Son sevgimsən
İlk sevdiyim deyilsən sən.
Sənə qədər nəyi sevdim, kimi sevdim
bilmirəm mən.
Sənə qədər səndən ötə sevdim bəlkə
ipək donlu gəlinciyi,
bərbəzəkli yelləncəyi.
Bəlkə qışı, qarı sevdim,
Bəlkə də, baharı sevdim.
Sənə qədər onu sevdim, bunu sevdim,
kimisinin gözlərini,
kiminin boyunu sevdim.
Bəlkə sevdim mən hamıdan çirkinini,
bəlkə də, ən gözəlini?
Amma demə sənə qədər
sevməmişəm heç birini.
Demə sənə çatanadək bilməmişəm
sevgi nədir.
Amma ki, mən səni sevdim.
Hər tikəni, hər parçanı
gözlərimə, ürəyimə yığdım elə.
Səni bütöv sevdim elə.
Hər daşını əzizlərəm,
Hər ağrını ovudaram.
Yadlardakı hər qarışın dərd evimdi.
Hər yarana məlhəm olmaq,
yad əllərdən səni almaq and yerimdi.
Adım "Vətən" deyən neçə şəhidin var.
Türkün yurdu şəhid olmaz,
türkün özü şəhid olar.
"Vətən" adlı oğlun ilə,
qızın ilə mən əl-ələ
Təbrizimlə Bakım ilə
gedəcəyəm Qarabağdan Zəngəzura,
İrəvana, Göyçə gölə.
Oxşayacam hər gülünü, yarpağını,
oxşayacam mən hər qarış torpağını.
Bəlkə bir az səndən doyum.
Səni bütöv sevəcəyəm ömrüm boyu.
Sən uğruna öləcəyim,
sən uğruna yaşadığım varlığımsan -
ana Vətən.
Səni bütöv sevirəm mən.
İlk sevgilim deyilsən sən -
Son sevgimsən.
Rafiq Hüseynliyə
O, Şuşada dünyaya gəlmişdi. 20 yaşında Azərbaycan Dövlət Televiziyasında diktor kimi fəaliyyətə başlayan andan xalqın sevgisini qazandı. Qarabağ hadisələrindən sonra neçə illər efirdən uzaq qaldı. Sənət adamı üçün bu ağır idi. Bu ağır illərdə Ona xalqın sevgisi dayaq oldu. İllərlə efirdə görünməsə də xalqın sevgisi azalmadı. Xalq bu sevgiylə öz sevimlisini son mənzilə yola saldı. Mən də həmin gün xalqın öz sənətkarına olan sevgisini duydum. Qarabağ dərdi, Şuşa həsrəti içinə hopmuşdu, ürəyinə dolmuşdu. Cismini qoruya
bilmədi. Yaşaya bilmədi...
4 avqust dünyaya gəldiyi gündü.
Onu sevən hər baxışda, hər səsdə,
hər ürəkdə 74 yaşı olacaq...
Göylər sonsuzdu, sonsuzluqdu.
Sən göyləri qoyub getmədin,
göylərə getdin.
Hərdən günəş olub baxacaqsan,
Hərdən ulduzları sinənə taxacaqsan.
Hərdən yağış kimi yağacaqsan,
hərdən darıxacaqsan mənim kimi.
Mən də kövrək adamam,
ağlaya bilmədim amma
Sənin kimi...
İki gözüm var, hərəsində bir damla.
Gücüm yetincə gözlərimi açdım,
yox, dünyanı görməkçün yox,
damlalar düşməsin deyə,
kimsə görməsin deyə.
Biri geriyə - ürəyimə döndü .
biri gözümdə qaldı sənin kimi.
Ehtiyacım
Baxma gözlərimdən axmayan yaşa -
O yaşı silməyə gücün yetməz ki.
Bir ömür mənimlə, ya mənsiz yaşa
Sənə ehtiyacım heç vaxt bitməz ki.
Əsən küləyi də sevirəm bil ki,
hardasa saçına toxunur deyə.
Yağan yağışı da sevirəm bil ki,
"Sən" adlı bir nəğmə oxuyur deyə.
Ay gerçək xəyalım, ay yosun gözlüm,
Dünyam gözlərinə sığınıb qalıb.
Deyə bilmədiyim nə qədər sözüm
Hələ ürəyimə yığılıb qalıb.
Hər yerdə hər zaman, bil, mənimləsən
Yaxın ol, uzaq ol fərq eləməz ki,
Mənim gözlərimdə yaşayırsan sən,
O sən gözlərimi atıb getməz ki.
Sənsiz ötən illər nəyimə gərək
Sənli bircə anı əvəz etməz ki.
Bir ömür gözlərəm deyəsən məntək
Sənə ehtiyacım heç vaxt bitməz ki...
Yoxluq
Bir küçə ola gəzib darıxasan,
bir ev ola gedib darıxasan,
bir adam ola görüb darıxasan...
yoxluğa darıxmayasan.
Bir küçə ola gəzib darıxmayasan...
bir ev ola gedib darıxmayasan...
bir adam ola görüb darıxmayasan...
Yoxluğa darıxmayasan...
***
Əllərimdə verə bilmədiklərim,
Gözlərimdə deyə bilmədiklərim,
Ürəyimdə çəkə bilmədiklərim...
Döymə pəncərəmi
Yalançı ümid kimi sən
Döymə pəncərəmi, döymə.
Yalançı ümid kimisən,
Dəymə ürəyimə, dəymə.
Tapmadığım o izlərin səbəbkarı olacaqsan
Deyilməyən o sözlərin günahkarı olacaqsan.
Onsuz da nəmdi hər yerim
İslatma gəl məni, yağış.
Mən ürəyimə yığışdım
Sən də öz evinə yığış.
***
Ağrımaq ağrı deyil ki...
ağrı canavar kimidir - didər səni
Yanar deyə, suya deyə bilmədiyindi
Donar deyə, oda demədiyindi.
içinə dolan səsdi,
çəkə bilmədiyin nəfəsdi.
Gülüşün acı dadıdı,
Çarəsizliyin adıdı...
Ağrı baxışın,yerişin sürünmək rəngidi,
görməzsən
ürəkdən yağan yağışın rəngini...
***
Min ildi, milyondu yaşı bilinmir,
özü öz-özündən qədimdi dünya.
Gələnin, gedənin sayı bilinmir,
amma elə bil ki, yetimdi dünya.
Bitib tükənməyən xəyallar kimi
neçə qışı ötüb nə qədər yazı.
amma eyniadlı adamlar kimi
fərqlidi hər yayı, hər bir payızı.
Ya sənin, ya mənim, ya heç kiminsə
görəsən, bəs onda kimindi dünya?
Məmməd Arazın da əgər deyilsə,
demək ki, doğrudan yetimdi dünya
Əgər
Əgər gəlmək istəsən
küləyə qoşulub gəl.
Yazına dön ömrümün
Çiçəyə qoşulub gəl.
Səni axtaran gözə,
Doymadığım o səsə,
Həsrət qaldığım sözə,
Kəlməyə qoşulub gəl.
Əgər gəlmək istəsən,
Bəhanə axtarma sən.
Qəlbindəki arzuya,
İstəyə qoşulub gəl.
Qisas al ayrılıqdan,
Üz çevir tənhalıqdan,
Sevgi ilə çırpınan
Ürəyə qoşulub gəl.
Mənə nağıl danış
Mənə nağıl danış, nağıl, ay ana,
Yatım bu dünyadan bir az xəbərsiz.
Yatım yuxularda nağıllar görüm,
Yatım körpə kimi qəmsiz, kədərsiz.
Mənə nağıl danış, eybi yox, ana,
Düşmənlər, xainlər olur, qoy olsun.
Ağ atlı oğlanlar girib meydana
Təki düşmənlərə qələbə çalsın.
Çəkib qılıncını qorxmaz igidlər,
Yağı düşməniylə üz-üzə gəlsin.
Qorusun yurdunu, sonunda ellər
Qırx gün şadlıq etsin, sevinsin, gülsün.
Mənə nağıl danış, nağıl, nə olar,
gecənin zülməti məni sıxmasın.
O Simurq quşunu çağır, nə olar,
İşıqlı dünyaya məni aparsın.
Divlər gözəlləri assın saçından,
Quyuya salsınlar Məlikməmmədi.
O da gözəlləri qurtarıb dardan,
sonunda tanısın mərdi, namərdi.
Mənə nağıl danış, inanım sənə,
Qorxmayım, ay ana, təpəgözlərdən.
İnanım xeyirin qələbəsinə,
bilim qurtaracaq dünyanı şərdən.
Mənə nağıl danış, ay ana, de ki,
Ötən günlərimiz nağıldı elə.
Sonu yaxşı olur hər bir nağılın
nə qədər qorxulu olsa da belə.
Mənə nağıl danış, nağıl ay ana,
Bənzət dünyamızı nağıllara sən.
Mənə nağıl danış, ay nağıl anam,
Bir az nağıllanım, ağıllanım mən.
Ömür
Heç nə demirəm,
Heç nə demirəm ki...
Daha nəsə deməkçün
saatı sevmədiyim yerdəyəm,
zamanın sevilmədiyi yerdəyəm.
burda zaman uzaqlara aparır -
hər şeydən, hər kəsdən,
hər yerdən qoparır...
uzaqdı buralar.
Burda nə gözlənti, nə ümid var.
Nə də təsəlli tapılar.
Darıxan boşluğun,
boş darıxmağın içindəyəm,
darıxan boşluq kimiyəm
darıxan gecələrdə,
darıxan küçələrdə
nə edəcəyini bilməyən biriyəm.
Hərdən yağışın səsinə ağlayıb,
hərdən güldüm.
hərdən kədəri,
hərdən sevinci dəniz bildim,
ləpələrlə oynadım.
Heç dayanmadım.
Rahat da olmadım...
Xoşbəxt olmağa, xoşbəxt etməyə çabaladım.
bir heç kimi üzümə çırpıldı çabalarım...
Mən bu çabaların altında ölən biriyəm.
darıxmaq və boşluq var hər yerdə,
heç biri yox olmur, ölmür.
Mən, sadəcə, darıxan boşluğun içində
hələ ki diriyəm...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!