Açın qapıları, küssün açarlar,
Kəsilsin ümidi barmaqlıqların...
Yıxın hasarları,
Kəsə yol tapsın
Gücünü çəlikdən uman qocalar...
Dələlər, sərçələr utanmasınlar
Yuvadan yayılan zümzümələrdən...
Tutuşun əl-ələ,
Qaçın bu küçədən,
Pozun qaydaları,
Yazın sevgini
Bütün şəhərlərin elanlarına...
Sonra da unudun, unudun məni,
Yazın xatirəmi yaddaşsızlığa;
Kirayə ev gəzən tüm şairlərin
İntihar eyləyən misralarına...
Ölməyən ümidlərə may ağısı
Sənə mesaj yazıram,
Yazıb-yazıb silirəm...
Seçdiyim hər hərflə
Yeni cığır açıram,
O cığıra daş düzüb
Tez qaçıb gizlənirəm...
...ağlım yoxdu, bilirəm...
Gün siləndə buludun
Üzündəki tozları
Əllərimi xatırla...
Qarı nənə "söz qoşub"
"Deyikli" ümidindən
Küsdürəndə qızları
Şeirimi xatırla...
Və bir gün...
Bir ləçəkdə
Rast gələrsən qurumuş
Kəpənək qanadına...
Adım düşər yadına...
...Sevirdim səni, ümid,
Ümidin inadına...
Telefonum naxış-naxış
Körpə şəkilləriylə...
Dualarımda qarğış:
"Ümidin ölsün, ümid...
Ölsün öz əllərinlə...".
Heç səni belə sevən,
Belə söyən oldumu?
Adınla gün başlayan,
"Balam"... - deyən oldumu?
...ölümsüzsən, bilirəm...
Heç sonda da ölmürsən...
...Sənə mesaj yazıram...
Yazıb-yazıb silirəm...
Bağışlama, ümidim...
Zaval ver ümidimə...
...ağlım yoxdu, bilirəm...
Bir şam qozasıyam xəzəl üstündə
Gələn də, gedən də xəzələ vurğun...
Üzümü tutmağa işıq gəzirəm,
Yoxdu dərd bilənim, tumar çəkənim,
Başımı döyməkçün çəkmələrinə,
Əzilib öpməkçün ləpirlərindən
Günah tanımayan uşaq gəzirəm...
Bir şam qozasıyam...
Bu şam anammı?
Yoxsa hər küləkdə bir budağıyla
Mənə "şillə" vuran xoflu atammı?
Bəlkə, şam nəslinin ögey oğluyam?
Bu parkda, bu sarı möhtəşəmlikdə
Elə boyum boyda heçlik, yoxluğam?
...bilmirəm...
Bilmirəm nəyiyəm bu parkın, Tanrım...
Bilmirəm, budaqdan niyə atıldım...
...külək vıyıldayır...
Xəzəl dağılır...
Görünür, bir ovuc torpaq gözümə,
Təpirəm torpağa özüm-özümü...
Gedirəm hopmağa bircə qarışa...
Ümidim qoynumda...
Bir də ümidliyəm bu gələn qışa...
Gedirəm, nə vaxtsa bir şam olmağa...
***
Bu gün nə günüdü görən, İlahi?
Daş tökür başıma göyün yenə də...
Mən sənin bəndənəm...
Bəndən...
İlahi,
Pay ver hikmətindən içim yenə də...
Bəlkə o hikmətlə çiynim dayana
Başımı əydiyim dərd çəkisinə...
Mən axı bilirəm,
Səndən o yana
Elə sən özünsən; söz çəkisində...
O yolun başında quru yemişan,
Bu tində bir yaşıl küknar ağlayır...
İlahi...
...bir dəfə üfür, alışsın
Könlümü bu ümid közü dağlayır...
...Bu gün nə günüdü görən, İlahi?!
Bilməmiş olmazsan...
Mənə də söylə...
Mən Yer adamıyam...
Kürəm, İlahi...
Çağıran olmasa,
İşim yox göylə...
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!