Səbrin, Allah səbridir,
səbrinə qurban olum.
"Qisas! Qisas!" - hayqıran
Günahsız şəhidlərin
Qəbrinə qurban olum.
Bu gün çətin günümüz,
Hünər, mətin günümüz.
Daşnak xəyanət edir,
Daşnak cinayət edir.
Qarabağım işğalda,
Dərəm, dağım işğalda.
Kəlbəcərim, Laçınım,
İşğalda.
Od-alovlar saçanım
İşğalda.
Qubadlım, Zəngilanım
İşğalda.
Orda olub-qalanım
İşğalda.
İndi də
Oturduğumuz yerdə,
Lal durduğumuz yerdə,
Başımıza od yağır.
Daşnak bütün dünyaya
Bağırır bağır-bağır,
Nə dayanır, nə susur.
Bütün tarixi boyu
Məkr qusduğu kimi,
Dünyaya yalan qusur,
Həmişə olduğutək
Dedikləri fitnədi,
Dedikləri ucuzdu:
"Aman, dünya, qoymayın,
Azərbaycan dövləti,
Bizim sərhədi pozdu!".
Özüsə, qədim-qayım
Vətənim Tovuzumu,
Vətənim Qorqudumu
Vətənim Oğuzumu
Raketlərdən, toplardan,
Səmada uçan şardan,
Artilleriyalardan,
Dağıtdı, qan eylədi.
Yerləyeksan eylədi.
Bığ yerləri təzətər,
Təzə-təzə tərləyən,
El-obanın gözündə,
İgidləyən, ərləyən,
Neçə-neçə qəhrəman
Tamam getdi, tam getdi.
Dünyadan nakam getdi.
Tarix durduqca çıxmaz
Xalqımızın yadından
Bu qəhrəman ad, soyad:
General mayor
Həşimov Polad!
Onun səngər yoldaşı,
Yenilməz, ər yoldaşı,
Ürəyinə doğma, yar,
İgid polkovnikimiz
Ölməz Mirzəyev İlqar!
Nə qədər xalqımız var,
Bu yaralar sağalmaz!
Nə qədər yaşayırıq,
Xalqımızın gözündə
Düşmənimiz sağ olmaz...
Gecəsi, gündüzü yox,
Daşnak ulduza hürür.
Üstümüzə yüyürür
Qotur, çolaq atında.
Dövlətimiz, varımız,
Gülüstan bağlarımız,
Ayaqları altında.
Azərbaycan adını
Sanki bu gün, bu zaman
Daşımaq haqqımız yox!
Bu gün, sanki bu yurdda
Yaşamaq haqqımız yox!..
Bəs harda qaldı bizim
Çoxəsrlik tariximiz,
Çoxzamanlıq tariximiz?
Qəhrəmanlıq tariximiz?
Bəs harda qaldı görən,
Şah İsmayıl Xətainin
Əlçatmayan xanədanı?
Babəkimin, Cavad Xanın,
Tarix girdablarında
Günəş odlu qızıl qanı,
Zaman-zaman calanmış.
Nədir? Onda
Şan-şöhrətli tariximiz yalanmış!?
Nədir onda
İstiqlalın yollarında
Şəhidlərin qızıl qanı,
Alver, bazar, cəhl, şəhvət yollarına
Elə-belə dağılmış?!
Nədir? Onda
Qəhrəmanlıq tariximiz,
Əfsanəymiş, nağılmış?..
Bəsdir artıq! Şair, bəsdir,
Burda saxla!
Yaramızı çox oydun sən
Küt bıçaqla.
Keçmişimiz, tariximiz
Qətiyyətdir!
Əfsanə yox, bir nağıl yox,
Həqiqətdir!
Həqiqətdir!
Bəsdir artıq,
Qanı axan yaramızın közlərini
Nidalarla, suallarla körüklədin!
Bəsdir! Bəsdir!
Dayaz, axar çaylar kimi
Köpüklədin!
Bir oğul istəyir Vətən,
Yeriyəndə yer tərpənsin,
Ayaqları altında!
Əbədiyyət hökm eyləsin,
Hər anında, hər günündə
Qolundakı saatında!
Bir oğul istəyir Vətən,
Bu torpağın
Hər daşını, çınqılını duya bilsin!
Hər otunu, hər gülünü,
Qanqalını duya bilsin!
Qəzəbi kinin üstünə
qoya bilsin!
İmanı dinin üstünə
qoya bilsin!
Nifrəti hirsin üstünə
qoya bilsin!
Murovu Kirsin üstünə
qoya bilsin!
BİR oğul istəyir Vətən,
Hər bir sözü, hər kəlməsi,
Mənə çatsın, sənə çatsın,
Ona çatsın, buna çatsın!
Mənə yetsin, sənə yetsin,
Ona yetsin, buna yetsin!
Bir oğul istəyir Vətən,
Hər cümləsi belə bitsin:
"Özündə qüvvətin, özündə qüvvən!
Özünə arxalan, özünə güvən!".
Bir oğul istəyir Vətən,
Əyninə vulkanları,
Tufanları geyinsin!
Ən qanlı tarixləri,
Zamanları geyinsin!
Bir oğul istəyir Vətən,
Dişiylə, dırnağıyla
Bəndləri, bərələri,
Kor düyünləri qırsın!
Çox ucadan hayqırsın!
Onun həqiqət səsi
qitə-qitə yayılsın.
Qocalıqdan kar olmuş,
Qulaqları tutulmuş
Qoca dünya ayılsın.
Həqiqətin uğrunda,
Ədalətin uğrunda,
Təpər, qeyrət oyansın.
Bir oğul istəyir Vətən,
Nərəsi, hayqırtısı
Komandan kürsüsündə
Koroğlu nərəsitək
Dağlar, dərələr ötsün.
On milyonluq Azərbaycan,
Yer üzündə əlli milyon.
O tay, bu tay Azərbaycan,
Bir ağızdan xor oxusun:
"Daha sözlər qurtarıb,
Ucuz sözlər qurtarıb!
Baha sözlər qurtarıb.
İndi söz silahındır!
İndi söz Allahındır!".
De, vardırmı belə oğul,
De, vardırmı, Azərbaycan?
Mən bu sualları verdiyim zaman
Bir səs gəldi, qeybdən!
Bir səs gəldi uzaqdan:
"Vardır, vardır, belə oğul!
Öz xalqına həm o, hakim, həm o, qul!
Vardır, vardır belə oğul!..
Bu səs necə doğma idi,
Bu səs necə təmiz idi!
Bu səs necə mehribandı,
Bu səs necə əziz idi!
Bu səs zirvələrdən uca,
Dəryalardan dərindi!
Bu səs Ulu Öndərindi!
Həmişəkitək
Bu səs bütöv, bu səs tamdı!
Davam etdi:
"Vardır, vardır belə oğul,
O, İlhamdı!
İşğalçıya o, qənimdi,
O, qisasdı, intiqamdı!
Mən o kəsə, mən o şəxsə,
Özümdən çox inanıram!
Qarabağı düşünəndə,
Mən İlhamı düşünürəm,
Mən İlhamı anıram.
İlham mənim
Həyatımın davamıdı!
Azərbaycan tarixində başladığım
Büsatımın davamıdı!
Vardır, vardır belə oğul,
Öz xalqına həm o, hakim, həm o, qul!
Vardır, vardır, vardır, vardır!
İnanıram!
Tək bircə o, xilaskardır!
Yalnız İham
Hər addımı atacaqdır.
Qarabağı,
Kəlbəcəri, Qubadlını,
Zəngilanı, Cəbrayılı,
Ancaq İlham, yalnız İlham
Azad, xilas edəcəkdir.
Yalnız İlham torpaqları,
Xilas, azad eyləyəcək!
Qara, qurşun
Buludların altındakı
Dərələri, dağları,
Xilas, azad eyləyəcək!
Hər qarışı, hər addımı,
O, adbaad eyləyəcək.
Xarabazar, viran qalmış
Obaları, elləri
İlham abad eyləyəcək!..
Mən onunla, tək onunla,
İlham ilə ata kimi,
Mən ucaldım, mən yüksəldim.
Mən İlhamı xalqım üçün, yurdum üçün
Öz yerimə qoyub gəldim!
Bu eşq ilə, bu inamla,
Hər an, hər gün mən yanıram.
Mən İlhama inanıram!
Özümdən çox inanıram!
...Bu səs ötən tarixlərin səsi idi,
Bu səs gələn əsrlərin səsi idi!
Ulu öndər dərsi idi...
Bakı, iyul 2020
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!