Bas bağrına Bayrağı
Bu nə baxışdı, Allah,
Bu nə duruşdu, Allah,
Hara baxır bu ata?
Keçmişəmi boylanır?
Yoxsa ki, xəyalında,
Ürəyində tutduğu
Bir evə elçi gedir?
Nəvəsinin əlindən
Tutub məktəbə gedir...
Hara baxırsan, ata?
Hara baxırsan, belə?
Sıx sinənə oğlunun
Öpüb alın basdığı
Qan tökülmüş,
qan hopmuş,
Büründüyü bayrağı.
Bayraq qan rəngindədi.
Torpaq qan rəngindədi.
Nə şəhidin arzusu,
Nə qanlar yerdə qalar!
Sən elə baxma, ata!
Şəhidim sənə baxır
Dayandığı zirvədən.
Vaxtsız gələn payız
Nə yaman tez gəldi ömrə bu payız.
Rəngim saralacaq, qızaracaqmı,
payız yarpaqlarıtək?
Mən hansı ağacam, hansı budağam?
Bu necə meyvədi?
Həm göy, həm sarı?
Yaşım da bilinmir,
Mən calağammı?
Yağışlar yağacaq budaq gözümdən,
Günlər töküləcək yarpaqlar kimi.
Gah bulud, gah duman alır dövrəmi,
vaxtsız itiririk yaxın çevrəni.
Mən bir az gözləsəm gözüm görəsi,
əlimi uzatsan əlim çatası,
səslərə səs verən səsim çatası
hələ yaşanmamış bir ömür qalır.
Məni yaşadası bir ömür qalır.
Qaytar duruşumu yerinə, qaytar,
itən baxışımı yerinə qaytar,
qaytar olanları yerinə qaytar,
İlahi, illəri yerinə qaytar.
Mən bahar ömrümdən özüm yığışıb
təzədən payıza qayıdacağam.
Ömrün baharı, qışı
Sevdik, bu dünyanın nazını sevdik,
çoxuna gözləyib, azını sevdik,
payıza dözmədik, yazını sevdik,
Bu ömrün qışını kim sevəcək, kim?!
Hələ sevgilərin quraçağı var,
hələ istəklərin alaçağı var.
Bu yerdən, bu göydən, doğmadan, yaddan
hələ könüllərin umacağı var.
Gecələr qurtarmır, gündüzüm gəlmir,
hənirtim səs salır, nəfəsim gəlmir.
Çönüb boylanıram dünənlərimə,
çox şeyə əvvəlki həvəsim gəlmir.
Daha əllərim də üzülüb düşür,
uçur xəzan kimi hər əsən mehlə.
Baharın gül üzü, o təzə qönçə
hər gün səhər-səhər bəzənir şehlə.
Sevdik, bu dünyanın nazını sevdik,
çoxunu gözləyib, azını sevdik,
payıza dözmədik, yazını sevdik,
Bu ömrün qışını kim sevəcək, kim?!
***
Hər dərənin qulağı,
hər təpənin gözü var.
Hər ağacın, yarpağın
deməyə bir sözü var.
Üzünü döndər bəri,
görüm halın necədi?
Baxışını oxuyum,
deyim bu nə gecədi.
Dənizin pıçıltısı
həzin nəğmə oxuyur.
Sənlə olduğum yerlər
yenə sevgi qoxuyur.
Xəsis dünya
Aramıza girdi yuxu
bir gecəlik ölüm kimi,
baxışım axtarır səni
qaranlıqda əlim kimi.
Ümid göylərdən asılı,
sevinclər üzdən sürüşür,
gözlər gözlərdən çəkilir,
dodaq-dodaqdan küsüşür.
Bu dünya belə dünyadı,
istəmir doyunca güləsən,
əlindəkin tutub alır,
qoymur adamtək öləsən.
***
Dünyamı çöndü görən,
Yermi yerin dəyişdi?
Hər yer bomboş, qapqara,
Bilən varmı nə işdi?
Yollar yolluqdan çıxıb,
Qapımı bir döyən yox.
Hamı köçüb gedibmi,
Yerimimi bilən yox?!
Nə günəş var, nə də Ay.
Nə də bir insan səsi.
Bəlkə mənəm yox olan?
Bu nə sükut, İlahi?
Sükut məqamı
Bu günlərə bir inam,
sabaha güman yoxsa,
məni qorxudan günlər
dünənkindən lap çoxsa,
arzuların, xəyalın
tam sükut məqamıdı.
Demək dayanıb həyat,
Demək yoxam bu saat.
Vağzallar... ayrılıqlar
Vağzal...
Uzun fit səsi.
Yola düşür qatar.
Kiminin gözündə qal,
kimində məni apar.
Bəlkə bu dodaqların
sonuncu öpüşüdü.
Bəlkə bu qucaqların
sonuncu görüşüdü.
Bəlkə bu əl o üzün
sığalın görməyəcək.
Bəlkə də bu baxışlar
gözlərdə sönməyəcək.
Bəlkə ömür qatarı
bu vağzala
bir daha dönməyəcək.
Bu hansı ayrılıqdı?
Bizi geri alarmı
götürüb gedən qatar?
Yoxsa bizi sonradan
hansısa tale tapar?
Vağzallar görüş yeri,
vağzallar... ayrılıqlar.
Yellənən bayraq əllər
sonda göylərdən itər.
Kimdə dodağa enər,
kimdə sallanıb gedər.
Ötür ömür qatarı...
Nə qədər həsrət, ümid
uzanıb yollara.
Gecə xatirəsi
Qoşa qol arasında
ötür ömür qatarı...
Gecələr yuxularda
üstümü örtəcəksən.
Boş yastığa dəyən əl
diksinib ayılacaq.
Xatirələr təzədən
yuxudan oyanacaq.
Saata baxacaqsan,
telefonu yoxlayacaqsan...
Ömrün günlərində
neçə xatirə yatar.
Yaddaşlarda olanlar
günlərə min rəng qatar.
Bu gecə mən özümlə
səni də aparıram:
paltarımda əl izin,
xatirəmdə olanlar.
Köksümdə döyünürsən,
baxıb hey öyünürsən,
yuxulu gözlərimdə.
Gecənin sükutunda
sənin xoş təbəssümün.
Dəniz gözlü sarışın qız
Göy üzünün buludu tən,
gecələrin ulduzu sən,
pəncərədən keşik çəkən,
dəniz gözlü sarışın qız.
Yolda ağac sıra-sıra,
boynun əyər ora-bura,
baxış səni çəkər dara,
dəniz gözlü sarışın qız.
Hara gedir, hara bu yol?
Əllərinin çiçəyi bol,
sən gecəmə gəl qonaq ol,
dəniz gözlü sarışın qız.
Əsir qalan əzayla sahibinin söhbəti
Necə getdin yolları,
izinə iz qoymadan?
Sızlayan ayrılığın
közünə köz qoymadan?
O qədər adam içində
səni yoxlayan olmadı?
Demədilər nəyin çatmır,
Baxıb saxlayan olmadı?
Hanı sənin ayağın,
Hanı qolun, qanadın?
Sözünü deyən varmı
əlsiz, qolsuz adamın?
Hər an səni ağrıdan,
səndən qalan kəsir var.
Param-parça canından
burda qalan əsir var.
Gəlirmi tək ayağın,
tək əllərin sədası?
Ürəyin ağrıyanda
varmı yad əl əsası?
Baxa bilmirəm yarama,
gedə bilmirəm parama,
bu gün məni arama
özümdə deyiləm, Allah.
Məndən aralanıb gedib,
köksü yaralanıb gedib,
dərdim paralanıb gedib,
sözümdə deyiləm, Allah.
Çəkməyə dərdmi azdı?
Canı da bölüşürük.
Olanlar getdi bizdən,
yoxluqla döyüşürük.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!