YUXU
Oyandım, sübhədək yata bilmədim,
bu gecə taletək qarışıb yuxum.
İşığa danışdım, suya söylədim, -
yenə də canımdan çıxmadı qorxum.
Deyirlər tərsinə yozular yuxu,
bilmirəm yalandı, ya doğru, Allah!
Bu gecə yuxumda rüşvət görmüşəm, -
mənim sabahımı sən qoru, Allah!
QƏBİRLƏ ÇİÇƏK ARASI
Bir məktub ürək yolladım,
qayıdıb bir çiçək gəldi.
Əl atdım gümüş qılınca,
əlimə ağ ləçək gəldi.
Bu dünyada mənim ömrüm,
qılıncla ləçək arası.
Nə gəzirsən, dəli könlüm,
qəbirlə çiçək arası.
Gör nələrə könül verdim,
bu dünyada yalan, gerçək.
Qar altında yalın ayaq,
qar üstündə qanlı çiçək...
QÜRBƏT HÜCRƏSİNDƏ
Dövrə vurur qağayılar
içimdəki təlatüm dənizində.
Sahilə çırpılmış bir balıq kimi
dərd çapalayır
soluxmuş bənizimdə.
Son ümid can verir
ürəyimin tənhalığında -
kimsəsiz qürbət hücrəsində.
Bu gün çəkdiyim hər ahın üstündə
puçur-puçur qanlı şeh damlaları,
qəbrimə sızan göz yaşların kimi
işıldayır Ay işığında...
TÜFƏNG QUNDAĞINA YAZILMIŞ ŞEİR
Könlü qanadlı bir uşaq idim,
fələklərin oynundan çox uzaq idim...
Gözümü açandan, ağlım kəsəndən
Aynalı tüfəng görmüşəm mən.
Aynalı tüfəng vardı
Qarabağdakı evimizdə,
aynalı tüfəng namusdu bizdə.
Əski əlifbayla bir misra yazılmışdı
tüfəngin qundağında.
Bəzən tüfəng elə bil
səsləyib çağırırdı məni,
gün batanda, axşamçağında.
Qırx beş yaşımda
eşidirəm o aynalı tüfəngin
babamın səsinə oxşar səsini.
Qarabağdakı evimizdəki
aynalı tüfəngin qundağındakı yazıdan
öyrəndim nəslimin şəcərəsini...
FƏLƏSTİNLİ XALİDİN HAVASI
Pikassonun "Hernika"sıdır bu gün
müqəddəs Fələstin torpağı.
Suriyada fələstinli Xalid Mevid -
qürbətdə yanıb qaralmış bir zeytun budağı.
Şam şəhərində
Əməvi camisində
əzan səsi yüksəlir,
Xalidin xəyalına
doğulduğu ana yurd, -
məmləkətin göyləri,
bəmbəyaz buludları,
ağacları, göyərçinləri,
insanları, ümidləri,
şəhid ruhları gəlir.
Dua kimi oxuyur Xalid
Mahmud Dərvişin şeirlərini.
İlahi, sən özün qoru
Fələstin şairlərini,
Fələstin göylərini,
Fələstin körpələrini,
Fələstin göyərçinlərini.
İlahi, sən özün hifz elə
Fələstinin günahsız didərginlərini.
Doqquz uşaq atası
fələstinli Xalid
tunc, kədər heykəliydi
minarələrin kölgəsində.
Şeytanın nökərləri
qurğuşun sıxır bu gün
qutsal əzan səsinə
Xalidin ölkəsində.
Qarabağlı qaçqın Məmmədə
yaman oxşayır fələstinli Xalid,
onun da gözlərində bir cüt Xarı bülbül
qan içində ölümə gülümsəyir elə bil...
Şam şəhərində
Əməvi camisində
şəhid İmam Hüseynin mübarək qafası...
Hürküb əzan səsinə sarı
uçan ağ göyərçinlər
təsəlli verir Xalidə.
Amma Fələstində qalıb
Xalidin bir gün oğul toyunda
qol götürüb oynayacaq havası...
XATİRƏ MİNİATÜRÜ
Xatirələrin içində ölür adam...
Bir əl qapayır gözlərini.
O əli tutub saxlamaq istəyirsən,
istəyirsən ki,
açıq qalsın gözlərin öləndən sonra da.
Amma gücün çatmır,
gözlərin qapanır.
Və səni xatirələrə gömürlər,
bilmirlər ki,
sən çoxdan gömüldüyün yerdəsən.
Amma onda gözlərin açıq baxırdın
bütün ayrılıqlara,
bütün gedişlərə,
indi gözlərin qapalı baxacaqsan sonraya...
Sonraya baxmaq varmı qədərdə,
sonra nə var qədərimizdə, -
xatirələr varmı?..
BİR QIŞ MİNİATÜRÜ
Bir qışa bağlanır ömründəki qışların hamısı,
bütün soyuqlar o qışdan gəlir,
bütün qarlar ordan yağır,
bütün şaxtalar ordan düşür ömrünə.
Sən də bir qışı bir ömür yaşayırsan,
sonra bir qışda çıxıb gedirsən.
Bir qışdan,
soyuğunu yoxluğunun
yerində qoyub gedirsən.
XOŞBƏXTLİK
Xoşbəxtlik gələndə
qırıq-qırıq gəlirsə…
Bir gün əllərin sevinirsə,
bir gün gözlərin gülürsə,
bir gün də səsin
xoşbəxt olursa...
Sonra qırıq xoşbəxtliklər
qırıq xəyallar kimi
gözlərinin suyunda
zədələnirsə...
Sən xoşbəxt
olmadığını anlayırsan.
Anlayırsan ki,
xoşbəxtlik gələndə
bütöv gəlməli,
tam gəlməli.
Və üzünün ikisi də xoşbəxt olmalı,
gözünün ikisi də gülməli-
biri güləndə,
biri ağlamamalı.
BİR OVUC
Dodaqlarımda iki-üç şeirlik pıçıltı,
barmaqlarımın arasından süzülən sözlər.
Hərfləri tütün kimi sarıyıram vərəqə...
Xəbərim var ki, ayağımın altında
yer yarpaqlayır,
yarpaqların üstündə kölgəm gedir.
Udqunduğum günlər dolaşır boğazımda...
qəhərdi, bilirəm.
Hər şeir qəhərdi,
hər qəhər bir nəmli baxış.
Üzümü dəyişdirmək istəyirəm
bir ovuc suda...
Bir ovuc suda axır ulduzlar.
Hər şey ulduz kimi ölür,
ulduzlar şeir kimi.
Ölü şeirlər yazıram bir ovuc suda...
bir ovuc adamlar qalıb oxumağa.
Ovcumu yumuram bərk-bərk,
adamları qoymuram getməyə.
GEDİRƏM
Mən çoxdandı yol əhliyəm,
yolumu salıb gedirəm.
Havaların havasında
havamı çalıb gedirəm.
O dağların, oylaqların,
dərələrin, çaylaqların,
gözü durna bulaqların,
gözündə qalıb gedirəm.
Can piyada, könül atlı,
illər uçur yel qanadlı,
bu dünyadan Elçin adlı
yükümü alıb gedirəm.
KİM DÜNYANI
SEVDİSƏ...
Başqa bir yol da yoxdu,
durub çıxıb gedəsən.
Gözünü yaşamaqdan,
çəkib, yığıb gedəsən.
Nə başqa bir yer də var,
başqa saatlarıyla.
Hanı başqa adamlar,
başqa həyatlarıyla.
Başqa bir yer axtardım,
bu yer məni açmadı.
Bu yol mənə yatmadı,
bu yol məndən qaçmadı.
Keçmişdə qalır hamı,
keçmiş necə evdisə.
Ölüm gəlib apardı,
kim dünyanı sevdisə.
SEVGİ
Göyüm göyündən keçmirsə,
külüm külündən keçmirsə,
bütün yollar
sənin yolundan keçmirsə...
keçmirsə, sevgi deyil.
Sevgi söz yarasıdı,
göz yarasıdı.
Sevgi ürəkdə köz yarasıdı,
buludu yandırır,
göyü yandırır.
Ən isti yağışlar sevgili buludlardan yağır,
sevgili göylərdən gəlir.
Hələ getmədiyin yollar var,
getmədiyin yerlər var sevgi adında.
Heç bilmirsən gedib hara çıxır.
Başına sevgi gəlməyən yerdə,
başına dərd gələr,
dərdlərə danışarsan bütün yuxularını.
Göyüm göyündən keçmirsə...
bütün sevgilər ayrılıqdı.
SEVDA ŞEİRİ
Bu sevda dediyin...
bir uçuş uçmaqlıq,
bir baxış baxmaqlıq
və bir şeirlik olur.
Sonra ha uçsan da təyyarələrdə,
bu uçuş o uçuşa bənzəmir.
Bu baxmaq o baxmaq olmur
və yazdığın bütün şeirlər
o sevda şeiri kimi içindən gəlmir.
İçindən gəlməyən gülüşləri
gülürsən dodaqlarında,
içindən gəlməyən
bir yaşam yaşayırsan.
Görürsən ki, bu ömür sənlik deyil...
sənlik deyil bütün günlərin ertəsi...
Sən orda qalmısan,
bir baxışda,
bir uçuşda,
bir şeirdə.
Və bir günün ertəsi...
gözlərinin yaddaşından silirsən
bütün xatirələri.
Sonra iki damla yaş yandırır dodaqlarını...
İki damla yaşda ya gözlərinin dadı,
ya sevdanın.
Bu sevda dediyin...
ayrılıq adında,
bu uçuş dediyin ayrılıq adında
və bu şeir də ayrılıq.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!