Poladın arxasınca... - Zahid Xəlil

Yüz general içində

Bir Poladım var idi.

Bu nəmdə, bu biçimdə

Təmiz adım var idi.

Kim vurdu generalı

Ürəyinin başından

Qorxmadımı sel olan

Allahın göz yaşından?!

O, yüz dəfə yayındı.

Düşmənin gülləsindən

Amma qaça bilmədi

Erməni hiyləsindən

Siz nahaq coşdurdunuz

Bu millətin qanını

İndi o göstərəcək

Sizə Nuh tufanını.

Poladın arxasınca

Hələ yüz Polad gəlir.

Koroğlu torpağında

Atlara qanad gəlir.

Həmişə sülh demişəm

Döyüşlə yoxdur aram.

Amma Nərə çəkilsə

Meydanda mən də varam.

Ey igid nəvələrim,

Düzlənin papaq-papaq.

Söz başa düşməyəni

Köz ilə başa salaq.

 

İgidlər xiyabanı

Şəhidlər dəfn olunmur

Adi bir ölən kimi.

Biz onu basdırırıq

Toxum kimi, dən kimi.

 

O daşların altından

Göyərir təzə adlar.

Böyüyür, pərvazlanır.

Mübarizlər, Poladlar.

 

Şəhidlər xiyabanı

Uyuyan bir zəmidi

Hər igid daş altında

Susan bomba kimidi.

 

O bombalar partlasa

Yeri-göyü qoparar.

Sel olsa, qaya nədi

Dağları da aparar.

 

Qulağının dibindən

Keçib namərd gülləsi,

Adam var ki, ölməyib,

Ölüb düşmən hiyləsi.

 

Ataların qəlbində

Şərəfli ad böyüyür,

Anaların bətnində

Körpə Polad böyüyür.

 

Azərbaycan torpağı

Möcüzədi, sehrdi.

Hər doğulan uşağı

Qəhrəmana cevirdi.

 

Millətin and yeridi,

Sən onu yaxşı tanı!

Şəhidlər xiyabanı -

İgidlər xiyabanı!

 

Nəvəm əsgər gedir

Orxan, əsgər gedirsən,

Əsgərliyin mübarək.

Uşaqlığın qurtardı.

İlk ərliyin mübarək.

 

Vətən oğullarıyla

Nəfəs alır, yaşayır.

Hər əsgər qədəmiylə

Ona sevgi daşıyır.

 

Sən elin çağırışına,

Hayına, hay verirsən.

Sən ona təmənnasız

Canını pay verirsən.

 

Tükənməz güc verəcək

Sənə Vətən torpağı.

Başının üzərində

Dalğalanan bayrağı.

 

Unutma bu vətənin

Yazı, qışı sənindi.

Bu müqəddəs torpağın

Hər qarışı sənindi.

 

Qoyma kimsə dağıtsın

Bir quşun yuvasını.

Zəhərləsin yurdumun

Bu təmiz havasını.

 

Sev əsgər dostlarını

Yaxşı bir oğlan kimi.

Düşmən bir güllə atsa,

Sən püskür tufan kimi.

 

Qorxub qaçan əsgərin

Saxlamırlar yasını.

Bu meydanda seçirlər

Oğlanların xasını.

 

Mən də bayram edirəm

Sənin bu gedişini.

Uşaqlığın qurtardı

Yaxşı bil öz işini.

 

Hamını yaxşı tanı

Gülüşündən, səsindən

Qoru dostlarını da,

Düşmənin hiyləsindən.

 

Sağkən anan deyirdi:

Bir vaxt gələr ki, mən də,

Cəbhəyə yollanaram,

Orxan əsgər gedəndə.

 

Addımını sərrast at

Qızışanda, sönəndə.

Bil ki, anan da yatır,

Vətəninlə sinəndə.

 

Şəhidlik son zirvədi,

Bu, ədalət səsidi.

İgid olub, sağ qalmaq

Zirvənin zirvəsidi.

 

Əsgərlik həyatını

Şərəflə yaşa, oğlum!

Qəhrəmanlıq istəyin

Dəyməsin daşa, oğlum!

Külək

Xəzri adlı bir külək var,

Tozla, torpaqla oynayır.

Gedib çıxır ağaclara,

Göydə yarpaqla oynayır.

Bilirsən nə davakardı?

Kimi görsə təpikləyir!

Çinarlardan, qovaqlardan

Aradabir təpik yeyir.

Gecə döyür taxtapuşu

Gumbagurum, gumbagurum:

- Səhər çoxdan açılıbdı,

Nə yatmısız? Durun, durun!

Aradabir ağaclara

Dost olmağı təklif edir.

Hamı bulayır başını

Ona ürəkdən "yox" deyir!

Bu cavabdan qəzəblənir,

Tullanır akrobat kimi.

Gah bağırır pələng olur.

Gah da kişnəyir at kimi.

Uğuldayır, nərə çəkir

Sağ-solunu qamçılayır.

Elə bil yanğınsöndürən

Maşınları yamsılayır.

Səhər tezdən məşq edirdi

Begemotun nəğməsini.

Qəfil bir ildırım caxdı

Batırdı onun səsini

Gizlənməyə yer axtardı

Nərə çəkəndə buludlar.

Nur töküldü göy üzündən

Pöhrələndi körpə otlar.

Muncuq-muncuq damlalarda

Güllər, çiçəklər sayrışdı.

Bu sevginin qabağında

Əridi bütün inadı

Onu vuran da olmadı

Amma sındı qol-qanadı.

 

Ölməyən sevgi

Bir quş var tütək çalır.

Tütəyi qəşəng çalır.

O gəzir bağçamızın

Hər üzünü oxuyur.

Heç kəsi yamsılamır,

Öz sözünü oxuyur.

Balabanla səsləyir

İtirdiyi yarını.

Lənətləyir naməlum

Bir ovçunun torunu.

O quşun hər kəlməsi

Qığılcımı andırır.

Yarına həsrət qalan

Ürəkləri yandırır.

(Bir iş də var, o bilmir

Hər dərddə bir xeyir var.

Hər kədərin içində

Bir nəğmə var, şeir var).

 

Sevgilisi ölməyib,

Çönüb nəğmə olubdu.

Gizlincə quşcuğazın

Ürəyinə dolubdu.

Ona görə nəğməsi

Həmişə təzətərdi.

Bu dünyanı yaşadan

Ölməyən sevgilərdi.

 

Cığır

Sevdiyi insanları

Çiyninə alsın deyə.

Dağlar şəlalələrdən

Cığır çəkib zirvəyə.

 

Şair böcəklər silsiləsindən

Bal arısının nəğməsi

Bir bal arısı vardı.

Çəmənləri gəzərdi.

Şirin-şirin sözləri.

Pətəyinə düzərdi.

Çiçəyin fincanında

Şirin şərbət içərdi.

Şeirinə çiçəkdən

Qafiyələr seçərdi.

Bu sözlər, bu nəğmələr

Çevrilib bal olardı.

Bal kimi balaların

Qablarına dolardı.

Uşaqlar istəsəydi

Onu baltək yeyərdi.

Ya da ki, əzbərləyib

Şeir kimi deyərdi.

Neçə illər keçsə də

Yaddaşlarda qaldı o.

Bal kimi şeirdi o.

Şeir kimi baldı o.

 

Cırcıramanın şeiri

Bu şair, Gırcırama

Cır-cır cırıldayırdı.

"C" səsini dünyada

Ən gözəl səs sayırdı.

Elə tərifləyirdi

O, cırıltı səsini.

Bütün cırıldayanlar

Kəsirdi nəğməsini.

Onu lap çox sevirdi

Cırıldayan ağaclar.

Sabah torpaq olası

Bu gün başdakı taclar.

Cırıltını sevirdi

Çürüyüb gedən nə var.

Cındırından cin ürkən,

Köhnəlmiş kreslolar!

Gördü ki, bir şey çıxmır

Belə cırıldamaqdan.

Axırda "C" səsini

Cırıb atdı varaqdan.

 

Tap görüm hansı səsdi

Qara pişik siçanı

Gizlin-gizlin pusanda,

Sənə də yalvararaq

"Susssss"! - dediyi o anda -

Həmin səsi çıxarır.

O səs sağsağanda var,

Sərçədə, susəpəndə,

Samirdə, Süsəndə var.

Nə parlaq şüşədə var,

Nə yaşıl meşədə var.

Bu qədər dedim bəsdi.

Tap görüm hansı səsdi:

Yaşıl çəməndə yoxdu,

"Sən"də var,"mən"də yoxdu.

 

Sisəklə söhbət

- Adın nədir?

- Si, si

- Atanın adı nədir?

- Si, si, si, si,

- Bəs babanın adı nə?

- Si, si, si, si, si, si.

 

Sərçə ilə söhbət

- Sərçə, necə yaşın var?

- Üç.

Bəs neçə qardaşın var?

- Üç.

- Neçə armud yemisən?

- Üç.

- Necə yalan demisən?

- Üç!

 

Dadlıdııı, dadlıdı...

Bir quş var bizim bağda

Heç vaxt kəsilmir səsi:

"Dadlıdııı, dadlıdı...".

Elə budu nəğməsi.

 

Günəş səpib nurunu.

Aləm toy büsatlıdı.

Süfrə təzə açılır

Bu quş deyir: "Dadlıdı!".

 

Bulud zər səpə-səpə

Çöl-çəməni adlayır.

Arılar şərbət içir.

Bu quş deyir: "Dadlıdı!".

 

Qızıl qazın tükləri.

Qızılıdı, odludu.

Qaz ürəkdən gərnəşir,

Bu quş dedyir: "Dadlıdı!".

 

Sübh çağı göy çəməndə

Ceyran,cüyür otladı

Onlar gül çiçək yedi

Bu quş dedi: "Dadlıdı!".

 

Bir çəyirtkə tullandı

Elə bil ki, atlıdı.

Yedi yaşıl buğdanı,

Bu quş dedi: "Dadlıdı!".

 

Qaratoyuq oxudu.

Toyludu-büsatlıdı.

Bir şirin cəh-cəh vurdu

Bu quş dedi: "Dadlıdı!".

 

Yetişibdi ağ ərik

İndi yəqin, bal dadır.

Dadına baxılmayıb

Bu quş deyir: "Dadlıdı!".

 

Meh əsir, bir kəpənək

Güldən-gülə adlayır.

O, rəqs edir havada

Bu quş deyir: "Dadlıdı!".

 

Acı bir şey görəndə

Özünü də aldadır.

Oxuyur nəğməsini:

- Dadlıdıııır, dadlıdır.

 

Dünyanın şirnisini

Nəğməsinə daşıyır.

Hər şeyə "Dadlı" deyib

Dadlı ömür yaşayır.

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!