Cənubi Azərbaycan şairi Cağla Nurvəşin şeirləri İntiqam Yaşarın təqdimatında

Çağla Nurvəş

Çağla təxəllüsü ilə tanınan şair Əli Nurvəş 2002-ci il iyunun 17-də Təbriz şəhərində  dünyaya göz açıb.

O, kiçik yaşlarından  şeir və musiqiyə maraq göstərib. 14 yaşından şeir yazmağa və 16 yaşından qopuz musiqisini ustad Çingiz Mehdipurun qardaşı Fərrux Mehdipurun yanında öyrənməyə başlayıb.

Hazırda filologiya ixtisası üzrə təhsil alır. Şairlikdən əlavə, Təbriz şəhərində bir çevirmən kimi də tanınır. O, Musa Yaqubun, Əjdər Olun, professor Sədnik Paşa Pirsultanlının, Qurban Səidin ("Altunsaç" kitabı) və 16 ədəd uşaq kitabını nəşrə hazırlayıb.

Onun "Dəlilərin sevgisi" adlı romanı da Azərbaycanda və Şimali Makedoniyada Zeynep Hüseyin tərəfindən tərcümə olunmaqdadır. Roman tezliklə iki ölkədə çap olunacaq.

Gənc şairin bir neçə şeirini "Ədəbiyyat qəzeti"nin oxucularına təqdim edirik.

***

"T" hərfi,

Terroristlərin müharibə vaxtı

            qurtarmış güllələri,

                        Amma qürurundan

                                    qayıtmır geri.

"A" hərfi,

Ateistlərin üstünə küffarlıq

                         adını qoyan müsəlmanlar.

Dünyanın hər yerində,

                        Qurur kifircə divanlar...

 

"M" hərfi,

Mart ayının 29-da,

Nazim Hikmətin

Dustaqlıqda aclığa başlaması.

Robert Falkon Skottun

                        ailəsinin yası.

 

"A" hərfi,

Yenə "A" hərfi,

Bu hərf, Allahın müştərəksizliyini

                        yadıma salır.

Tanrı  müqəddəs kitablarda,

                        Elə bil min hava çalır...

 

"Y" hərfi,

Kaş adının axırında,

                        Bu hərf olmayaydı.

Mənim də güllərim,

                    Susuzluğundan solmayaydı...

Axı bilmirəm ki,

Buna YAR deyim,

                        Ya ki,

Ahı-zar deyim.

 

"TAMAY" deyib,

            Yenə də hər nəyi unuduram.

Eh...

Kaş bir də görüşəydik.

"Tarqova"nın küçələrində.

Kaş bir də görüşəydik,

Təbrizin,

            Folklor dolu,

Musiqili gecələrində...

Sevgilim

Sevgilim,

Məni aramaq istəyirsənsə

Xiyabanlarda

Yetim uşağın əllərində

qırmızı gülün üstündə

yatan tozam.

Bilmirəm yaşamı

mən necə,

hara yozam?

 

Sevgilim,

Mən illərdir kitabxanalarda

Kitabların

Yuxuya keçmiş sətirləriyəm.

Gecə-gündüz

Çalışan fəhlələrin

alnındakı təriyəm.

 

Sevgilim,

Mən,

Mən çox yaxındayam

Məni uzaqlarda axtarma!..

***

Bu şairlər

millətin ətini yeyib, sümüyünə dayanıblar.

İlahi, belə də yalan olarmı?

 

Keçmişlərdə şairləri dabanından soyurdular,

indi isə

şairlər cəlladı dabanından soyurlar.

 

Ataların yaxşı bir aforizmcə sözü var:

"döyən qalır qıraqda, döyülən tutulur".

İlahi,

səndən bir diləyim var,

bu dünyaya şair göndərmə...

Uzaqdan bir səs gəlir,

Çox uzaqdan.

Bilmirəm yerin altından gəlir,

Ya ki,

Göyün qatlarından gəlir,

Ancaq bu səs

Yaman göyə yüksəlir.

 

O səs yaman incə səsdir

Ağlımı alıb məndən

O səs çatır qulağıma,

Dincəlirəm

Həzinliyindən onun.

Uzaqdan bir səs gəlir,

O səs mənə yaxınlaşır

O səs deyir:

Bu dünyaya,

Yenə də bir

yalançı şair gəlir.

Kül bu insanlığın axmaq başına.

Təqdim etdi: İntiqam Yaşar

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!