İnsan... - Qəşəm İsabəyli - şeirlər

 

İnsan

Bir səhər ayılıb görək ki,

İnsanlar sevinc içindədi, -

Çarəsi tapılıb koronavirusun!

Dərindən nəfəs alaq...

Sonra da başlayaq

Bir-birimizin ətini yeməyə.

 

Gorbagor

Deyirlər: - Niyə təzə paltar almırsan,

Qorxursan kasıb düşəsən?!

Deyirəm: - Təzə paltar harama yaraşır?!

Yengibar bibioğlunun sözü olmasın,

Kürdəmir yemişi kimi qoonumuşam -

Dəyib ötmüşəm,

Bıçaq vur - cırr... eləyim.

Bilmirəm qabaqda nə gözləyir məni,

Bilirəm ey... amma haçandı, onu bilmirəm!

Cındırı çıxana qədər köhnələrimi geyəcəm,

Məndən sonra niyə aparıb versinlər məscidə!

Dəli-qudurmuşun biri də

Götürüb təpə-təpişdirə əyninə,

O yan-bu yanı yerinə oturmayanda,

Dalımca nəmər də göndərə:

- Gorbagor!

 

Yaşa doldum

İşim olmayanda iş haqqında fikirləşirdim,

Sonra işim də oldu.

Evim olmayanda ev haqqında fikirləşirdim,

Sonra evim də oldu.

Cavan idim,

Yadıma düşmürdü cavanlıq.

Yaşa dolandan

Başlamışam ölüm haqqında fikirləşməyə... -

Gözüm qalıb qapıda.

 

"Evdə qal"

Şifanerə çəkildi pal-paltarımız,

Özümüz evin küncünə!

Qalstukumuz, köynəyimiz istirahət eləsin,

Dik duqmaq arzusunda olan şalvarımız

Dədə-babasıyla qələt eləsin!

Rahat olar topuğumuz,

Ayaqqabımızın dincələr dabanı.

Qarajda canı çıxar rezin təkərli arabanın!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!