Şəhidlərimizin ruhuna ithafən... - AY Bəniz Əliyar - şeirlər

Şəhidlərimizin ruhuna ithafən

Tarix yazır xalqım bu gün,

yorulmasın yazan qolu.

Ər yetişdirən torpağın

qələbədən keçər yolu.

 

Bəlkə yüz-yüz şəhid olar,

amma min-min ər doğular.

Qarabağı qurtarmağa

gedər qəhrəman oğullar.

 

Top da atsan oyatmaz ki,

fil qulağında yatanı...

Mübariz, Polad oğlanlar

şərəfləndirər Vətəni.

 

Tarix yazır xalqım bu gün,

tarix haqqa səcdə qılır.

Bu tarix min-min şəhidin

al qanı ilə yazılır.

***

Bir atımlıq barıtmış ədalət anlayışı,

Kim atdı, hara düşdü, görən-bilən olmadı.

Elə dünya yaşdadır haqsızlığın da yaşı,

Heyif... haqlı tərəfdən dünya yaşa dolmadı.

 

Hanı o atalar, o babalar ki

gəlib atlarını yəhərləsinlər.

Arvada-uşağa tapşırıb evi,

qapı kandarından belə desinlər -

Gedirik torpağı azad etməyə!

 

Azadlıq bir ürkək quş idi, uçdu,

uçub qanadlandı çox uzaqlara.

Azadlıq bir ağır daş idi, düşdü,

Saldı düşmənlərin bağrına yara.

Azadlıq ən qanlı davadı, Tanrım,

Azadlıq ən gözəl şəfadı, Tanrım!

 

Atlar yəhərləndi, mahmızlandı, bax,

öndə döyüş yolu, Qarabağ yolu.

Aldı göy üzünü duman ağappaq,

oğullar qızlara dedi: "Sağ olun,

gedirik torpağı azad etməyə!".

 

Azadlıq qandısa, bəs Torpaq nədir?

Baxıram sinəsi qanlı Vətənə,

düşmənin caynağı xirtdəyimdədi,

Qurtula bilməsəm ar olsun mənə,

Ar olsun mənə!

 

Babalar yaraşdı atın tərkinə,

atalar yaraşdı atın tərkinə,

Atlar öz tərkinə aldı oğulu.

Oğul Polad oğul, Mübariz oğul,

Sanarsan, elə at üstdə doğulub.

 

Atlar qanadlandı Şuşaya tərəf,

Düşmənin bağrıdı sonuncu hədəf.

Evdə nə vardısa xurcuna basıb,

Tələsik atların tərkindən asıb,

getdilər torpağı azad etməyə...

 

Səfərbərlikdimi? Sevincək halda

bir yüyrək çapartək səs düşdü elə.

Şəhid anaları... gözləri yolda...

Şəhid balaları... gözləyir hələ...

Nə qədər yazım, bilmirəm,

yazıram, yenə düz gəlmir.

Fikrimdə nə var, yan-yana

düzürəm, yenə düz gəlmir.

 

Piyada deyiləm bəlkə,

atım var, yüyənim yoxdur.

Belə baxıram dünyaya,

bir halal yeyənim yoxdur.

 

Davam edir mübarizəm,

haqq mənlə, hədəf mənlədi.

Nə bu ilkin gediş deyil,

bu nə sonuncu həmlədi.

 

Tor quranım, desən, çoxdur,

tələdir hər yan, tələdir.

Belədir mənim taleyim,

mənim taleyim belədir.

***

İyuldu, od tökür göy üzü yerə,

Karantin milləti bezdirib təmiz.

Yeni qafiyələr gəlib şeirə,

Sosial məsafə... maska... sms...

 

Adamlar bilmir ki, kimə inansın,

TƏBİB bir söz deyir, ÜST bir söz deyir.

Evinin içində çaş qalıb insan,

Bir Allah bilir ki, hansı düz deyir.

 

Deyirlər, payızda yaman gələcək,

İkinci... üçüncü... dördüncü dalğa...

Bizi bu yarıtmaz söz öldürəcək,

Virus da batmazdı yoxsa bu xalqa.

Kürün suyuna da qurublar tələ,

Göylərə çatırmı yerlərin ahı?

Bizə boğulmağı öyrətmə belə,

Bizə yaşamağı öyrət, İlahi.

Analar oğullar doğur...

Yurd qüruru, el harayı - oğullar,

Vətən payı, qürbət payı - oğullar,

Ata, qardaş, əmi, dayı - oğullar,

Analar oğullar doğur...

 

Onu ev-eşikli bəy edir bir gün,

Yığıb kənd-kəsəyi toy edir bir gün,

Saçı süpürgəyə tay edir bir gün,

Analar oğullar doğur...

 

Fərqlilər var yenə, fərdlər var yenə,

Oğullar bir yana, qızlar bir yana.

Qızlar qadın olur, qadınlar ana,

Analar oğul doğur...

 

Vardır qəlb ovçusu, könül oğrusu...

Olsun, nə deyirəm, belə də olsun...

Torpaq cəfakeşi, səngər dolusu,

Analar oğullar doğur...

 

Gözdə işıq, dizdə təpər oğullar,

Dosta dost, düşmənə çəpər oğullar,

Gülləyə, mərmiyə sipər oğullar,

Analar oğullar doğur...

 

Üç alma düşüncə nağıl-pay istə,

Nağıllar pay-püşsüz bitmir ki bizdə...

Yenə güllə altda, yenə at üstə,

Analar oğullar doğur...

***

Başımı qatdım başlara,

ayaqlarımı unutdum.

Bu bədəndə ayaq adlı

dayaqlarımı unutdum.

 

Ayaq ayaqla yollaşır,

başa baş sırımaq olmur.

Bu elə bir oyundu ki,

ayaqsız yerimək olmur.

 

Hələ əllərim də vardı,

indidə var... bir cüt qapaz...

İndi bir başam, bədənsiz,

yuvarlana... yuvarlanmaz...

 

Sanki bu olduğum yerdə

adamlar yeyir ətimi.

Başım indi başlar içrə,

ayağım getmir ki getmir.

 

Yeyin ətimi, adamlar,

Şeirdi ətimin dadı.

Burda baş olub ayaqlar,

burda başlar ayaqdadı.

***

Yeni axına buraxdım,

bu köhnə qayıq ömrümü.

Yarısın yuxuya verdim,

yarıdan ayıq ömrümü.

 

Nəyin toplasam, yenə az,

Məni Tanrı da qınamaz,

Bu dəlik, deşik, yaramaz,

bu oyuq-oyuq ömrümü.

 

Hər günü zəhər yaşadım,

təsəlli, qəhər yaşadım.

Yenə birtəhər yaşadım,

yenə bir sayaq, ömrümü.

 

Ömür elə...

mən də belə...,

Çiynimdə yükəm bir şələ.

Tək qəlbimin odu ilə

isitdim soyuq ömrümü.

***

Gecə bir beşik yırğalar,

içində Ay var, paradır.

Qaradır qara qarğalar,

qarışqalar da qaradır.

 

Köhnə, demə,

bu aralar,

günaha yeni tövbə var.

Qaravul çəkir qarılar,

yenə quyruqlu növbə var.

 

Meydana təzə çıxmışdım,

yanda-yörəmdə yoxdular.

Söz üçün üzə çıxmışdım,

üzümə qara çıxdılar.

 

Qınadınız məni çox, eee,

sınaqdı bütün arzular.

Qınaq da qınından çıxıb,

qonaqdı bütün arzular.

 

Qara-qara at çapanın

tozu da qara çıxarmış.

Yarısını gec tapanın

üzü də qara çıxarmış.

 

Qaradır sevginin gözü,

nifrətin özü qaradır.

Yerinə düşməyən sözün

hər iki üzü qaradır.

***

Üzünə qapanır qapı,

Ürəyimdən bir ah qopur,

Kaş bu dəfə də 3-0

hisslərim qazanmış ola.

 

Səssizliyim ağır çəki,

Söz olsun dilimin kökü.

Sükutumun içindəki

səslərim qazanmış ola.

 

Eşqlər göyərə hər yanda,

Qılınclar paslana qında.

Düşmənlər uduza sonda,

dostlarım qazanmış ola...

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!