Rəhmət Babacan (1998) - Özbəkistanda, Xarəzm vilayətinin Şovot bölgəsində anadan olub. Urgənc kollecində təhsil alıb. "Kitab dünyası" qəzetində çalışır və şeirləri Özbəkistanın ədəbi mətbuatında ("Kitab dünyası", "Şərq ulduzu", "Cahan ədəbiyyatı", "Gənclik" və s.) vaxtaşırı olaraq dərc edilir. Gənc ədibin əsərləri türk, Azərbaycan, rus, ingilis, ispan, hind dillərinə çevrilib. Rəhmət eyni zamanda Azərbaycan dilindən özbək dilinə (və tərsinə) tərcümələr edir, hər iki ölkənin ədəbiyyatlarının təbliğinə öz töhfələrini verir.
Ruhum ağrılardan qıvrılır yenə
Ruhum ağrılardan qıvrılır yenə,
Vücudun soyuyub sönməyi vardır.
Bu suçsuz ürəyim sızlayır yenə,
Yenə yarın məndən dönməyi vardır.
Sənə gəlməkdəyəm könlümdə umud,
Gecəni, gündüzü düşünüb yordum:
Ya sözün kölgəli bəyaz bir bulud,
Ya qara gözlərin əzabın yurdu.
Sonra Allah dedim, bax, mən allahsız,
Köksümdə daşlaşdı bir qərar: - İlğım!
Hamı günahkardı, hamı günahsız,
Əzab dalımızca düşüb, yazığıq.
Bilirəm, yanında xətrim əzizdir,
Bu canın o cana enməyi vardır.
Asi ürəyimdə gözlənti izi,
Yenə yarın mənə dönməyi vardır.
O sakit gözlərdə rəqs eləyir eşq
O sakit gözlərdə rəqs eləyir eşq,
Ahımda,
ofumda
ismi naayan.
Hər bir nöqtəsində əks eləyir eşq,
Bir nəğməm vardır ki,
Allaha ayan.
Ruhu zərrə-zərrə yığdım neçə yol,
Gəldim hüzuruna mən könlü nalan.
Ələmi qəlb yaxan,
həsrəti qatil
Bir cəzam vardır ki,
Allaha ayan.
Özümü dikəltdim sənin gözündə,
Gələnlər getdilər gah o yan-bu yan.
Ariflər də görməz köksüm içində
Bir əzam vardır ki,
Allaha ayan.
Mən ki, öz-özümə kəfən biçmədim,
Üstümdə torpaq da etmədi üsyan,
Mən ona keçsəm də, o heç keçmədi
Bir xətam vardır ki,
Allaha ayan.
Mən sənə məktublar yazdım
Mən sənə məktublar yazdım
hər axşam,
sözlər sehrlədi dörd bir yanını.
Ehtimal,
üzünə sürtdün məktubu,
ehtimal, dişlədin bal dodağını.
Bu dəmdə diksinib birləşdi ruhlar,
həsrətlər bərabər qol-qola girdi.
Mən səni aradım
dünyabadünya,
Sən də yol-yol gəldin
mənim yanıma.
Qarşında qəlbini açıb tökər kim
hərfbəhərf, sözbəsöz, məktubbaaməktub?
Bilmirəm,
əzabmı, sevincmi bizə -
eşq hansı məktubu sayacaq məqbul.
Ağlım vücudumda yanar, titrəyər,
bu təsadüf vüsal xəyala dönər.
İndi hər nəfəsdə səslərəm,
canım,
gəlsənə, gəlsənə, gəlsənə mənə.
Dar hücrəm doludur dilsiz kağızla,
İnlədi qələmdən ayrı əllərim.
Özünü şüşəyə çırpdı dünyanın
qanadlı, qanadsız kəbutərləri.
Bağışla!
Nə yazım, dilimdə söz yox,
təəssüf, görmədin qəlbimdəkini.
Hansı asimana, yavrum, sevinclə
Sənsiz gözlərimlə baxım mən indi?
Qələmi sındırdım,
iş oldu tamam.
Bir sirri anlatdım, köhnədir, dinlə:
"Baxışımdan köçər baxışlarına
Könlümdə yazılan ən gözəl namə...".
Mən sənə məktublar yazdım
hər axşam...
Tərcümə etdi: Səlim Babullaoğlu
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!