Masaya dağılmış qırmızı şərab
Mehriban Ələkbərzadəyə
O gecə metroda
"Ədəbiyyat qəzeti"nin əlimə çıxan
siyah mizinə baxıb
kömür mədəninin fəhlə arzusunu xatırladım;
"Ən böyük arzum Günəşi görməkdir"...
Kimsə xatırlamaz dünən əsəsən küləyi
pəncərəni qucub azad edən küləyi.
Məndə ki, məndəki odla suyun əməyi.
Əsrlərdi torpaq susur, hava susur,
külək də ki elə pəncərəni qucur.
Məndə ki, məndə ki quyuya daş
atan həmin dəli...
Renesans dövrünün uşaqlarına kimsə demədi ki,
əslində, azadlıq relsdən çıxmış bir qatar
və ya insan bətninə
gözüyumulu sərinləmək üçün baş vuran güllədi.
Yəni azadlıq
nə kitabda, nə həyatda
heç vaxt ayrılıq mənasını verməyib
ya da vermədi.
Axı ayrılıq insanların uydurduğu tərzi hərəkətdir...
Belə, əziz ev sahibi,
ilmədən qaçan həyatın ağrısı
masaya dağılmış qırmızı şəraba bənzəyir.
Hər kəs sahil kimi çəkiləndən sonra
bir küncdən sənə gülümsəyir...
Və döşəmən ilk dəfə azadlıq görür.
Unutmamış döşəmə üçün üzr istəyirəm...
Tanrı illəri
Ev ola bilərdilər,
istəsən o evdə atəş də ola bilərdilər.
Lap qayıq olub
baş alıb gedə də bilərdilər...
Amma nə sən istədin,
nə də onlar...
Rica edirəm indi bircə kəlmə,
gülümsə ki,
bu məsum kağızda məni gördüyünü bilim.
Kədərli ağacların kimsəsiz kölgələri
illərdi məndən cavab gözləyir.
Gözləmək...
Axı gözləməyin nə olduğunu
kimsə bilməsə də, sən hamıdan
yaxşı bilirsən, Tanrı!
Bir insan illəri ilə güclə bacarıram
O ki qaldı Tanrı illəri...
Səni anlayıram...
Sadəcə, kimsəsiz kölgələrə söz vermişəm,
söz vermişəm ki, gülümsəyəcəksən
və bütün bəyazlar yenidən yaşıla bürünəcək.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!