Millətim - Elnur Uğur ABDİYEV - şeirlər

Millətim

Könlümüzün kəbəsinə,

Zəvvar ol indi, millətim!

Qarabağda daşlanası,

Şeytan min-mindi, millətim!

 

Kəbən orda, qiblən orda,

Səcdə et, səcdəgah yurda.

Qarabağda Vətən darda,

Sübh qan geyindi, millətim!

 

Elnurun qan yaddaşında,

Şəhid baxır başdaşından.

Düşmənlə haqq savaşında,

Zəfər sənindi, millətim!

 

Vətən

Daş-kəsəkli yolu sevdim,

Həzər yolun hamarından.

Mən yaşamağı öyrəndim

Atamın əl qabarından.

 

Körpü oldum ötən keçdi,

Bir məndən neçə mən keçdi.

Şuşa-Şuşa Vətən keçdi,

Könlün Laçın qübarından.

 

Dərvişəm gəzirəm veyil,

Qeyri eşqlər mənlik deyil,

Nuş etdim doğulan gün bil,

Vətən eşqi nübarından.

 

Söz misramda şimşək çaxır,

Zaman tamaşaçı baxır.

Şükür, Rəbbim, Vətən axır

Şeirimin şah damarından.

 

Vur

Şəhid torpaqlar eşqinə,

Vur, əsgər, vur!

Yurdun xilası naminə,

Vur, əsgər, vur!

Haqq güc alsın qoy zərbindən,

Dünya danışsın hərbindən,

Namərd düşməni qəlbindən,

Vur, əsgər, vur!

 

Düşmən sayıq, uyumamış,

Qəlbimizdə nə oymamış?

Bax, bu qanlar soyumamış,

Vur, əsgər, vur!

 

Şəhadət eşqinə

Bu torpağın sən inamı,

Vətənin güvənir sənə.

Torpaqda bir damla qanın,

Can verir təşnə vətənə.

 

Yurd boyu diri məzarlar,

Məmləkəti diri saxlar.

Harda ki şəhid qəbri var,

Ora qibləgahdı mənə.

 

Qürur mənbəyim, and yerim,

Vətənə şəhid şeirim.

Gəl gecəmi qurban verim,

Şəhadətimin eşqinə.

 

Bu gün

Bu gün parça-parçayam,

Bir param Tovuzdadır,

Bir param Neftçalada.

Bir parçam şəhid gəlir,

Bir parçam fəraridir.

Bir parçamda nə dinclik,

Nə də həyat dövr edir.

Sanki iflic olmuşam,

İçimdə qan gölü var.

Bir parçam diri şəhid,

Birində bir ölü var.

Bu gün paramparçayam,

Param Neftçaladadır,

Param məni aldadır.

Bu gün parça-parçayam,

Hər parçamda bir Vətən,

Köndələn parçalanır.

Vətən parçalandıqca,

Neçə mən parçalanır.

Bu gün parça-parçayam.

Parçalanmaq nə imiş,

İndi gözəl bilirəm.

Bu gün hər parçam şəhid,

Məmləkətim kimiyəm.

Haydı

Vətən müqəddəs and yerim,

Daşı ocağım, pirimdi.

Gəlişimə beşik olan,

Vətən, son ümid yerimdi.

Qazaq ölümün səngərin,

Haydı, irəli, əsgərim!

© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir! 

 


© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!