Qalx, ey könül, bəlkə yetdik
Səhərlərin səfasına.
Dəyərlərsiz çətin dözək
Bu dövranın cəfasına...
Ulu ola, dədə, bu yol,
bütovlüyə gedə bu yol.
Ər oğullar açarmı qol,
Oynarmı yad havasına?..
Ötən bu çağlar... mənimdi,
O qarşı dağlar mənimdi.
Tapdanan haqlar mənimdi,
Qalxdımı haqq davasına?..
Dərd yatarmı, qəm yatarmı,
Bəxti-günü kəm yatarmı?..
Yurdda qalıb, əl çatarmı? -
Anaların laylasına...
***
Biləm haralarda tapdandı, itdi...
Biləm ki, tapacam itən varımı...
Biləm hansı olay, oyanış üçün
Mən qurban vermişəm yuxularımı...
Oyanım deyirdim dan yeri ilə...
Nələr düşünürdüm gənclik çağımda.
Bəs nədən sonralar nisgilə döndü
Mənim dan yerinə boylanmağım da...
Nə sayaq itirdim yuxularımı
yatmaq da bir ömrə bəhər gətirməz...
Əzilmiş yuxular, əzgin yuxular
mənə dan yerindən xəbər gətirməz...
Gecələr yuxumu ayaqlar, keçər...
nədənsə bu həyat mənə yad gələr.
Dəyişər gözümdə doğmalar, yadlar,
Yeni ünvan gələr, yeni ad gələr...
Ömür-gün olarmı bir çimir yuxu...
Gördüyüm dan yeri yuxuymuş bəlkə?
Bu həyat tapdanmış, əzilmiş yuxu
Heç məndə oyanış yoxuymuş bəlkə?
Gömülər həyatın dibinə yenə
Yuxulu ömürlər, qəflət ömürlər...
Dan üzü açılan qızıl güllərin
O dan qoxusuna həsrət ömürlər...
Biləm haralarda tapdandı, itdi...
Biləm ki, tapacam itən varımı...
Biləm hansı olay, oyanış üçün
Mən qurban vermişəm yuxularımı...
***
Səndin, sevən könülə,
Din dedin, dinə gəldim.
Dözdüm, açdım dərdlərə
Bir geniş sinə gəldim.
Səndən ayrı deyildim,
Mən səndən sənə gəldim.
Bura sən vardın deyə
Qayıtdım yenə gəldim...
Gecəylə söhbətim
Tutmaz yenə də.
Qayğılar uyumaz,
Yatmaz yenə də...
Liləyim, istəyim
Əbəsmiş, əbəs -
gecənin fikrinə,
Eyninə gəlməz.
Getməyə ünvan yox...
Ayrılıb getmək?..
Özündən ayrılıb
Getməyə dəyməz...
Bir qış axşamında
Bir qış axşamında sən bizə gəldin,
Ulduzlar apaydın, elə yanırdı...
Bəlkə ilk sevginin həyəcanıydı -
Saçların köksündə dalğalanırdı.
Körpə qulağına gələn pıçıltı -
Laylalı ulduzlar nur ələyirdi.
Yerdə ilk sevginin körpəsi - görüş
Həsrət bələyini təpikləyirdi.
Bəlkə də köksümə hədiyyə kimi
Göylər işığını bağışlayırdı.
Ya zərgər, ya nəqqaş - bir ilahi əl -
Könlümü gizlicə naxışlayırdı.
Döyülən, döyünən sinəm, varlığım...
İşıq bürüyürdü nə sirdi məni.
Qapımı açırdım bir aydınlığa,
Kimsə göy üzünə çəkirdi məni.
Şaxta paklamışdı yolu, cığırı,
Hər tərəf tərtəmiz - yaraşığında...
Ənginlik var idi göylərin altda,
Bir sirli nur vardı qar işığında...
Adına biçilər
Adına biçilər duyğulu sözlər,
Nədənsə bir adın dilimə gəlməz.
Həsrətim ovunmaz, bir incik uşaq
Saçının kökəsi əlimə gəlməz.
Nurdan pardaxlanar, buluddan küsər,
Güllər var, qəribə oyuna düşüb...
Qayğısız, qüssəsiz günəbaxanlar -
Bir sizin həyətin payına düşüb.
Bir incik baxışın... sınan ümidim
İçərər payızın oduna məni.
Xəzəllər üstümə tökülməz, gülüm,
Salsan bircə yarpaq yadına məni.
Ümid ki soyuqluq sayılmaz billəm,
Niyə küsməliyəm gülün ağından...
Əynimdə köynəyim bir az qırışıq...
Ona paymı düşüb qaş-qabağından?..
Bir yolüstü görüş, ani baxışlar...
Dünyanı nur dolu gördüm, əzizim.
Səpilsin gözümə o zərrə-zərrə,
O ayrı işıqdı, nurdu, əzizim.
Adına biçilər duyğulu sözlər,
Nədənsə bir adın dilimə gəlməz.
Həsrətim ovunmaz, bir incik uşaq -
Saçının kökəsi əlimə gəlməz.
O qış gecəsi
O bir fəsil idi - calaq bir fəsil,
Qoşurdu ömrümü ömrünə sənin.
O qış gecəsində bir bahar vardı,
Gəlmişdi duyğuna bürünə sənin...
Arxayın yatırdı, elə arxayın
Aydınlıq altında yatan qar belə.
Gecənin qrovu saçındaydı, ya...
Saçında gəlmişdi ulduzlar belə.
Hər yanda bir saflıq, adına bənzər,
Keçmişdin paklanmış cığırdan, izdən.
Dəvət gözləyirdi bəlkə də o vaxt -
Aydınlıq baxırdı pəncərəmizdən.
Başımız üstündə bir sirli gecə
gizlicə-gizlicə hökmün yayırdı;
Naxış bağlayırdı suların üzü...
Köksümdə duyğular qaymaqlayırdı.
Saflıqla birləşən işıqlar kimi
Mən də nurlanmışdım sən varsan deyə
Göylər ulduz-ulduz xonça tutmuşdu
O qar saflığına, ya ilk sevgiyə?..
Bəlkə paklanırdı əkin yerləri,
Torpağın köksünə qısılırdı dən.
Hələ də könlümdə nemətlər qalır
O qış gecəsinin bərəkətindən...
O saflıq, o sehr, o tərtəmiz qar...
Dincələn, saflıqdan güc alan torpaq...
Sabah nə bitəcək?.. Bilmirdik sabah
Nələrsə ayaqlar altda qalacaq....
Babaların uyuduğu
ocaqlara yetmək üçün
halal ocaq olmalıyıq,
ola bilsək...
babalara səngər olan, dayaq olan
o dağlara yetmək üçün
biz də bir dağ olmalıyıq,
ola bilsək...
Soluxmaq var, qurumaq var
gileylənə-gileylənə...
Şuşamızda bir ağacı qorumaqçün
bəhrə dolu min bir budaq olmalıyıq,
ola bilsək...
Kəsə desək,
Bu tarixin,
bu həyatın qarşısında
biz üzüağ olmalıyıq,
ola bilsək...
Sən məni qaytardın qədimliyimə
Deyimmi səninlə tanıdım kimi -
Tanrılı dağlardan gələnlərimi...
Gördüm uzaqlardan gələnlərimi,
Sən məni qaytardın qədimliyimə.
Nurmu - nur istəyən gözümə döndüm,
Əhdimə tapındım, sözümə döndüm.
Bir tarix yaşadım, özümə döndüm,
Sən məni qaytardın qədimliyimə.
Ömrü yad karvana qoşardım bəlkə,
Bir qərib məkanda yaşardım bəlkə,
Bəzi yenilərdən çaşardım bəlkə,
Sən məni qaytardın qədimliyimə.
Çətin, bu yolumu dəyişim çətin,
Haqsan, işığısan sən həqiqətin...
Sən məni bir eşqə ürcah eylədin,
Sən məni qaytardın qədimliyimə.
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!
© Müəllif hüquqları qorunur! Mətndən istifadə etdikdə istinad mütləqdir!