeiri yazıram.
Şam eyləyərdim
Həyat yoldaşımın işıqlı xatirəsinə
"Yolun düşsə bu dünyaya bir də gəl"
Yenə də ağladım tənhalığıma,
Nə qapı dilləndi, nə də pəncərə.
Dedim: - Bəlkə elə hıçqırığıma
Mələklər oyana, xəbər yetirə.
Yenə də ağladım tənhalığıma,
Xəbərin oldumu, nələr çəkmişəm?
Heca-heca yığıb göz yaşlarımı -
Söz-söz misralara necə tökmüşəm?
Dəyirman evimin suyu sovulub,
Səni qəribsəyib otaq darıxır.
İntizar gecənin gözləri dolub,
Çarpayı qəm çəkir, yataq darıxır.
Yaşaya bilmədim özgələritək,
Bu yazı-pozu da başımı qatmır.
Hər gecə mən sənə məktub yazıram,
Sən olan ünvana çatmır ki, çatmır.
Nə yaxşı ki, şəkil xatirələr var,
Solğun kağızlardan boylanır ömür.
Cansız şəkillərdən indi nə umum? -
Axı, şəkil sənin yerini vermir...
Ürəyim ulduzsuz göylər kimidir,
Anasız uşaqtək kirimir dərdim.
Getdiyin o yoldan geri qayıtsan,
Ürəyi yolunda şam eyləyərdim.
Yenə də ağladım tənhalığıma,
Nə qapı dilləndi, nə də pəncərə.
Dedim: - Bəlkə elə hıçqırığıma
Mələklər oyana xəbər yetirə.
Ruhum cismimə qovuşsun
Külək, mənə öz dilində bir layla çal,
Həzin olsun anamın laylası kimi.
Ya şirin bir nağıl danış,
Dodaqlarından süzülsün
Nənəmin duası kimi.
O yerlərdən bir səs gətir,
Bir quruca nəfəs gətir.
Bulaqlarım, kəhrizlərim
Nəğmə-nəğmə sinəmə dolsun,
Ruhumun qidası olsun.
Həsrətimə qeyzlən
Saçlarımdan bir əlçim qopar,
Apar o boz yovşanlığa,
Əllərim qanayan kolluğa,
Bəlkə bircə telim kol-kosa ilişib qala,
Bəlkə o böyürtkənli çaylaq
Məni yada sala.
Mavi göylər, bir az əyil dərdləşək,
Bir olaq, birləşək,
Səni də qamarlamaq həvəsilə
Səndən uca gedənlər var,
Çək apar məni, Göy Tanrım, çək apar!
Anam Günəş,
Göndər mənə bir parça atəş,
İçərimin buzu ərisin, axım, gedim,
Dünya dediyimiz pəncərədən
Mən də bir yol baxım, gedim,
Cismim selə-suya dönüb
Torpağa qarışsın,
Ruhum, cismimə qovuşsun.
Yağış yuya
Buludlar dənizin göz yaşlarıdır,
Köhnə ümidlərin üstünə yağır.
Dərdli ürəklərin ağrısı kimi
Kövrələn göylərin gözündən axır.
Yağış ağacları döyür o ki, var,
Mən indi ağlayan göylər kimiyəm.
Yağış da yəqin ki, bir gün səngiyər,
Mən çətin toxdayam, çətin kiriyəm.
Dolanıram, gözdən, könüldən iraq,
Necə ömür sürdüm bir kimsə bilməz.
Yamyaşıl illərim düşübdür uzaq,
Bu yorğun ömrüm bir də göyərməz.
Sevirəm mən sizi, dostum yağışlar,
Bilirəm, yolumuz ayrılığadı.
Yəqin, bir gün mən də çıxıb gedəcəm,
Sənin son mənzilin, yağış, haradı?
Bu həminki ömür, bu da köhnə dərd,
Qorxuram yağışda yenə uyuya.
Sinəmdə yurdlaşan torpaq ağrımı
Üstümdən bəlkə də bu yağış yuya.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!